Top.Mail.Ru
ARAŞDIRMA

Ermənilər Rusiyaya ƏVƏZ AXTARIR: ABŞ-la müttəfiqlik və NATO-ya qoşulma XƏYALLARI…

Erməni siyasi dairələri Rusiyanı Azərbaycan və Türkiyə ilə anlaşmalarda Ermənistanı “bazarlıq vasitəsi” kimi istifadə etməkdə suçlayırlar; Buna etiraz olaraq, ABŞ və NATO-ya sığınmaq xəyallarını rəsmi müraciətə çevirəcəkləri təqdirdə, Rusiyanın tapdağı ola biləcəklərinə isə hələ də inanmırlar…

Ermənistan mövcudluğunu qorumaq yollarını axtarır. Bu düşmən ölkə müstəqil olduğu gündən üzübəri ilk dəfə xəritədən silinmə təhlükəsi ilə üzləşib. Və bu təhlükə qarşısında aciz duruma düşüb.

Artıq erməni zehniyyəti Rusiya faktoruna münasibətini böyük ölçüdə dəyişib. Son bir neçə ilə qədər Rusiya Ermənistan dövlətçiliyinin mütləq qarantı sayılırdı. Ancaq indi erməni düşüncəsi Rusiyanı Ermənistan dövlətçiliyi üçün ən ciddi problemlərdən biri hesab edir.

Səbəbləri isə çox bəsitdir. Erməni zehniyyətinə görə, Rusiya Ermənistanın güclənməsinə xidmət etməlidir. Kreml öz regional siyasətini yalnız Ermənistanın qorunması üzərində qurmalıdır. Ermənistana yeni ərazilərin qatılmasını təmin etməlidir.

4widescreen_flag_of_russia_021276_1-660x375.jpg (128 KB)

Keçmiş SSRİ dağılarkən baş verən olaylar erməni zehniyyətinin bu tələblərinə cavab verirdi. Çünki, Rusiya Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində səhnəarxası olsa da, əsas rolu oynamışdı. Son 30 ildə Ermənistanı ödənişsiz əsaslarla silahlandırmışdı. Ermənistanın bütün sərhədləri məhz Rusiya sərhədçiləri tərəfindən qorunur.

Təbii ki, bütün bunlar erməni zehniyyətini təmin edirdi. Ermənistanda hər kəs məmnun idi. Çünki Rusiyanın sayəsində Ermənistan özünü həm rahat, həm də toxunulmaz hiss edirdi.

Ancaq 44 günlük savaşın məlum nəticələri bir anda hər şeyi dəyişdi. Ermənistan ilk dəfə Rusiyanın himayəsi olmadan özünü müdafiə etməli oldu. Və məlum oldu ki, Rusiyanın dəstəyi olmadan Ermənistan ümumiyyətlə, heç nəyə qadir deyil.

Ermənistanda hələ də anlamaq istəmirlər ki, Rusiyanın ermənilərin ön planda olmadığı geopolitik maraqları ola bilər. Hətta biabirçı məğlubiyyətlə üzləşdikləri 44 günlük savaşda müttəfiq Rusiyanın Ermənistanla yanaşı, Azərbaycana qarşı vuruşmamasını hələ də Kremlə bağışlaya bilmirlər. Və bu, Ermənistana öz inkişaf yolunu seçməkdə ciddi şəkildə əngəl törətməyə başlayıb.

00-30-1575976183.jpg (55 KB)

Ona görə də, Ermənistanı həqiqətən xilas edə biləcək önəmli istiqamətləri, faktorları sadəcə, görmək istəmirlər. Qonşu ölkələrlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal münasibətlərin Ermənistana vəd etdiyi inkişaf perspektivləri barədə ümumiyyətlə, düşünmürlər. Çünki bu, erməni zehniyyətinin “xəyal qurma vərdişləri”nə ziddir.

Nəticədə yenə də öz “xəyal qurma vərdişləri”nin təsiri altında hərəkət etməyə üstünlük verirlər. Hazırda əsas “xəyal məhsulları” Ermənistanın qarşısında “öhdəliklərini” yerinə yetirməyən müttəfiq Rusiyaya daha etibarlı əvəz axtarmaq üzərində indeksləşib. Və artıq konkret variantları da olmamış deyil.

Son vaxtlar Ermənistan cəmiyyətində ABŞ və Qərb ilə müttəfiq olmaq ehtimalı ciddi şəkildə müzakirə olunur. Hesab edilir ki, gecikmədən Rusiyadan uzaqlaşmaq, ABŞ və NATO ilə müttəfiqlik münasibətləri qurmaqla, Ermənistanı xilas etmək mümkün ola bilər. Əks halda, Rusiya Ermənistanı öz maraqları naminə Azərbaycan və Türkiyəyə qurban verəcək. Hətta Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə gizli anlaşmalarda “bazarlıq vasitəsi”nə çevirməkdə belə, ittiham olunur.

Maraqlıdır ki, bu iddialar artıq Ermənistanın siyasi dairələri tərəfindən də səsləndirilməyə başlayıb. Ermənistanda Rusiya əleyhinə ciddi təbliğat aparılır. Və Ermənistan cəmiyyətindən müttəfiq dəyişikliyi prosesində atıla biləcək radikal addımlara qeyd-şərtsiz dəstək istənir.

Məsələn, seçkiləri uduzmuş Qarabağ klanının rəsmi təmsilçiləri ABŞ-ın Ermənistandakı səfirliyi ilə müəyyən məsləhətləşmələrə başladığı da bildirilir. Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Rusiyameyilli Qarabağ klanı seçki məğlubiyyətinə görə Kremldən ciddi şəkildə incikdir. Bu səbəbdən də, ABŞ səfirliyindən imdad dilənmıklə, yalnız Paşinyan hakimiyyətindən deyil, Rusiyadan da revanş almağa can atır.

