Top.Mail.Ru
ARAŞDIRMA

Ermənistanda “elita soyqırımı” GÖZLƏNİLİR: Paşinyan savaş ELAN ETDİ

Erməni baş nazir öz siyasi rəqiblərini yeni inqilabla hədələyir; Seçkilərdən sonra nüfuzlu keşişlər də daxil olmaqla, Ermənistanın dini, siyasi və iqtisadi elitası ilə haqq-hesab çəkilə bilər…

Ermənistanda siyasi ehtiraslar maksimum səviyyəyə çatıb. Hər halda, növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasına diqqət etdikdə buna əmin olmaq çətin deyil. Və bu, Ermənistanda seçkilərdən sonra əsas siyasi hesablamanın məhz küçə və meydanlarda ola biləcəyini təxmin etməyə imkan verir.

Belə anlaşılır ki, səsvermənin nəticələri seçki qutularından çıxıb, küçələrə sıçraya bilər. Deyəsən, hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr də bu ehtimalı ciddiyə alırlar. Hətta seçkilər ilə yanaşı, küçə toqquşmalarına da elə indidən hazırlaşırlar.

Ermənistan ilk dəfə bu qədər ciddi və təhlükəli daxili hesablaşma ehtimalı ilə üzləşib. Qarşıduran tərəflər təxminən olum-qalım savaşına çıxmış kimi davranırlar. Və bunun müəyyən səbəbləri olmamış deyil.

Birincisi, baş nazir Nikol Paşinyanın sorosçuları Rusiyaya sadiq Qarabağ klanı ilə həlledici siyasi savaşa hazırlaşdıqlarını qətiyyən gizlətmirlər. Əksinə, Qarabağ klanının onilliklər boyu törətdiyi ölkədaxili cinayətlərə görə mühakimə prosesinin mütləq başladılacağını vurğulayırlar. Keçmiş prezident Robert Köçəryanın həyatını həbsxanada bitirəcəyinə eyham vururlar.

74590374_434388570810021_6038111903731941376_n.original.jpg (51 KB)

Təbii ki, bu, həm də özünüqoruma instinktinin təzahürüdür. Hər halda, Paşinyanın sorosçuları da onlardan intiqam alınacağını çox gözəl anlayırlar. Hakimiyyəti itirəcəkləri təqdirdə, Paşinyanın sorosçuları biabırçı məğlubiyyətdən tutmuş, ölkənin siyasi sisteminin dağıdılmasına qədər bir çox problemlərin hüquqi məsuliyyətinə hədəf seçiləcəklərinə artıq indidən əmindirlər.

Üstəlik, Robert Köçəryanın seçki bloku təbliğat mövzularında da sorosçular ilə hesablaşmanın qaçılmaz olacağını qabardır. Baş nazir Nikol Paşinyan və onun tərəfdarları açıq şəkildə Azərbaycanın maraqlarını təmin etməkdə suçlanırlar. Türkiyənin agenti olmaqda ittiham edilirlər.

Ümumiyyətlə, indi Ermənistanda hansı tərəfə baxsalar, məhz Azərbaycanı və Türkiyəni görürlər. Ötən ilin bu dövründə əsas xəyalları Azərbaycanın və Türkiyənin əraziləri hesabına “Böyük Ermənistan” qurmaq idi. İndi həmin xəyallar barədə düşünmək şansları qalmayıb. Çünki indi heç olmasa, əllərində olan Ermənistanı necə qoruya biləcəkləri barədə düşünmək məcburiyyətindədirlər.

Əslində, elə bir plan və proqramları da yoxdur. Çünki hələ də hansı dövlətin himayəsi sayəsində Ermənistanın mövcud ola biləcəyi ətrafında mübahisə etməkdən uzağa gedə bilməyiblər. Təxminən tərksilah edilib, əsir düşmüş toplum durumuna düşüblər.

Ona görə də, bu seçkilərdə qələbə iddiası olan heç bir siyasi qüvvə sosial-iqtisadi inkişaf proqramı ilə çıxış etməklə, özünü əziyyətə salmağa həvəsli görünmür. Bunun iki önəmli səbəbi var. Birincisi, Ermənistanı qoruyub, saxlaya biləcəklərinə tam əmin deyillər. Hər halda, ermənilərin ənənəvi beynəlxalq himayədarlarından bu barədə ümidverici təminat ala bilməyiblər.

