Top.Mail.Ru
ARAŞDIRMA

Bayden Qərb dövlətlərini RUSİYAYA QARŞI BİRLƏŞDİRİR… – “Ərdoğan isə lazımi anı GÖZLƏYİR”

“Qərb-Rusiya gərginliyində Pandora qutusu açılır”

“Trampdan sonrakı dövrdə maraqlar uğrunda imperialist dövlətlər arasında gedən mücadilədə cinahların necə formalaşmasını iyun ayında keçiriləcək sammitlərdə və görüşlərdə qəbul olunacaq qərarlar müəyyənləşdirəcək”.

Bu fikirlər Türkiyənin “Evrensel” nəşrində dərc olunan məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir:

““Qərb cəbhəsi”nin qəbul edəcəyi yeni qərarlar Türkiyə hakimiyyətinin yaxın perspektivdəki gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq. Avropa Birliyinin Brüsseldə keçirilmiş sammitində gələcək dövrlərdə Rusiyaya münasibətdə daha sərt mövqe tutulmasının vacibliyi barədə mesajlar verildi. Ancaq hər hansı konkret addımların atılması NATO sammitindən sonrakı dövrədək təxirə salındı. Ona görə də Belarusdakı hadisələr ön plana çıxarıldı.

Əlbəttə, Afinadan Vilnyusa uçan sərnişin təyyarəsinin Minskə məcburi endirlməsi və sərnişinlər işərisində olan müxalifətçi jurnalistin həbsi heç də adi hadisə deyil. Nümunəsi çox nadir görünən bu cür dövlət piratlığı bir tərəfdən Belarusun mövqeyini zəiflətdi, digər yandan isə Avropa Birliyini birləşdirdi və nəticədə sürətlə bir sıra mühüm qərarlar qəbul olundu.

 

Belə görünür ki, Avropa Birliyi ölkələrinin uzun müddətdir ki, həsrətlə gözlədiyi “birlik ruhu” yaxın zamanlarda Ukrayna-Rusiya münaqişəsi üzərindən saxlanılmağa çalışılacaq.

Avropa Birliyi ilə lazımi səviyyədə yaxınlaşma yaratmayan Donald Trampın ABŞ-da seçkini uduzması və onun yerinə Transatlantik əlaqələrə böyük önəm verdiyini söyləyən Co Baydenin gəlməsi də bu faktın gerçəkləşməsini tələb edir. Çünki ABŞ və Avropa Birliyi arasındakı razılaşdırılmış fəaliyyətlərin təmin olunması Bayden dövrünün prioritetləri sırasına daxildir.

 

ABŞ-ın hərbi və iqtisadi hegemonluğuna təhlükə törədən Rusiya və Çinə qarşı müttəfiqlərin sayının artırılması Co Baydenin xarici siyasətinin əsasını təşkil edəcək. Ona görə də Rusiyanın Şərqi Avropaya təsirini zəiflətmək baxımından Avropa Birliyi və NATO böyük rol oynayırlar. 

Hansı qərarların verilməsi və hansı mövqelərin nümayiş etdirilməsi iyun ayındakı “G7” sammitində (11-13 iyun), NATO sammitində (14 iyun), Bayden-Putin görüşündə (15 iyun) və Avropa Birliyi sammitində (24-25 iyun) müəyyənləşəcək. Başqa sözlə desək, bu görüşlərdə qəbul olunacaq qərarlar Qərb-Rusiya gərginliyindəki Pandora qutusunu aça bilər.

Sirr deyil ki, bütün bu sammitlərdə əsas etibarilə Rusiyaya qarşı atılacaq addımlar haqqında danışılacaq. Həmçinin, yada salaq ki, diplomatik dəhlizlərdə qızğın danışqlar getdiyi bir vaxtda NATO-nun rəhbərliyi altında Qara dənizdə Rusiyaya qarşı “Defender Europe21” təlimləri keçirilir.

