Top.Mail.Ru
ARAŞDIRMA

Rus siyasətində YENİ DÖNƏM: Yeni partiya və Sardana Avksentieva – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Keçən bazar günü Moskvanın mərkəzindəki böyük zalların birində atipikal (tipik olmayan, alışılmışın xaricində), çox sayda qonaq yeni siyasi partiyanın əsasını qoydular. İlk baxışda zala toplanan kütlənin doğum günü tədbirinə gəldiyini, ya da hər hansı bir qala olduğunu düşünmək olardı. Lakin, həmin gün Rusiyada yeni siyasi partiyanın təsis konfransı keçirilirdi: Yeni insanlar partiyası“.

Yeni partiyanın funksionerləri insanlara gəlirlərinin artırılacağını, bərabər hüquqlar, səhiyyə sisteminin inkişafını vəd edirdilər. Funksionerlər israrla vurğulayırdılar ki, onlar geriyə yox, irəliyə baxan təşkilat olacaqlar. Ancaq təsis konfransında diqqətimi bir şey cəlb etdi. Belə ki, Putinin “Vahid Rusiya” partiyasının üzvlərindən fərqli olaraq “Yeni İnsanlar”-ın üzvləri gənclər və modern insanlar idi. Adətən biz postsovet məkanındakı siyasi partiya rəhbərlərinin yaşlı və kommunist təfəkkürlü insanlardan ibarət olduğunu görmüşük. Anadolu türkləri demişkən, “Yeni İnsanlar” partiyasının elitası bir “ilk”-i başardılar.

Açığı deyim ki, diqqətimi nanə-yaşıl rəngli paltarlar geyinən, müasir saç stilində olan bu siyasətçilər cəlb etdi. Yaşıl rəng müsəlmanlar üçün islam dinini simvolizə edirsə, qərblilər üçün zənginliyi, qüdrəti və enerjini təmsil edir. Yeri gəlmişkən, yaşıl rəng həm də dolların rəngidir. Deyim ki, “Yeni İnsanlar” partiyasının üzvləri ənənəvi rus partiyalarının funksionerlərindən (onlar qara və bahalı kostyum geyinən politbüro üzvləridir) çox fərqlənirdilər. Etiraf edim ki, bu, mənim üçün əməlli-başlı kontrast idi.

Gələk əsas mövzuya.

Yeni təsis olunan partiyanın həmsədrlərindən biri Yakutiyanın meri Sardana Avksentievadır. Bu yakut qızı da nanə-yaşıl paltar geyinmişdi və olduqca səmimi, güvənli qadın təsiri bağışlayırdı. Sardana Avksentieva rus siyasətində son illər kifayət qədər populyarlıq qazanıb. Rusiyada qadınlar adətən ya bürokratiyada, ya da özəl şirkətlərdə işləyir. Siyasətdə qadınlar nadir hallarda görünürlər. Siz dövlət dumasının spikeri Matvienkoya baxmayın, Rusiya parlamentində qadın deputatların sayı azdır. Əslində, bu bütün keçmiş sovet məkanlarında belədir. Siyasətdə olan qadınlar standart qara kostyumlar geyinir, “bürokrat ledi” təsiri bağışlayır, qarşısındakına empatiya bəsləmir və ifadə tərzində sərt jarqondan istifadə edirlər.

Nəyi gizlədim, guya Azərbaycanda belə deyil? Məsələn, Nigar Arpadarayi – qızcığaz tam “bürokratik ledi” təsiri bağışlayır. Ümumiyyətlə, keçmiş sovet məkanında insanlar elə düşünür ki, siyasətçilər, ictimai xadimlər öz statuslarına uyğun olaraq, ciddi olmalıdırlar. Bu, şübhəsiz ki, kommunizmdən bizə yadigardır.

Lakin haqqında danışdığım 51 yaşlı Sardana Avksentieva fərqli biridir. Rusiya siyasətində xanım Avksentieva 2018-ci ildən tanınır. O, Yakutskda keçirilən mer seçkilərində Putinin partiyasından olan namizədi məğlub etmişdi. Qeyd edim ki, Rusiyanın bəzi şəhərlərində mer seçkiləri keçirilir, amma əksər şəhərlərin merini Putin təyin edir. Avksentieva mer seçildikdən sonra, şəhər adminstrasiyasının büdcəsini ixtisar etmişdi. Hətta o, pula qənaət etmək üçün şəhərin ən böyük konfrans zalını satılığa çıxarmışdı. Bu kimi hallar Rusiya kimi avtoritar ölkədə tez-tez baş vermir.

Yadınızdadırsa, ötən il Putin öz səlahiyyətlərini artırmaq üçün referendum tamaşası təşkil etmişdi. Putin bu referendumla “əbədi “prezident olacağının yolunu açmışdı. Sardana Avksentieva Putinin konstitusiya əlavələrinə qarşı çıxmışdı. Elə bilməyin ki, Rusiyada bu addımı atmaq asandır.

2019-cu ilin yazında aylarında qırğız bir miqrant Yakutiyada cinayət törətmişdi. Şəhərdə etiraz edən əhali qarşısında çıxış edən Sardana Avksentieva qəzəbli kütləni sakitləşdirə bilmişdi. Yəni, yakut qızı Sardana artıq kütlə ilə işləməyi də bacarır. Xanım Avksentieva mer olduqdan sonra da rəsmi şəxs deyil, daha çox sadə insan kimi özünü aparır. O, çox sadə geyinir, hətta ənənəvi yakut geyimlərindən də istifadə edir. Sardana başqa korrupsioner rus bürokratları kimi brend geyimlərdən istifadə etmir və əhali ilə daim ünsiyyətdədir.

Artıq Sardana Avksentieva əvvəlkindən fərqli federal status səviyyəsindədir. O, partiya lideridir. O, imicmeykerlərinin, siyasi müşavirlərinin olduğunu gizlətmir. Məsləhətçiləri, müşavirləri olsa da, olmasa da Sardana Avksentieva artıq peşəkar siyasətçidir.

Unutmayaq ki, sadə və yaxud müasir geyinmək hələ yaxşı siyasətçi olmaq deyil. Siyasi profil üçün başqa məziyyətlər də mütləqdir. Sardana Avksentieva siyasi karyerasının hələ başlanğıcındadır. Yolu həm uzundur, həm də incə…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button