Top.Mail.Ru
ARAŞDIRMA

Putin və Ərdoğan Baydenə qəzəblidir: Ağ Ev sahibinin hər iki liderlə görüşü anlaşma deyil, “SAVAŞ” vəd edir

Rusiya və Türkiyənin ABŞ-dan konkret tələbləri var, Ağ Evinsə onları yerinə yetirəcəyi qətiyyən inandırıcı görünmür; Bu baxımdan, Bayden-Putin və Bayden-Ərdoğan görüşlərindən son anda müxtəlif bəhanələrlə imtina olunacağı ehtimal edilir.

Dünya nəhəngləri arasında gərginlik artan xətt üzrə inkişaf edir. Hazırda bu gərginlik açıq qarşıdurma mərhələsinə qədər yüksəlib. Və bu baxımdan, dünya nəhənglərinin yaxın vaxtlarda gərginliyi nisbətən azaltmaq üçün siyasi-diplomatik təmaslara məcbur qala biləcəkləri də qətiyyən istisna deyil.

Əslində, bu proses artıq başlamaq üzrədir. Belə ki, Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti Co Bayden Rusiyalı həmkarı Vladimir Putin ilə birbaşa görüşməkdə maraqlıdır. Bu barədə Rusiya liderinə rəsmən müraciət olunduğu da məlumdur. Və ilkin məlumatlara görə, bu iki superdövlətin liderləri arasında görüş 15-16 iyunda İsveçrədə baş tuta bilər.

Məsələ ondadır ki, həmin dövrdə ABŞ prezidenti Co Baydenin Avropaya səfəri nəzərdə tutulub. O, NATO dövlət başçılarının gələn ay keçiriləcək zirvə toplantısında iştirak edəcək. Üstəlik, həmin sammit çərçivəsində Ağ Ev sahibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Belə anlaşılır ki, ABŞ prezidenti həm Rusiya, həm də Türkiyə ilə dövlətlərarası problemi məhz iyun ayında normal məcraya yönəlmək niyyətindədir. Ancaq indiyə qədər baş verənləri nəzərə aldıqda, bu, Ağ Ev sahibinə o qədər də asan başa gəlməyə də bilər. Və bunun əsas günahı hələlik məhz prezident Co Baydenin payına düşür.

ep700.jpg (71 KB)

Birincisi, Ağ Ev sahibi “genosid avantürası” ilə Türkiyəni ABŞ-dan ciddi şəkildə incik salıb. İndi həm bu narazılığı aradan qaldırmaq, həm də “S-400” böhranını nizamlamaq kifayət qədər çətin məsələyə çevrilib. Hər halda, Türkiyə prezidenti R.T.Ərdoğan dövlətlərarası gərginliyi aradan qaldırmaq üçün Ağ Ev sahibindən geriyə doğru atılacaq iri bir addım gözləyir. Əks halda, rəsmi Ankaranın ABŞ-Türkiyə strateji müttəfiqliyinə etimad göstərməsi inandırıcı deyil.

Təxminən oxşar situasiya ABŞ-Rusiya münasibətləri ilə bağlı da keçərlidir. Hər halda, məhz ABŞ prezidenti Co Bayden Rusiya lideri V.Putini açıq mətnlə “qatil” adlandırıb. Kremlin bu təhqiramiz ifadəni belə asanlıqla unuducağını düşünmək sadəlövhlük olardı.

Digər tərəfdən, cəmisi bir neçə həftə əvvəl ABŞ-Rusiya qarşıdurması silahlı toqquşma təhlükəsinə qədər inkişaf etmişdi. ABŞ həm özünün, həm də Ağ Evin patronajlığı altında olan hərbi resursların hamısını savaş ehtimalını ciddiləşdirəcək səviyyədə hərəkətə gətirmişdi. Ukrayna uğrunda savaşda Rusiyaya qarşı hərbi müdaxilə variantını ön plana çıxartmışdı.

Kremldə Rusiya qoşunlarını Ukrayna sərhədlərinə toplamaqla, hadisələrin savaş ssenarisi üzrə inkişafına hazır olduğunu biruzə vermişdi. MDB məkanını, o cümlədən, Ukrayna coğrafiyasını ABŞ və Qərbə güzəştə getməyəcəyini qabartmışdı. Və bu, ABŞ-Rusiya qarşıdurmasında son dövrlərdə ilk dəfə olaraq, savaş faktorunun həlledici xarakter daşımasına yol açmışdı.

Ancaq son anda hər iki qarşıduran tərəf böyük sürətlə geri çəkilməyə üstünlük verdilər. Bununla da, həm özlərini, həm də bütün dünyanı qlobal savaş təhlükəsindən yayındıra bildilər. Və bu, həm Rusiyanın, həm də NATO dəstəkli ABŞ-ın qlobal savaş ssenarisinə hazır olmadığını göstərir.

erdogan_nin_biden_putin_yorumu_rus_basininda_h70829_11421.jpg (128 KB)

Ona görə də, hazırda hər iki qarşıduran tərəfin müəyyən mənada, pat vəziyyətində olduğunu da düşünmək olar. Həm ABŞ, həm də Rusiya tam irəli hərəkət edə bilmirlər. Eyni zamanda öz “qırmızı cizgilər”indən kənara çıxa biləcək səviyyədə də geri çəkilmirlər.

Belə vəziyyətdəsə, ən optimal çıxış yolu kimi siyasi-diplomatik təmasların önəmi artmış olur. Ancaq bu təmasların da ümidverici nəticələrə yol aça biləcəyi hələlik o qədər də inandırıcı görünmür. Və bu baxımdan, indi əsas savaşın məhz masa ətrafında yaşanacağı qətiyyən istisna deyil.