 

NATO sammitində ABŞ-ın Rusiyaya yönəlik siyasətinin digər ölkələr tərəfindən təqdir ediləcyi gözlənilir. Bayden bu sammitdə ilk dəfə olaraq dövlət başçısı qismində iştirak edəcək. Bu plana qarşı çıxa biləcək ölkələr arasında yer alan Türkiyənin də hər hansı ciddi etiraz etməyəcəyi indidən söylənilə bilər. Prezident Ərdoğanın son aylarda verdiyi ismarıclar da bunu göstərir.

ABŞ-ın 20 iri şirkətinin yüksək səviyyəli rəhbərlərilə keçirdiyi videokonfransın gedişində Prezident Ərdoğan deyib: ”Prezident Baydenin 1915-ci il hadisələrilə bağlı söylədiyi sözlər Türkiyə-ABŞ münasibətlərinə əlavə yük gətirsə də, mən inanıram ki, bizim NATO sammitindəki görüşümüz yeni dövrün xəbərçisi olacaq”.

 

Rəcəb Tayyib Ərdoğanın bu sözləri Türkiyə liderinin gərginliyi azaltmaq və yenidən Qərb cəbhəsinə birləşmək istədiyini göstərir. Bu, Ankaranın son bir neçə ildir ki, Rusiya ilə yaratdığı sıx əlaqələrə məhdudiyyətlər qoyacağı və yenidən ABŞ və NATO müstəvisinə dönəcəyi anlamına gəlir.

Belə bir vəziyyətdə Rusiya və Türkiyədəki avrasiyaçılar əllərini sakitçə yanlarına salıb dinməz durmayacaqlar. Avrasiyaçılara yaxın olan Sedat Pekerin bəyanatları bu prosesin bir parçası ola bilər. Bunların eyni vaxta rast gəlməsi nə qədər təsadüfdür?…

Türkiyənin Ukraynaya göstərdiyi hərbi dəstəklə bağlı Rusiya rəhbərliyinin etdiyi xəbərdarlığa da bu kontekstdən yanaşmaq olar. Lakin Ərdoğan Polşa prezidenti Dudu qəbul etməklə və onunla PUA-lar alınmasıyla bağlı müqavilə imzalamaqla girdiyi yoldan geri çəkilmək niyyətində olmadığnı göstərdi. Avropa Birliyi və NATO ölkələri arasında Polşa bir sıra səbəblərdən və həmçinin də tarixi keçmişlə əlaqədar Rusiya düşmənçiliyinin önündə gedir.

 

Belə görünür ki, Rusiyaya qarşı “G7” və NATO sammitlərində qəbul olunacaq qərarlar 15 iyunda Cenevrədəki görüşdə Bayden tərəfindən şəxsən Putinə çatdırılacaq. Həmin görüşün yekunlarının siqnalı yaxın zamanlarda Qərb və Rusiya arasındakı gərginliyin hansı dozada olması barədə təsəvvür yaradacaq.

Daha əvvəllər iqtisadi maraqlarına görə Rusiyaya münasibətdə ABŞ -ın apardığı siyasətdən kənar duran Almaniya və Fransa kimi ölkələr indi artıq Baydenlə birlikdə canfəşanlıq edirlər.

Rusiya müxalifətinin önəmil təmsilçilərindən olan Aleksey Navalnının öncə zəhərlənməsi, sonra isə tutularaq məhbəsə salınması Berlinin Rusiyaya yönəlik siyasətini sərtləşdirdi. Bu cür sərtləşmə sentyabr ayında Almaniyada keçiriləcək seçkilərdən sonra da davam edəcək.

Beləliklə, Baydenin prezident kürsüsünə əyləşməsindən sonra imperialist Qərb dövlətləri öz aralarındakı zəifləmiş münasibətləri bərpa etməklə ortaq maraqlar əsasında Transatlantik ittifaqını möhkəmləndirmək niyyətindədirlər.

Daha öncə “Qərblə məsafə saxlayan lider” təsəvvürü yaradan Ərdoğan bu ittifaqın bir parçası olmasını söyləmək üçün lazımi anı gözləyir”. //AzPolitika.info//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button