Top.Mail.Ru
ARAŞDIRMA

Ukraynanın Donetsk və NATO arzusuna “daş qoyan” KREML və Türkiyənin MÖVQEYİ – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

NATO-nun Brüsseldə keçirilən son zirvə görüşündə Ukraynanın bu təşkilata üzvlüyü növbəti dəfə gündəmə gəldi. Ukrayna prezidenti Vlodimir Zelenski öz tvitter hesabında yazmışdı ki, NATO üzvləri Ukraynanın bu təşkilata üzv olacağını təsdiq edib. Lakin zirvə görüşündən sonra ABŞ prezidenti Co Bayden bəyan etdi ki, Ukrayna NATO-ya daxil olmaq üçün hələ çox işlər görməlidir; Ukrayna hökuməti daxildə korrupsiya ilə mübarizə aparmalıdır və başqa kriteriyalar da var.

Gördüyünüz kimi, Zelenskinin məlum tviti ilə Baydenin açıqlaması bir-birinin əksidir.

NATO-nun Brüsseldəki son zirvə görüşündən əvvəl də prezident Zelenski alyansın rəhbəri Yens Stoltenberqlə görüşündə demişdi ki, ölkəsi təşkilata tam üzvlük istəyir və bunun üçün müəyyən bir plan üzrə işləməyə hazırdır. Əvvəlcə vurğulayım ki, Ukrayna 2008-ci ildən NATO-ya üzvlük üçün müraciət edib.

Belə ki, Zelenskinin Stoltenberqlə son telefon görüşməsindən bu qənaətə gəlmək mümkündür ki, Ukrayna Rusiyanın hərbi və siyasi intervensiyasından qorunmaq üçün NATO-nun çətiri altına girməkdə əzmlidir. Bu, Ukrayna dövlətinin geostrateji seçimidir.

Baxmayaraq ki, Rusiya prezidenti Putin Ukraynanın NATO-ya daxil olmasını ölkəsinin “qırmızı xətti” olduğunu deyir.

Yadınızdadırsa, bir neçə ay əvvəl Rusiya ABŞ-ı xəbərdar etmişdi ki, Ukrayna-Rusiya sərhədinə silah-sursat daşımağı dayandırsın.

Ruslara görə, ABŞ-ın Ukraynanı ağır silahlarla təchiz etməsi ağır nəticələrə gətirib çıxara bilər. Putin deyirdi ki, Xarkov və Dneprdə yerləşdirilə biləcək raketlər 7-10 dəqiqəyə Rusiyanın mərkəzinə çata bilər. Məlumdur ki ,Putinin bu sözləri Ukraynaya deyil, birbaşa ABŞ və NATO-yadır. Çünki, Ukraynanın NATO-ya daxil olması bu təşkilatın hərbi qüvvələrinin Luqansk və Donetskdə rusyönümlü separatçılarla qarşı-qarşıya gəlmək riski deməkdir. Və istənilən halda rəsmi Kreml buna cavabsız qala bilməz.

Donetsk niyə bu qədər əhəmiyyətlidir?

Hesablamalara görə, Donetskdə 100 milyon tondan artıq kömür rezervi var. Bu, Avropada dördüncü mədən regionudur. Donetskin yerləşdiyi ərazinin hər iki tərəfində ağır sənaye kompleksləri var. Ukrayna əhalisinin 10%-i bu regionda yaşayır və ÜDM-nin 20%-i Donetskin payına düşür. Donetsk şəhərinin girişində “Donetsk Ukraynanın ürəyidir” yazılıb. Bu, regionun iqtisadi faydalılığını ifadə edir.