1466186656_uucake7tg0q.jpg (74 KB)

İkincisi, Ermənistanın sosial-iqtisadi inkişafının yolu istənilən halda, Azərbaycana çıxır. Yəni, bu, rəsmi İrəvandan daha çox Azərbaycandan asılı məsələdir. Rəsmi Bakı ilə ziddiyyətləri həll edə bilməzlərsə, Ermənistanın heç bir problemi həll olunmaz. Yəni, böhranın bütün növləri ilə baş-başa qalmaqda davam edəcəklər.

Göründüyü kimi, revanşt Qarabağ klanı kənarda himayədar axtarsa da, Ermənistanın gələcək taleyi məhz qonşu Azərbaycanın ovuclarındadir. Ermənistanın heç bir kənar himayədarı Azərbaycanı istəmədiyi halda, ovuclarını açmağa məcbur edə bilməz. Bunun tək bir yolu məhz Azərbaycanın bütün maraqlarını təmin etməkdən keçir.

Bu reallığı revanşt R.Köçəryan da anlayır, ancaq açıq etiraf etməyə cəsarəti çatmır. Hakimiyyətə gələcəyi təqdirdə, indi baş nazir Nikol Paşinyana qarşı ittihamların qaynağı olan addımları özünün də atmalı olacağını da nəzərə almamış deyil. Hər halda, onun vaxtaşırı “Qarabağ məsələsinin hərbi yolla həlli ssenarisi barədə düşünmürük” deməsi də boşuna deyil: “Ölkə belə ssenarilərin reallaşdırılmasına uyğun imkanlardan uzaqdır. Əslində, hazırda belə mövzularda danışılması doğru deyil”.

Bu, o deməkdir ki, Ermənistanda hakimiyyətə kim gəlsə də, heç nə dəyişməyəcək. Daha doğrusu, “erməni xəyalları” daha işə yaramayacaq. Rəsmi Bakı nə deyirsə, Ermənistan onu edəcək. Keçmiş prezident Levon Ter-Petrosyanın da dediyi kimi, hazırda Ermənistandan mövqeyi soruşulmur.

Ona görə də, Qarabağ klanı seçki təbliğatı dövründə baş nazir N.Paşinyanı Zəngəzuru verməkdə, hətta Ermənistanı Bakıdan gələn təlimatlarla idarə etməkdə suçlasa da, bu geopolitik şərtlərin hökmüdür. Və hakimiyyətə gələcəyi təqdirdə, R.Köçəryan da bu hökmlə mütləq qarşılaşacaq.

kollaj-images.jpg (22 KB)

Maraqlıdır ki, hələlik yalnız N.Paşinyan geopolitik şərtlərin hökmünü ciddiyə alır. Çünki hakimiyyətdə olduğu üçün bu hökmün təsir gücünü siyasi rəqiblərindən daha sərt şəkildə hiss edir. Bu baxımdan, onun bütün bu reallıqları qəbul edərək, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ən vacibliyini, hətta qaçılmazlığını vurğulanması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın inkişaf şanslarının Azərbaycan və Türkiyəyə bağlı olduğunu anlayan yeganə siyasətçi təsiri bağışlayır. Ancaq qalib gələcəyi təqdirdə, Ermənistanı inkişaf etdirmək ona o qədər də asan başa gəlməyəcək. Çünki, məğlub olan siyasi rəqiblərindən tutmuş bir çoxları ona mane olmağa çalışacaqlar. Hətta erməni kilsəsi belə, onu hədəfə alaraq, düşmən elan edib.

Bunun qarşılığında isə baş nazir Nikol Paşinyan ölkəyə yeni inqilab vəd edir. Onun fikrincə, erməni xalqına zülm edən elitanın sıradan çıxarılmasına ehtiyac var. O, bu sıraya erməni qriqoryan kilsəsinin rəhbərliyini də aid etdiyini qətiyyən gizlətmir. Seçkidən sonra nüfuzlu keşişlər də daxil olmaqla, ölkənin siyasi-iqtisadi elitası ilə haqq-hesab çəkəcəyinə eyham vurur.

Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyan seçkilərdən sonra başlayacağı ölkədaxili müharibəni artıq indidən elan edib. O, anlayır ki, Ermənistanın elitasını ən qısa zamanda dəyişə bilməzsə, bu, yalnız Ermənistan deyil, onun özü üçün də fəlakətlə nəticələnə bilər. Ona görə də, hakimiyyətini qoruya biləcəyi təqdirdə, N.Paşinyanı böyük risk tələb edən həlledici savaş gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button