Top.Mail.Ru

ARAŞDIRMA

Şimal-Cənub dəhlizi ilə bağlı MÜHÜM HADİSƏ – Azərbaycanın QAZANCLARI…

Bu günlərdə Azərbaycanın beynəlxalq nəqliyyat habına çevrilməsi yolunda çox mühüm əhəmiyyət kəsb edən hadisə baş verib. Ölkəmizin iştirakçısı olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalara başlanması üçün real addım atılıb. İyunun 21-də Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı iyunun 27-də ölkəmizin ərazisinə çatıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarının operatorları “RJD Logistika” AC, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-dur. Qatar Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olaraq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmir yolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Şimal-Cənub nəqliyyat dəhlizinin 2000-ci ildən icrasına başlanıb, Azərbaycan layihəyə 2005-ci ildə qoşulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Belə ki, hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir.

Ölkə Prezidentinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamının icrası məqsədilə Astara (AR) – Astara (İİR) dəmir yolu xətti tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, körpüdən İran ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanıb.

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 2019-cu ilin martında Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib. İran ərazisində Rəşt – Astara (167 km) dəmir yolu xəttinin tikintisi üçün Azərbaycan İrana güzəştli şərtlərlə 500 milyon dollar vəsait ayırıb. Hazırda xəttin tikintisi davam edir.

Bu ilin mayında verilən məlumata görə, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası başa çatmaq üzrədir. Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan) – Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə 10 milyon tona qədər artırılması planlaşdırılır. İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.

Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın Asiyadan Avropaya yükdaşımalarda tranzit habına çevrilməsi yolunda çox mühüm addım olacaq. Bu, ölkəmizdə biznesin inkişafına təkan verəcək amillərdən birinə çevrilə bilər. Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, ilk qatarın hərəkətə başlaması artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir: “Sözügedən dəhliz vasitəsilə ilk yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq.

Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən müharibəsindəki zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır. Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artırır. Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu bir tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.

Vüqar Bayramov: "Dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertlərinin cəlb olunması mövqeyimizi gücləndirər"

Vüqar Bayramov: “Ölkəmizin strateji mövqeyi daha da möhkəmlənəcək”

Millət vəkili bildirir ki, Şüveyş kanalında baş verən son qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi: “Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, ”Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov: “Bu, milyardlarla dollar əlavə gəlir, qeyri-neft sektorunun inkişafına böyük töhfə deməkdir”

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan beynəlxalq yükdaşımaların əsas marşrutlarında iştirak üçün əvvəlcədən hazırlıq görüb: “Neftdən əldə olunan gəlirlərin hələ ilk gündən etibarən, iqtisadiyyatımızın ən çox nəqliyyat sektoruna – burada müvafiq infrastrukturun yaradılmasına qoyulması heç də təsadüfi deyildi. Bu, strateji məqsəd daşıyırdı və bu zaman bilavasitə qeyri neft-qaz sektorunu sürətli inkişaf etdirmək nəzərdə tutulurdu. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra bu layihəyə əvvəl barmaqarası baxanlar birdən-birə ağız dolusu tərif yağdırdılar. Çünki Azərbaycan bununla öz tərəfindən Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınması məsələsi qarşısında əlavə bir tranzit ölkə töhfəsini verdi, yəni yeni variant ortaya qoydu. Ümumiyyətlə, ölkəmizin bu sahədə bəxti çox gətirib. Rusiya, İran və Hindistanın təsisçisi olduqları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz Azərbaycanın varlığından və əhəmiyyətindən irəli gələrək perspektivli bir layihə olaraq ortaya çıxdı. Azərbaycan sözügedən layihənin bilavasitə mərkəzi həlqəsini və ortaq düyününü təşkil edir. Və məhz Azərbaycana görə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi gerçək ola bilərdi ki, oldu da… Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yükləri daha qısa müddətə çatdırmaq idi. Yəni onsuz da qeyd olunan marşrut üzrə yükdaşımalar indiyədək də var idi və bu gün də mövcuddur. Lakin daşımalar 6-7 həftəyə başa gəlir. Şimal-Cənub dəhlizi üzrə isə bu vaxt yarıyadək azalacaq. Sual oluna bilər ki, necə? Təbii ki, Azərbaycanın əlverişli coğrafi mövqeyinə görə… Çox sevindirici haldır ki, bugünlərdə verilən məlumata əsasən, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı artıq ölkəmizin ərazisinə çatıb. Hələ ki bu, pilot xarakteri daşıyır. Ancaq bundan sonra dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq”.

Ekspert bildirir ki, Şimal-Cənub dəhlizi ilə hərəkətin başlaması bir neçə baxımdan ölkəmizə ciddi faydalar gətirəcək: “Yəni bu, birincisi milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq. İkincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaranacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da daha dolğun şəkildə həyata keçirəcək. Dördüncüsü və bəlkə də ən vacibi, Azərbaycanın özü üçün gələcəkdə İran körfəzi ölkələrinə asan çıxmaq imkanı əldə olunacaq. Ümumiyyətlə, sözügedən dəhliz tranzit potensialımızın reallaşdırılmasında, əlavə gəlirlər əldə etməyimizdə və yeni iş yerlərinin açılmasında, bütövlükdə Bakının regionda iqtisadi mövqelərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq”. //Yeni Müsavat

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button