NATO-nun Ukraynanın üzvlüyü ilə bağlı mövqeyi aydındır. Yens Stoltenberqin də dediyi kimi, Rusiyanın ittifaqa daxil olmaq istəyən ölkələrə mane olmağa haqqı yoxdur və hər ölkə öz strateji seçimini etməkdə sərbəstdir. Biz bilirik ki, uzaq perspektivdə olsa da, NATO Ukraynaya “yaşıl işıq” yandırmaqda maraqlıdır. Qərb Ukrayna və Gürcüstanı NATO-ya daxil etməklə, Rusiyanı əhatəyə almağa çalışır. Qərb bu siyasət ilə Rusiyanı böyük ölçüdə mühasirəyə salmaq istəyir. Ən son hədəf isə Qərbin “Montrö müqaviləsi”ni qüvvədən salaraq, Qara dənizə istədiyi qədər öz hərbi gəmilərini yerləşməsi və bura da birdəfəlik qalmasıdır.

Ancaq Ukraynanın NATO-ya üzvlüyü ciddi problemlər də yarada bilər. Əvvala, Ukrayna ordusunun arsenalında olan silah-sursatın böyük hissəsi Rusiya mənşəlidir. Ukraynanın sahib olduğu rus hərbi texnologiyasının NATO-nun əlinə keçməsi və bu silahların alyansın sisteminə uyğun olmaması da ciddi problemdir. Hətta son vaxtlar Türkiyənin Rusiyadan aldığı S44 raket sistemlərinin NATO daxilində necə ciddi problemlər yaratdığını görürük. NATO rus istehsalı hərbi texnologiyanın inteqrasiyasını qeyri-mümkün hesab edir.

Belə olan təqdirdə, Türkiyəyə olduğu kimi Ukraynaya da rus silahlarından imtina etmək üçün təzyiqlər başlaya bilər. NATO hesab edir ki, rus hərbi texnologiyası ittifaq üçün təhlükəsizlik problemi yaradır.

***

Ukraynanın NATO-ya daxil olmasının Türkiyəyə də təsirləri mütləq olacaq.

Türkiyə NATO-da ikinci ən böyük ordudur. Əgər nə vaxtsa Ukrayna və Rusiya arasında hər hansı hərbi konfrantasiya baş verəcəyi təqdirdə, Türkiyə ordusu da münaqişəyə cəlb olunmaq dilemması qarşısında qala bilər. Və bu Türkiyə-Rusiya arasında hərbi toqquşmaya da rəvac verə bilər. Hərçənd, Türkiyə son illər Rusiya ilə həm Suriyada, həm də Qarabağ məsələsində normal münasibətlər sistemi qurub. Üstəlik, Türkiyə Rusiyadan S400 raket sistemləri alıb. Bundan əlavə, ruslar Türkiyədə “Akkuyu nüvə stansiyası” tikir, hər il milyonlarla rus turist Türkiyədə istirahət edir.

Yəni, Türkiyə və Rusiya arasındakı iqtisadi münasibətləri də nəzərdən qaçırmaq olmaz. Hətta Türkiyə Rusiya ilə qarşıdurmadan yayınmaq üçün Ukraynanın NATO-ya üzvlüyünü veto edə bilər.

Nəticə olaraq qeyd edim ki, Ukraynanın NATO-ya üzv olması ABŞ, Türkiyə və Rusiyaya təsirsiz ötüşməyəcək.

Hətta ən pis halda Ukraynanın NATO-ya üzv olması Rusiya və ABŞ arasında müharibəyə də səbəb ola bilər. Ukraynanın NATO-ya üzvlüyü ruslar üçün qırmızı xəttdir.

Təsəvvür edin ki, Qara dənizin ən böyük sahil zolağı Türkiyənin payına düşür. Üstəlik, Ukraynanın da NATO-ya daxil olması Qərbin burada dəniz hakimiyyətinə yiyələnməsi deməkdir.

Zənnimcə, Türkiyə-Rusiya münasibətlərinin indiki vaxtında Ukraynanın NATO-ya daxil olması rəsmi Ankaraya sərf etmir.

Doğrudur, Türkiyə Ukraynaya PUA sistemləri satır.

Ancaq bu, Türkiyənin Ukraynanın NATO-ya tam hüquqlu üzvlüyünə razı olması demək deyil. Xarici siyasət rasional olmağı tələb edir. Daxili siyasətdən fərqli olaraq, xarici siyasətdə emosionallığa yer yoxdur. Həmişə yüz ölçüb, bir biçmək lazım gəlir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button