Məsələ ondadır ki, son dövrlərdə baş verənləri nəzərə aldıqda, ABŞ-Rusiya və ABŞ-Türkiyə danışıqlarında anlaşma ehtimalını əngəlləyə biləcək faktorlar kifayət qədərdir. Hazırda ABŞ-Türkiyə münasibətlərini gərginləşdirən məqamlar yalnız “genosud avantürası” və “S-400” böhranı ilə məhdudlaşmır. Artıq bu problemlərin sırasına “Fələstin böhranı” da əlavə olunub.

Rəsmi Ankara İsraili Fələstinin yaşayış məskənlərinin bombalanmsına görə ittiham edir. Eyni zamanda, bu ittihamları ABŞ-a doğru da istiqamətləndirir. Türkiyə ABŞ-ın İsrailə bu məsələdə dəstək verməsindən ciddi şəkildə narazıdır. Və Ağ Evdən İsrailin qarşısının alınması istiqamətində mövqe tutulmasını tələb edir.

1026710801.jpg (49 KB)

Ancaq Ağ Evin bu tələblərə müsbət cavab verə biləcəyi hazırda o qədər də inandırıcı görünmür. Bu baxımdan, Ağ Ev sahibi Co Baydenlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında hər hansı ciddi anlaşmanın mümkün ola biləcəyinə ümid bəsləmək sadəlövhlük olardı. Böyük ehtimalla qarşıduran tərəflər müzakirə masasından həm həll edilməmiş və həm də hətta sırası genişlənmiş problemlərlə ayrılmalı olacaqlar.

Maraqlıdır ki, təxminən oxşar situasiya ABŞ-Rusiya danışıqlarında da yarana bilər. Böyük ehtimalla Kreml sahibi ilk növbədə ABŞ prezidentindən “qatil” ifadəsinə görə izahat istəyəcək. Bu ittihamın hansısa formada rəsmən təkzib olunmasını, hətta üzr istənməsini tələb edəcək. Ağ Evin təcrübəsindəsə, belə mövzularda təkzib və üzrxahlıq örnəyi mövcud deyil.

Digər tərəfdən, Ukrayna böhranı ətrafında yaşanan hərbi-siyasi qarşıdurma aradan qalxsa da, əlavə ziddiyyət faktorları da yaradıb. Belə ki, ABŞ Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ilə bağlı prosesə start verdiyini bəyan edib. Ağ Ev bu məsələdə rəsmi Kiyevə hər cür dəstəyin təmin ediləcəyini vurğulayıb.

Buna paralel olaraq isə NATO rəhbərliyi Ukraynanı ən yaxın vaxtlarda bu hərbi-siyasi blokun tərkibində görmək istədiyini bəyanlayıb. Eyni zamanda, NATO Ukraynanın tamhüquqlu üzvlüyü reallaşdıqdan dərhal sonra bu ölkənin ərazisində yeni hərbi bazalar yaratmaq niyyətini də gizlətmir. Və bu, hazırda Kremli narahat edə biləcək ən önəmli məsələ də sayıla bilər.

173380_1.jpg (92 KB)

Məsələ ondadır ki, Ukraynada NATO hərbi bazalarının yaradılması ABŞ və Qərbin artıq MDB məkanına daxil olması anlamı daşıyacaq. Düzdür, Rusiyanın qərb sərhədləri ətrafında hazırda NATO bazaları mövcuddur. Ancaq Ukraynada yaradıla biləcək NATO hərbi bazaları Rusiya üçün daha ciddi və birbaşa təhlükə hesab olunur. Belə vəziyyət Rusiyanın böyük və strateji əhəmiyyətli ərazilərini NATO-nun hərbi nəzarəti altına sala bilər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Rusiya prezidenti V.Putinin Ağ Ev sahibindən Ukraynanın NATO-ya üzvlük planından imtina edilməsini istəyə biləcəyi qətiyyən istisna deyil. Halbuki indiki situasiyada ABŞ prezidentinin Kreml sahibini məmnun etmək ehtimalı o qədər də inandırıcı görünmür. Hər halda, ABŞ və Qərb ilk dəfə MDB məkanı içərisinə girmək baxımından bu qədər böyük şans qazana bilib. İndi bundan belə asanlıqla imtina olunacağına inanmaq bir qədər çətindir.

Göründüyü kimi, ehtimal olunan iki önəmli və yüksək səviyyəli görüşün müsbət nəticələr vermə ehtimal bir qədər şübhə doğurur. Ona görə də, həmin görüşlərdən müxtəlif bəhanələrlə son anda imtina edilə biləcəyi də istisna deyil. Və bu, gərginliyin yenidən yüksəlməsinə də səbəb ola bilər.

Ancaq hətta görüş baş tutsa belə, anlaşmadan daha çox mübahisə atmosferi ön plana keçə bilər. Belə anlaşılır ki, Co Bayden-Putin və Co Bayden-Ərdoğan görüşləri keçirilə bilər, ancaq ziddiyyətləri daha da dərinləşdirər. Bu baxımdan, hesab etmək olar ki, V.Putin və R.T.Ərdoğanın Co Baydenə qəzəbli olduğu bir şəraitdə, dünya yaxın vaxtlarda anlaşmaq deyil, məhz savaşmaq məqsədilə keçiriləcək iki yüksək səviyyəli görüşə şahidlik edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button