Top.Mail.Ru
ARAŞDIRMA

Ankaranın Əfqanıstan marağındakı REGİONAL SİSTEM – Türkiyənin “Böyük Turan” PROYEKTİ / ARAŞDIRMA

Son hadisələr fonunda məndə formalaşan qənaət ondan ibarətdir ki, Türkiyə həm Qafqazda, həm də Mərkəzi Asiyada yeni regional model qurmaqla, bölgədən Rusiyanın çıxarılmasını hədəf seçib.

Belə ki, NATO və ABŞ Əfqanıstanı tərk etməklə, mövcud Əşrəf Qani iqtidarı ilə Talibanı üz-üzə qoyur. Hətta son günlər ABŞ-ın bu addımından həvəslənən Taliban xeyli əraziləri işğal etməyi də bacarıb. Düzdür, ABŞ Əfqanıstanı tərk edir, lakin Bayden adminstrasiyası srağagün Ağ Evdə Əfqanıstan prezidenti Əşrəf Qani və Abdullahı qəbul edərkən dedi ki, ölkəsi bundan sonra da Kabul hökumətinə və xalqına maddi yardımlarını davam etdirəcək.

Məlumat budur ki, Əfqanıstanda NATO-ya bağlı ayrı-ayrı kiçik qruplar qalacaq, ancaq bundan sonra böyük hərbi kontingentlər ölkəni tərk edəcək. Əslində, Donald Trampın zamanında ABŞ öz əsgərlərini Əfqanıstandan geri çəkəcəyini bəyan etmişdi. Yeni prezident Bayden də amerikalı əsgərlərin Əfqanıstandan geri çağırılması prosesini həyata keçirəcək.

Məsələ çox aydındır: ABŞ-ın dövlət siyasəti Əfqanıstandan çıxmağı zəruri edir. Və Ağ Evdə kimin oturmasından asılı olmayaraq, plan həyata keçirilməlidir.

Digər tərəfdən, ABŞ Əfqanıstandan çıxarkən, bir neçə islamçı qruplarla ümumi razılığa gəldi. Şübhəsiz ki, bu qruplardan ən böyüyü və güclüsü Taliban idi. Qeyd edim ki, Talibanın büdcəsi narkotik satışından, mədənçilikdən və İran, Səudiyyə Ərəbistanı, Pakistan kimi ölkələrdən gələn yardımlar hesabına formalaşır. Eyni zamanda, Taliban idarə etdiyi ərazilərdə əhalidən də vergi yığır. Talibana görə, əvvəlki prezident Həmid Kərzai və Əşrəf Qani də ABŞ-ın kuklalarıdır. Məsələnin digər bir maraqlı tərəfi də ondan ibarətdir ki, ABŞ-ın Əfqanıstandan çəkilməsi Rusiya üçün təhlükə deməkdir. Yəni, Əfqanıstanda Liviya və Suriya variantı baş verə bilər.

***

Sovet İttifaqının dağılmasından sonra Rusiyanın cənub sərhədlərinin qorunması çətinləşib.

İmperiyanın süqutundan sonra Qırğızıstanda, Özbəkistanda, Tacikistanda radikal islamçı qruplar meydana çıxdı. Sübut üçün, təkcə Özbəkistandakı Əndican hadisələrini vurğulamaq kifayət edər. Eyni zamanda, sovet ittifaqının süqutundan sonra regionda narkotik ticarətinin inkişafı, hökumətlər nəzdində mərkəzdənqaçma meyillərinin artması da Rusiya üçün xeyli problemlər yaratdı.

Təxminən, 20 ildir, amerikalılar Əfqanıstandadır və bu ölkədə 3 trilyon dollar vəsait xərcləyiblər. Nəticə: dağılmış Əfqanıstan və daha da güclənmiş Taliban. Bu 20 il ərzində Əfqanıstanda nə güclü dövlət, nə də güclü ordu qurula bildi.

Əfqanıstandakı yerli qüvvələr arasında da birlik yoxdur. Bu ölkədə Pakistana, İrana, Türkiyəyə və Çinə bağlı olan ayrı-ayrı qruplar var. Belə ki, Talibanla yanaşı İŞİD və Əl-Qaidə kimi fundamentalist islamçı qruplar da Əfqanıstanda oturuşub.

Yuxarıda da qeyd etdiyim kimi, ABŞ-ın Əfqanıstanı tərk etməsi Putinin Rusiyasını çox narahat edir. Əfqanıstanda ABŞ-ın yerini Türkiyə tutmaq istəyir. Hətta Brüsseldəki son NATO zirvə görüşündə Bayden və Ərdoğan arasında ilkin razılaşma da var. Rusiya artıq bu razılaşmadan duyuq düşüb və türklərin “Böyük Turan”, “pantürkizm” planlarından narahatlıq keçirir. Rəsmi Kremlə yaxın media yazır ki, Şuşa bəyannaməsindən sonra Türkiyə yaxın gələcəkdə Azərbaycanda hərbi baza qurmaq istəyir və NATO Türkiyənin vasitəsi ilə əsrlərdir Rusiyanın hinterlandı olmuş Zaqafqaziyaya daxil olur. Rusiyaya görə, Ərdoğan bununla kifayətlənməyəcək və Mərkəzi Asiyanı da nəzərətə almağa çalışacaq. Ruslar düşünür ki, 90-cı illərdəki geopolitik “fəlakət” yenidən təkrarlana bilər.

Yadınızdadırsa, 90-cı illərdə rusiyalı siyasətçilər, strateqlər, politoloqlar deyirdi ki, “radikal” türklər Rusiyanın cənub sərhədləri və müsəlman regionlar üzərində hakim qüvvə olmaq istəyir.

Nəticə olaraq, Türkiyə Qafqazda və Mərkəzi Asiyada yeni regional model qurmaq istəyir. Və bu modelin mərkəzində də Rusiya yox, Türkiyə olacaq. Əlbəttə, Türkiyənin Əfqanıstanda da öz geopolitik və geostrateji maraqları var. NATO Əfqanıstanı tərk etdikdən sonra Türkiyə Kabul aeroportunu qorumaq istəyir. Diqqətlə fikir versəniz, bu, ABŞ-ın da maraqlarına cavab verir. Üstəlik, bir ehtimal da var ki, Türkiyə bu missiyanı Pakistan və Macarıstanla həyata keçirsin.

Gördüyünüz kimi, Türkiyə-Rusiya rəqabəti həm Qafqazda, həm Ukraynada, həm də Mərkəzi Asiyada güclənir. Hərçənd, Türkiyə-Rusiya rəqabətini Suriya və Liviyada da görə bilirik. 2000-ci illərdən Türkiyə Əfqanıstan ordusuna təlimlər verir, Əfqanıstana maliyyə yardımları edir və bu ölkəyə investisiya yatırır.

Yeri gəlmişkən, rəsmi Ankara Əfqanıstandakı etnik özbəklərlə də işləyir. Ölkədəki etnik özbəklərin lideri Rəşid Dustum Türkiyənin sadiq dostlarındandır.

Məncə, Türkiyənin Əfqanıstana belə maraq göstərməsinin səbəbləri bunlardır;

  • Türkiyə dövləti “Böyük Turan” proyektini həyata keçirmək istəyir.
  • Türkiyə hazırda Avropa üçün böyük enerji “hab”-ı olmaq yolunda irəliləyir. Ankara bu siyasəti ilə Avropaya da təsir rıçaqlarını artırmağı hədəfləyir.
  • Əfqanıstan Türkiyə üçün bazar və zəngin xammadələr üçün olduqca vacib ölkədir.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button