Top.Mail.Ru
ARAŞDIRMA

Ermənistan seçkilərində hakim medialar, şanslı namizədlər və SEÇKİSONRASI XAOS – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Nəhayət, sabah Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək. Açığı deyim ki, Ermənistanda keçirilən seçki təbliğatını azad və ədalətli dəyərləndirmək olar.

Ermənistan ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olub. Və erməni cəmiyyətində ağır məğlubiyyət havası hökm sürür. Nikol Paşinyan və onun “Vətəndaş müqaviləsi” partiyası üçün seçkilər ölüm-qalım məsələsinə çevrilib. Qərbdən dəstək almasına baxmayaraq, Rusiyanın dəstəklədiyi keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı da kifayət qədər iddialıdır. Köçəryanın dünən Irəvanın mərkəzində keçirdiyi son mitinqi izdihamlı təşkil olunmuşdu.

Paşinyan və Köçəryanın şansları

Dünən tanınmış “Qallup” rəy sorğusu mərkəzinin keçirdiyi sorğuya görə, respondentlərin 51.1%-i seçkidə iştirak edəcəyini deyib. 28,7% Köçəryanın “Ermənistan” alyansına səs verəcəyini, 25,2%-i isə Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasına etimad göstərdiyini bildirib. Gördüyünüz kimi, Köçəryan və Paşinyan rəy sorğularında başa-baş gedir.

10,8%  Artur Vanetsiyanın “Mənim şərəfim var” blokuna, 5,4% “Çiçəklənən Ermənistan”, 5,2% isə “Parlaq Ermənistan” partiyasına səs verəcəyini deyib. Keçmiş prezident Serj Sarkisyanın “Respublika” partiyasına 2,6%, Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın “Erməni Milli Konqresi”nə isə 1,5% respondent səs verəcəyini bildirib.

Göründüyü kimi, seçki əsasən Paşinyan və Köçəryan arasında gedir. Hər iki namizədin media resursları olduqca güclüdür.

Paşinyan əgər Qərbdən dəstək alırsa, Köçəryan da birbaşa Rusiyadan maddi və mənəvi dəstək görməkdədir.

Paşinyanın media resursları olan “Haykakan Jamanak” qəzetinə və “armtimes.com” saytına baş nazirin həyat yoldaşı Anna Hakopyan rəhbərlik edir. Anna Hakopyan “armtimes.com” saytının baş redaktorudur. Paşinyan ailəsi həm də 2021-ci ildə lisenziya alan “Free news TV” kanalına da nəzarət edir. Armenpress dövlət agentliyi və Ermənistan ictimai televiziyası da hazırkı hökumətə yaxındır.

Köçəryanın “Ermənistan” blokunun mediası

Ermənistandakı seçki təbliğatı dövründə Köçəryana yaxın medianı da izlədim.

Robertə yaxın media qrupları daha çox rusiyalı erməni əsilli biznesmenlər tərəfindən maliyyələşir. Köçəryanın seçki blokunda Daşnaksütyun partiyası da təmsil olunur. Bu seçki bloku “Kanal-5“-i idarə edir. Bu kanala 2008-ci ildən Köçəryana ən yaxın biznesmenlərdən biri olan Armen Tavadyan rəhbərlik edir. Bundan əlavə “Yerevan Today” və “Media Plus-LLC“-də Köçəryanı təbliğat prosesində gecə-gündüz müdafiə edirdi. “Yerkir Media Tv” isə erməni daşnaklarına yaxın media resursudur və Köçəryanı təbliğ edir.

Artur Vanetsiyan və Sarkisyanın “Mənim şərəfim var” bloku və təbliğat ruporu

Bu blokun əsas iki qüvvəsi Serj Sarkisyanın “Respublika” partiyası və Ermənistan DTX-sinin keçmiş rəhbəri Artur Vanetsiyanın “Vətən” partiyasıdır.

Armnews Tv” bu siyasi bloka yaxındır. 2019-cu ildə bu media resursunun səhmlərini alan Karen Bekaryan Serj Sarkisyana yaxın oliqarxlardan biridir. Bundan başqa “tert.am“, Ermənistanda gündəlik ən çox ziyarət olunan “news.am” “,hay eli.am“, “analitik.am” ,”168.am” saytları da başından bəri Köçəryan-Vanetsiyan cütlüyünün təbliğatı ilə məşğul idi.

Səhmlərinin 100%-də Artur Janibekyan ailəsinə məxsus olan “Erməni Tv” şirkəti də Serj Sarkisyanın kürəkəni Mixael Minasyana yaxındır.

Levon Ter Petrosyanın sabahkı seçkilərdə uğur qazanacağı ehtimal olunmur. Erməni Milli Konqresini təbliğat və təşviqat prosesində yalnız “ilur.am”, “4rd.am saytları müdafiə edirdi.

***

Ermənistanda keçiriləcək parlament seçkilərində əsasən Paşinyan, Köçəryan və Sərkisyana yaxın siyasi qüvvələrin uğur qazanacağı ehtimal olunur.

Ermənistanda seçkilər həm proporsional, həm də majoritar sistem üzrə keçiriləcək. 132 deputat mandatı uğrunda keçiriləcək seçkilərdə təkbaşına iqtidar qurmaq imkanı olmasa, koalisiya ehtimalı mümkündür. Hərçənd, bu seçkilər Ermənistanda siyasi xaos mühiti də yarada bilər. Hətta baş nazir Paşinyan deyir ki, ölkədə vətəndaş müharibəsi ola bilər.

Bəzi siyasi analitiklərin fikirincə, Paşinyanın qələbə çalacağı təqdirdə, Rusiya prosesə müdaxilə edə bilər.

Şübhəsiz ki, rəsmi Kreml Ermənistanda yarana biləcək qarışıqlıqdan istifadə edərək, Paşinyana müxalif olan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vasitəsilə dövlət çevrilişi də edə bilər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button