Top.Mail.Ru
ARAŞDIRMA

Türkiyə dünya nəhənglərinə ÖZ MARAQLARINI QƏBUL ETDİRİR: “Bayraktar TB2”-ni SİYASİ FAKTORA ÇEVİRİR

Rəsmi Ankaranın dünya silah bazarındakı uğurları ABŞ, Rusiya və Çin kimi superdövlətləri aciz duruma salmağa başlayıb; “Bayraktar TB2” yalnız savaş meydanlarında deyil, beynəlxalq siyasət məkanında da Türkiyənin rəqiblərinin mövqelərinə sarsıdıcı zərbələr endirməkdədir…

Dünya dövlətləri arasındakı beynəlxalq münasibətlərdə qarşılıqlı rəqabət faktoru xüsusi önəm daşıyır. Çünki əsas beynəlxalq problemlər məhz bu rəqabət faktorundan qaynaqlanır. Və bunun nəticələri bir çox hallarda rəqabət fakrorunda “müvəqqəti istifadə olunan alət” rolunda çıxış edən dövlətlərə qarşı zərbəyə çevrilir.

Son dövrlərdə isə pandemiyanın nisbətən arxa plana keçirtdiyi beynəlxalq rəqabəti yenidən intensivləşdirməyə başlayıb. İlk baxışdan əsas rəqabətin ABŞ-Rusiya və ABŞ-Çin hərbi-siyasi trayektoriyası üzrə cərəyan etdiyi müşahidə olunsa da, fərqli istiqamətlərin olduğu da qətiyyən diqqətdən yayınmır. Bu baxımdan, beynəlxalq rəqabət məkanında yeni ziddiyyətlərin daha ön plana keçmə ehtimalı istisna deyil.

Xüsusilə də, son vaxtlar Türkiyənin beynəlxalq hədəf halına gəlməkdə olduğu müşahidə olunmağa başlayıb. Rəsmi Ankaranın dünya nəhənglərinin maraqlarına əhəmiyyət vermədən müstəqil xarici siyasət kursuna sadiq qalması istər-istəməz beynəlxalq məkanda qıcıq doğurur. Üstəlik, rəsmi Ankara son illərdə Türkiyənin beynəlxalq hədəflərini böyütməklə və sürətli inkişaf mərhələsinə keçid etməklə, öz rəqiblərini ciddi şəkildə narahat etməyə başlayıb.

turk-dunya-images.jpg (10 KB)

Məsələ ondadır ki, bütün dünyada pndemiya dövlətləri ciddi iqtisadi problemlərlə üzləşdirib. Ancaq Türkiyə iqtisadiyyatı bu ilin əvvəlindən 7 faiz böyüyüb. Və bu, rəsmi Ankaranın əlini gücləndirir.

Digər tərəfdən, Türkiyə iqtisadi inkişafda qabaqladığı dünya nəhənglərinin hərbi sahədə də önünə keçməyi bacarıb. İqtisadi və hərbi inkişaf isə öz növbəsində Türkiyənin dünyada yeni siyasi iradə mərkəzinə çevrilmək imkanlarını artırır. Bu səbəbdən də, hazırda bəzi superdövlətlər öz aralarındakı amansız rəqabətlə yanaşı, Türkiyə faktoru barədə də düşünmək məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, rəsmi Ankara Türkiyənin Hərbi-Sənaye Kompleksini gücləndirməklə, öz beynəlxalq rəqiblərinə əlavə siyasi təzyiq resursları qazanıb. Türkiyə Hərbi-Sənaye Kompleksinin istehsal edib, dünya silah bazarına çıxartdığı bir sıra önəmli məhsullar yalnız NATO ölkələrini deyil, Rusiyanı da ciddi şəkildə narahat edir.

Nüfuzlu Qərb ölkələri, eləcə də ABŞ və Çin Türkiyənin öz milli PUA proqramını yaradaraq, uğurla həyata keçirtməyə nail olmasını narahatlıqla izləyir. Çünki Türkiyə bu uğuru məhz üzləşdiyi müxtəlif hərbi embarqolar şəraitində və kənar yardımlar olmadan qazanıb. İndi bəzi beynəlxalq hərbi güc sahibi olan dövlətlər bunu ən real təhlükə mənbəyi kimi qəbul etməyə başlayıblar.

8cef3a09ad03a898f20d99d3c3eb2f6a.jpg (92 KB)

Türkiyə birbaşa döyüş şəraitində Rusiya kimi nəhəng hərbi gücə öz PUA-ları ilə ciddi təzyiq göstərmək qabiliyyətinə sahib olduğunu artıq sübuta yetirə bilib. “Bayraktar TB2” PUA-ları Liviyada, Suriyada və II Qarabağ savaşında uğurla sınaqdan keçirilib. Üstəlik, bütün bu sınaqlar çərçivəsində məhz Rusiyanın dəstəklədiyi hərbi rəqiblər birmənalı şəkildə məğlubiyyətə uğradılıb. Rusiyanın dünyaca məşhur yeni silahları həmin rəqibləri məğlubiyyətdən xilas edə bilməyib.

Böyük ehtimalla analoji hadisələr yaxın gələcəkdə Ukrayna savaş məkanında da eynilə təkrarlana bilər. Bu isə Kremli qətiyyən məmnun edə bilməz. Çünki Rusiya Ukrayna savaş məkanında Donbass separatçılarını dəstəkləyir. Separatçıların hərbi məğlubiyyəti Ukraynanın Rusiyanın hərbi-siyasi təzyiqlərindən və təhdidlərindən böyük ölçüdə yayınmaq şansı qazanması anlamına gəlir.

