Top.Mail.Ru
ARAŞDIRMA

Ermənistan təklənir: “ABŞ Qarabağdan ermənilərin çıxarılmasını istəyir” iddiası GÜNDƏMƏ GƏTİRİLDİ

Cənubi Qafqazda yeni geopolitik şərtlərin real təsirinin böyük sürətlə artması Ermənistan siyasi dairələrində panik durum yaradıb; Rəsmi İrəvanın bu durumdan çıxması üçün ilk növbədə heç bir dövlətin Ermənistana görə öz maraqlarını qurban verməyəcəyi, Azərbaycanla strateji tərəfdaşlıqdan imtina etməyəcəyi ilə barışması lazım gələcək…  

Ermənistanın xarici siyasət kursu tam şəkildə iflasa uğramış durumdadır. Rəsmi İrəvanın xarici siyasəti əsasən, yalan və mənasız hay-küy üzərində qurulub. Və ona görə də, yeni beynəlxalq çağırışlardan uzaq qalan, geopolitik şərtləri önəmli təsirlərinə hazır olmayan Ermənistanda xarici siyasət sahəsi də nəticəsiz gəaliyyət növünə çevrilib.

Bunun məhz belə olduğu rəsmi İrəvanın ötən ay yürütməyə çalışdığı “hay-küy diplomatiyası”nın boşa çıxması ilə də təsdiqləndi. Ermənistan bütün israrlı siyasi şantaj cəhdlərinə baxmayaraq, öz strateji müttəfiqi Rusiyadan və üzv olduğu KTMT-dan ümduğu dəstəyi ala bilmədi. Bununla da rəsmi İrəvan növbəti dəfə təklənərək, çarəsiz duruma düşdü.

Belə vəziyyətdə Ermənistanın yeganə ümidi ABŞ və Qərbə bağlı idi. Rusiyadan üz çevirə biləcəyinin ilkin mesajlarını versə də, ABŞ və Qərbdən də yalnız bir neçə bəyanat qopara bildi. Hətta baş nazir Nikol Paşinyanın çaşqınlıq içərisində tez-tələsik Fransaya səfər etməsi də vəziyyəti dəyişmədi.

11cf861852ef7f362f71b9aa041ccf55.jpg (101 KB)

Düzdür, baş nazir N.Paşinyan Parisdə Fransanı Ermənistanın əsas strateji müttəfiqi elan etdi. Ancaq rəsmi Paris Cənubi Qafqazın qapısı ağzında qaldığından və bu regionda geopolitik proseslərə təsir mexanizmlərinə sahib olmadığından Ermənistana ümidverici strateji müttəfiq rolunu oynaya bilmədi. Və erməni baş nazir əslində, Fransadan da əliboş dönmək məcburiyyətində qaldı.

İndisə, Ermənistan hətta xarici siyasət sahəsində fəaliyyət imkanlarından da məhrum qalıb. Belə ki, “hay-küy diplomatiyası”nın əsas ideoloqu olan xarici işlər naziri Ara Ayvazyan öz vəzifəsindən istefa verdi. Bütün bu uğursuzluqların məsuliyyətindən yayınmaq üçün “batan gəmi”ni tərk edərək, qaçdı. Ardıncasa, onun bütün müavinləri istefa verdilər. Nəticədə Ermənistan XİN başsız qalmış oldu.

Hazırda Ermənistanın xarici siyasət kursu “pərakəndə fəaliyyət sahəsi”nə çevrilib. Paşinyan hakimiyyəti ABŞ və Qərbə ümid bəslədiyini biruzə versə də, Rusiyanın da ətəyini tam buraxmır. Seçkidə ona rəqib olan siyasi qüvvələr, xüsusilə də, Köcəryan düşərgəsi birmənalı şəkildə Rusiya ilə daha dərin əməkdaşlıq modelini təklif edir.

Keçmiş prezident R.Köçəryan son açıqlamasında Ermənistan ordusunun Rusiyanın dəstəyi ilə bərpasına paralel olaraq, Kremllə strateji müttəfiqliyin yeganə çıxış olduğunu vurğulayır. Deyəsən, seçki ərəfəsində onun bu mövqeyi Paşinyan hakimiyyətinə güvənməyən Kremlin də diqqətini çəkməyə başlayıb. Hər halda, Rusiya prezidenti Vladimir Putin özü şəxsən R.Köçəryan ilə telefon əlaqəsi saxlayıb. Və bu, Ermənistan seçicilərinə Rusiyanın kimin qələbəsindən məmnun ola biləcəyinin dolayısı ilə mesaj verilməsi kimi də anlaşıla bilər.

putik-unnamed (1).jpg (28 KB)

Bütün bunlar onu göstərir ki, Ermənistanın hakimiyyət və müxalifət düşərgəsi strateji müttəfiq seçimində dalana dirənmiş vəziyyətə düşüblər. Hazırda ABŞ və Qərblə Rusiya arasında vurnuxma prosesi yaşanır. Ermənistanda hər iki tərəfə tam etimad olmadığından isə bu barədə qəti və yekun qənaət hələlik mövcud deyil.

