Top.Mail.Ru
ARAŞDIRMA

“Əlinizə nə keçsə, atın, vurun” – Paşinyandan erməni hərbçilərinə ƏMR

Azərbaycanın Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi davam edir. Proses həddən artıq gərgin keçir, Ermənistanın yaratdığı və bitmək bilməyən süni problemlərlə müşayiət olunur.

Ermənistanın hakimiyyət dairələri və Müdafiə Nazirliyi 30 il işğalda olmuş Azərbaycan ərazilərinin azad olunmasına var qüvvələri ilə mane olur, əngəllər yaradır, qarşıdurmalar və müxtəlif beynəlxalq təşkilatlara müraciətlər vasitəsilə sərhədlərin yekun müəyyənləşdirilməsini maksimum uzatmağa çalışır.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan isə deyəsən, bütün bunları az sayır.

İrəvan mediasının və sosial şəbəkələrdə erməni siyasətçilərin paylaşımlarına görə, N.Paşinyan Ermənistanın Azərbaycanla həmsərhəd Gekarkunik və Sünik bölgələrindəki hərbçilərə absurd “nou-hau” sayıla biləcək əmr verib.

“Əlinizə nə keçirsə, atın, vurun! Əlbayaxa döyüş fəndlərindən istifadə edin!” – əmr bu formadadır.

Ermənistan hərbçiləri də atıcı silahlarla yanaşı, dəmir parçaları, bıçaq, bel və linglərlə “silahlanaraq” sərhəddəki postlarda növbə çəkən Azərbaycan hərbçilərinə və sərhədçilərinə hücum edirlər.

Erməni əsgərlərin dediklərinə görə, onlara belə əmr verilib: “Dedilər ki, azərbaycanlılara hücum edək, dava-dalaş salaq, mümkün qədər çox səs-küy yaradaq”.

Marazm bununla bitmir.

Bəlli olub ki, Ermənistan Baş Qərargahının rəis müavini Arşak Karapetyan ölkədəki 20 döyüş idman növləri federasiyalarının rəhbərləri ilə iclas keçirib.

İclasda o, “yaxşı hazırlıqlı və döyüşkən idmançılar”dan ibarət xüsusi qruplar formalaşdıraraq Azərbaycanla sərhədə yollamağı təklif edib: “Paşinyan odlu silahdan istifadəni məsləhət bilmir. Buna görə dava salmalı, azərbaycanlı əsgərlərə problemlər yaratmaq üçün əlimizdən gələni etməliyik”.

Bu absurd təklifi federasiya rəhbərlərinin təəccüblə dinlədiyini görən general-leytenant Arşak Karapetyan deyib: “Narahat olmayın, həmin idmançılar gündə 5 min dram pul alacaqlar”.

Gündə 5 min dram, yəni 16,3 manat “maaş” alacaq, əslində isə muzdlu olacaq erməni idmançılardan ibarət qrupların artıq formalaşdırılmağa başlandığı iddia edilir.

Əvvəllər N.Paşinyanın tərəfdarları olan, sonradan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın düşərgəsinə keçərək onun baş nazir olmasını arzuladıqlarını deyənlər hazırda sərhədlərin demarkasiyası problemindən istifadə edərək siyasi və ya maliyyə kapitalı əldə etməyə can atırlar.

Sərhəd bölgələrinə “hazırlıqlı idmançılar”ı yollamaq qərarında olduğunu bəyan edən Ermənistan Müdafiə Nazirliyinin bütün cəhdlərinə rəğmən, ermənilər postlardan qaçırlar, mövqeləri qoyub gedirlər.

Orada qalanlarsa sadəcə, qocalardır.

Milli.Az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button