_putinobrashenie-02-pic4_zoom-1000x1000-27700.jpg (179 KB)

Ancaq Qarabağ klanının ABŞ və Qərblə anlaşa bilməsi o qədər də asan məsələ deyil. Çünki ABŞ və Qərbin Ermənistanda hələ də Paşinyan hakimiyyətinə “stavka” etdiyi qətiyyən şübhə doğurmur. Üstəlik, Rusiya qarşısında nə qədər aciz durumda olsa da, Paşinyan hakimiyyəti də Ermənistanın ABŞ və Qərbə yaxınlaşdırma kursunu davam etdirdiyi diqqətdən yayınmır.

Düzdür, Paşinyan hakimiyyəti bu niyyətini açıq şəkildə biruzə verməyə də cəsarət etmir. Ancaq bu istiqamətdə cəhdlərini Qərbyönümlü siyasi partiyalar üzərindən inkişaf etdirməyə çalışır. Və bu baxımdan, Qərbpərəst Hanrapetutyun Partiyasının təbliğat tezisləri maraq doğurur.

Həmin partiyanın sədri Aram Sargsyan bəyan edib ki, Ermənistanın Rusiyanın nəzarətində qalması ölkəni fəlakətə aparır: “Ermənistanın Rusiyanın orbitində qalması o deməkdir ki, biz Artsaxı və Sünik bölgəsini itirəcəyik. Belə sonluqdan sığortalanmaq üçün Ermənistan ABŞ və Avropa Birliyi ilə müttəfiq olmalıdır. NATO-ya qoşulmalıdır”.

Əlbəttə, Ermənistanın Rusiyanın orbitində qalmasının bundan sonra rəsmi İrəvana vərdiş etdiyi üstünlükləri verməyəcəyi doğru yanaşma da hesab edilə bilər. Ancaq yeni geopolitik şərtləri qəbul edərək, qonşularla normal münasibətlər qurub, inkişaf yolunu seçmək əvəzinə, ABŞ və Qərbin himayəsinə sığınmaq niyyəti də Ermənistana fəlakətdən başqa heç nə vəd etmir. Və bu, indiki halda, siyasi populizmdən uzağa gedəcək nəticə verə bilməz.

Məsələ ondadır ki, Rusiyadan fərqli olaraq, ABŞ çox uzaqdadır. Ermənistanın sürəkli xarakter daşıyan harayına həmişə çata bilməz. Üstəlik, Ağ Ev Ermənistanın harayına çatmaqda heç də həmişə maraqlı olmaya da bilər. Hər halda, ABŞ-ın Cənubi Qafqaz maraqlarında Ermənistanın prioritet və ya “açar dövlət” olmadığını ermənilərdən başqa hər kəs bilir.

NATOSoldiersUSAUKFlagsNetherlands.jpg (102 KB)

Ümumiyyətlə, ermənilər ABŞ-la müttəfiqlik xəyalları qurmazdan əvvəl Ağ Evin buna ehtiyacının olub-olmadığını dəqiqləşdirməsi yersiz olmazdı. Çünki, ABŞ-ın heç kimə faydası olmayan Ermənistanı ciynində sürüməyə həvəs göstərəcəyinə ermənilərdən başqa inanan olmaz. Eyni zamanda, Ağ Ev Ermənistan ucbatından Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamağa da qətiyyən həvəs göstərməz.

Nəhayət, NATO-ya qoşulmaq məsələsi erməni xəyallarının ən fantastik səviyyəsi də hesab oluna bilər. Hər halda, NATO-ya qoşulmağın sadə məsələ olmadığını, xüsusi kriteriyalar üzərindən reallaşdırıldığını deyəsən, dünyada yalnız ermənilər bilmir. Həmin kriteriyalara Ermənistanın əgər, mövcud olacaqsa, yaxın yüz ildə yaxınlaşa bilməyəcəyini erməni zehhiyyəti anlamağa qadir deyil.

Məsələn, bütün kriteriyaları bir kənara atsaq, NATO-ya qoşulmaq istəyən ölkənin bu qurumun standartlarına uyğun güclü ordusu olmalıdır. Ermənistanın isə demək olar ki, ümumiyyətlə, ordusu yoxdur. Hətta Ermənistanın heç normal dövlətə çevrilə bilmədiyini də nəzərə aldıqda, erməni xəyallarının qaynağını təyin etmək daha da çətinləşir. Ola bilsin ki, ermənilər NATO-nu beynəlxalq mühafizə xidməti hesab edirlər. Kriteriyalara uyğun gəlməyə ehtiyac belə, duymurlar. Onların xəyallarına görə, müraciət edəcəklər, NATO da bunları dərhal qəbul edəcək. Sonra isə Ermənistan qonşularından ərazi qoprmağa çalışacaq, NATO da onların istəyini təmin edəcək.

Əlbəttə ki, belə xam xəyalları  yalnız erməni zehniyyəti istehsal edə bilər. Ancaq ağılları olsa, bu barədə nə qədər xəyal qurun, danışsalar da, heç vaxt NATO-ya qoşulmaq üçün rəsmi müraciət etməzlər. Çünki heç vaxt baş tutmayacaq bir xəyalı rəsmiləşdirib, Rusiyanın tapdağı altında qalmaq Ermənistanın əsl fəlakəti olardı. Kremlin eyni səbəbdən Ukrayna və Gürcüstanla necə davrandığını hər kəs bilir. Və Ermənistan üçün nəticə bu iki dövlətin aqibətindən daha ağır ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button