Maraqlıdır ki, hazırda Ermənistanın strateji müttəfiqi ilə bağlı daha aydın qənaəti keçmiş prezident Levon Ter-Petrosyan gündəmə gətirib. Onun fikrincə, Ermənistanın Qarabağ məsələsində hər hansı müttəfiqi mövcud deyil. Keçmiş prezident hesab edir ki, Ermənistanın bu məsələ ilə bağlı ABŞ, İran, yaxud hər hansı başqa ölkədən dəstək gözləməsi tamamilə mənasızdır.

Göründüyü kimi, keçmiş prezident Ermənistanın Qarabağ məsələsi ilə bağlı müttəfiqsiz qaldığını açıq mətnlə etiraf edir. Ermənistan xarici siyasətinin isə indiyə qədər Qarabağ məsələsindən başqa heç bir mövzusu mövcud olmayıb. 44 günlük savaşdan sonrasa, Qarabağ məsələsinin özü də ümumiyyətlə mövcud deyil. Yəni, hazırda Ermənistanın xarici siyasəti sahəsi mövzusuz qalıb. Bu baxımdan, Ermənistana xarici siyasət idarəsinin ciddi şəkildə vacib olduğu da artıq şübhə doğurur.

Onu da qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent ABŞ-ın Qarabağ məsələsinə münasibətini ortaya qoyan həlledici bir açıqlama vermişdi. Dövlət katibinin köməkçisi bildirmişdi ki, “Görünür, Rusiya Qarabağ məsələsini həll etmək istəmir”.

absh-ag-ev_(1).jpg (46 KB)

Bu, o deməkdir ki, ABŞ Minsk Qrupunun həmsədri olsa da, Ağ Ev dolayısı ilə Qarabağ məsələsinin həllinin məhz Rusiyadan asılı olduğunu etiraf edir. Ola bilsin ki, burada ABŞ-ın yaxasını kənara çəkərək, baş verənlərə görə bütün məsulyyətin Rusiyanın üzərinə yüklənməsinə cəhd də var.

ABŞ rəsmisi açıqlamasında üstüörtülü şəkildə mövcud vəziyyətdən mümkün çıxış yoluna da işarə etmişdi: “Mən, Azərbaycanın rəsmi dairələrinin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda uzun müddət qalmaq niyyətində olmasından narazılıq edəcəyini gözləyirəm”.

Göründüyü kimi, bu açıqlama dolayısı ilə ABŞ-ın Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmasına daha çox üstünlük verdiyini sezdirir. Halbuki bu, hazırda Ermənistanın maraqlarına qətiyyən cavab verə biləcək mövqe deyil. Çünki rəsmi İrəvan Rusiya sülhməramlı qüvvələrinin missiyasının mümkün qədər uzadılmasında maraqlıdır.

Maraqlıdır ki, bu açıqlama Ermənistan cəmiyyətində ciddi narahatlığa yol açıb. Məsələn, erməni politoloq Stepan Danielyan bu açıqlamanı “ABŞ məsələnin həllini ermənilərin Qarabağdan tamamilə çıxmasında görür” kimi şərh edir.

1575987750_azer-1.jpg (154 KB)

Onun fikrincə, Rusiya sülhməramlı qüvvələri olmadan ermənilərin Xankəndi və ətraf bölgədə yaşaya bilmələri qətiyyən mümkün deyil: “Beləliklə, hər şey aydın və konkret şəkildə söylənilir ki, ABŞ məsələnin həlli yolunu ermənilərin Qarabağdan tamamilə çıxarılması və onun Azərbaycana verilməsində görür. Bundan daha aydın və anlaşıqlı demək yəqin ki, çətin olardı. Bu, ABŞ-ın Qarabağ məsələsindəki siyasətidir. Bu baxımdan, son Qarabağ müharibəsi dövründə ABŞ-ın davranışı anlaşılan olur”.

Belə anlaşılır ki, Ermənistanda yalnız Rusiyaya deyil, elə ABŞ-a da tam güvənmirlər. Halbuki Ağ Evin Kremllə münasibətlərini nəzərə aldıqda, ABŞ rəsmisinin ermənilərə xoş gəlmək xatirinə “Rusiya sülhməramlı qüvvələri bölgədə əbədi qalmalıdır” kimi fikir bildirəcəyini ummaq da məntiqsizlikdir.

Bütün bunlar onu göstərir ki, Ermənistan siyasi dairələri nəhayət, dünyada heç kimə lazım olmadıqlarını anlamalıdırlar. Heç bir dövlət Ermənistana görə öz maraqlarını qurban verməz. Hazırda regonda maraqları olan bütün dövlətlər məhz Azərbaycanla daha sıx əməkdaşlığa məcburdur. Və rəsmi İrəvan bu reallığı dəyişdirməyə qadir deyil.

Deməli, Ermənistan özünə daha etibar müttəfiqlər tapmaq istəyirsə, ilk növbədə işğalçılığa indeksli dövlət prioritetlərini mütləq dəyişməli və regional qonşuları ilə ortaq maraqlar çərçivəsində münasibətlər quraraq, yeni inkişaf perspektivləri axtarmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button