Top.Mail.Ru
ARAŞDIRMA

Yoxsul İranın vəzifəli şəxslərinin lüks həyatı və ELİT MİLYONÇULAR – ARAŞDIRMA

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

İran İslam Respublikası 1979-cu il islam inqilabından sonra “müqavimət iqtisadiyyatı” konsepsiyasını həyata keçirir. Qərbin İrana sanksiyaları rejimi məcbur edir ki, ixracının böyük hissəsi neft və qazın üzərinə düşən iqtisadiyyatı ayaq üstə saxlaya bilsin. Üstəlik, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birtərəfli qaydada nüvə sazişindən çıxması da İrana baha başa gəldi. Artıq ABŞ-ın yeni prezidenti Co Bayden İrana qarşı müəyyən şərtlər çərçivəsində sanksiyaları yüngülləşdirmək istəyir. Bu baxımdan, Avstriyanın paytaxtı Vyanada aparıcı qərb ölkələri və İran arasında bir müddətdir ki, danışıqlar davam edir. Hətta tərəflər bəzi məsələlərdə irəliləyiş olduğunu da qeyd edir.

Hazırda İran iqtisadiyyatı həm makro, həm də mikro göstəricilərinə görə bərbad vəziyyətdədir. Şübhəsiz ki, bunda həm neftin dünya bazarındakı qiymətlərinin düşməsi, həm də koronavirus pandemiyasının təsirini görməmək mümkün deyil.

Beləliklə, qonşu İranda əhalinin aşağı təbəqəsi yüksək inflyasiyadan, işsizlikdən əziyyət çəksə də, yuxarı təbəqə son üç ildə sərvətlərini daha da artıra biliblər. Belə ki, “World Wealt Report”-un açıqladığı son indiqatorlara görə, İranda milyonerlərin sayı 2020-ci ildə 21,6% artıb. Bu artım qlobal ortalamada 6,3%-dir. Varidatı dollarla olan iranlı milyonerlərin sərvəti isə 24,3% böyüyüb. İranda hazırda 250 min milyoner yaşayır. Və bunların əksər hissəsi də paytaxt Tehranın şimalında cah-cəlal içərisində həyat sürür. Tehranın cənub məhəllələrində isə əsasən yoxsul əhali məskunlaşıb. Milyonerlərin sürətlə artımına görə, İran Yaxın Şərqdə birinci, dünyada isə 14- cü sıradadır. İranın Yaxın Şərqdə milyonerlər sırasında ən böyük rəqibi isə 210 min milyonerlərlə Səudiyyə Ərəbistanıdır.

Qeyd edim ki, İranda son illər milyonerlərin artmasındakı ən böyük səbəb koronavirus zamanında hökumətin xalqı birjada investisiya yatırmağa təşviq etməsidir. Yəni, rejim sadə iranlılara belə bir təbliğat aparır ki, “yastıqaltı” pulları birjaya investisiya kimi qoyun.

Təsəvvür edin ki, 2020-ci ildə 2019-cu ilə nisbətdə Tehran birjasında birja dəyəri indeksi 1,501% böyüyüb. Tehran birjasındakı səhm payları isə təxminən 1,561% yüksəlib. Təsəvvür edin ki, ABŞ-ın ən böyük səhm bazarı S&P (“Standard and Poors”)-da isə son illərdə cəmi 17% dəyər qazanıb. İranlı milyonerlər sanksiyalardan yayınmaq üçün əsasən gəlirlərini səhm paketlərinə yatırır. Bundan başqa, rejimə yaxın iş adamları bitkoin kimi rəqəmsal (virtual) valyutaya da maraq salaraq, xeyli qazana biliblər.

Deməli, bu milyonçu iranlılar bitkoin rəqəmsal valyuta sisteminə “mədənçi”, “tacir” kimi daxil ola biliblər. Nəticədə çox sayda iranlı bitkoinlə milyarder də ola bilib. Əslində, İranda milyonçu olmaq çox da çətin deyil.

***

İran xalqı yoxsulluq içində yaşasa da, rejimə yaxın elita həmişə varlı həyat sürüb. Hətta ali dini rəhbər Ayətullah Xamneyinin nəvəsi Atəfəh Əşraqi Londonda qolunda 3,800 dollarlıq çanta ilə gəzir.

İranlı siyasətçilər yerli avtomobillərdən istifadə etsələr də, daha çox İtaliya və Fransa istehsalı geyim brendlərinə üstünlük verirlər. Ölkədə ucuz avtomobillərlə yanaşı ən son model və lüks nəqliyyat vasitələrini də görmək mümkündür.

İnstaqramda “Rich kids of Iran” adlı səhifədə iranlı milyonçuların varlı həyatı haqqında şəkilləri və videoları görmək mümkündür. Necə deyərlər, bir tərəfdə yoxsul İran xalqı, digər tərəfdə də varlı həyat yaşayan klerikal insanlar.

İranda gəlir ədalətsizliyi o qədər dərinləşib ki, bu, hətta son prezident seçkilərindəki aşağı səviyyəli fəallığa da təsirsiz ötüşmədi.

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button