Məsələ ondadır ki, hazırda Ukrayna Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” PUA-larının əsas alıcıları sırasında önəmli yer tutur. Eyni zamanda, Ukrayna və Türkiyə arasında “Bayraktar TB2” PUA-larının ortaq istehsalı ilə bağlı da artıq anlaşmanın olduğu bildirilir. Rəsmi Kiyevin Ukrayna ordusunu bu önəmli yeni silah növü ilə yetərli səviyyədə təmin etdikdən sonra, köhnəlmiş Rusiya silahlarına güvənən Donbass separatçılarının müqavimətini qırmaq imkanları qazana biləcəyi şübhə doğurmur.

Təbii ki, bütün bunlar istər-istəməz Rusiya və Türkiyə arasındakı münasibətlərdə müəyyən problemlər yaradır. Üstəlik, “Bayraktar TB2” PUA-ları Rusiyanın dünya silah bazarına çıxartdığı ən müasir hərbi texnika üçün də ən ciddi problemlər yaradır. Türkiyə “Bayraktar TB2” PUA-ları qarşısında savaş rəqabətini uduzan Rusiyanın müasir raket və digər hərbi müdafiə sistemləri dünya silah bazarında ciddi alıcı itkisinə məruz qalır.

7980eccf-2d0d-4587-ad46-616275f65717.png (795 KB)

Bu baxımdan, Kremlin son vaxtlar Türkiyəyə qarşı münasibətində soyuqluğun və narahatlığın daha ön plana çıxması qətiyyən təəccüblü deyil. Hətta bəzi Qərb ekspertləri rəsmi Ankaranın “Bayraktar TB2” PUA-larının dünya bazarında alıcılarını artırmaq səylərini Türkiyə üçün təhlükəli hesab edirlər.

Onların fikrincə, bu məsələdə ABŞ, Rusiya və Çinin maraqları tamamilə üst-üstə düşür. Çünki həmin dövlətlər Türkiyə Hərbi-Sənaye Kompleksinin istehsal etdiyi yeni məhsulların yaratdığı problemlərin – hərbi ixrac sahəsində üzləşdikləri maliyyə itkilərinin qarşısını almaq məqsədilə hətta ortaq hərəkətə də keçə bilərlər.

Ancaq müşahidələrə əsasən demək olar ki, rəsmi Ankara bütün bunlardan qətiyyən narahat deyil. Əksinə, özünü daha rahat hiss etdiyini, atdığı addımların hərbi-siyasi cəhətdən effektivliyinə əmin olduğunu sezdirir. Və silah satışı ilə əhatə etməyə nail olduğu bölgələri nəzərə aldıqda, Türkiyənin böyük uğur qazandığı da artıq inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, hazırda Türkiyə silahlarının siyahısı sürətlə genişlənməkdə davam edir. Hazırda Mərakeş, Tunis, Qətər, Səudiyyə Ərəbistanı da daxil olmaqla, Şimali Afrikanın və ərəb dünyası ölkələrinin az qala yarısı Türkiyə silahlarının ən həvəsli alıcılarıdır.

füze1.jpg (59 KB)

Digər tərəfdən, Türkiyə Avropa məkanında da öz silahlarına etibarlı alıcılar tapmağa nail olub. Ukraynadan sonra Polşa da “Bayraktar TB2” PUA-larının idxalı ilə bağlı Türkiyə ilə danışıqlara başlayıb. Üstəlik, Polşa “Bayraktar TB2” istehsal etmək üçün öz ərazisində ortaq hərbi müəssisənin yaradılmasını da təklif edir.

Bu sıraya Türkiyənin nüfuzlu hərbi sənaye şirkətlərindən olan “Aselsan”ın filialının fəaliyyətini də əlavə etmək olar. Son məlumatlara görə isə “Baykar Makina” zavodunun yaradılması istiqamətində müzakirələr aparılır.

Göründüyü kimi, Türkiyə Hərbi-Sənaye Kompleksi öz yeni silah növlərini dünya bazarına çıxartmaqla, bir sıra nüfuzlu dövlətlərin maraqlarına ağır zərbələr vurmaqda davam edir. Hətta hesab etmək olar ki, Türkiyə silahları ABŞ-a məxsus “F-35” təyyarələrinin, Rusiyaya aid “S-300”, “S-400”, “İsgəndər”, “Elbrus” raket sistenlərinin dünya bazarındakı mövqelərini ciddi şəkildə sarsıdıb.

Onu da qeyd edək ki, Türkiyənin “Bayraktar TB2” PUA-ları artıq sadəcə, silah deyil, həm də hərbi-siyasi faktordur. Rəsmi Ankara bu silahın təsir gücündən Türkiyənin beynəlxalq siyasi maraqlarının təmin edilməsində də geniş şəkildə istifadə etməyə başlayıb. Yəni, “Bayraktar TB2” yalnız savaş meydanlarında deyil, beynəlxalq siyasət məkanında da Türkiyənin rəqiblərinin mövqelərinə sarsıdıcı zərbələr endirməkdədir. Türkiyənin beynəlxalq rəqibləri bu silahın siyasi zərbə gücünü mütləq nəzərə almaq məcburiyyətində qalırlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button