Top.Mail.Ru

ARAŞDIRMA

Türkiyənin Əfqanıstan MİSSİYASI və Kabul aeroportunu qorumasının SİRRLƏRİ – ARAŞDIRMA

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

NATO başda ABŞ olmaqla 20 il sonra Əfqanıstanı tərk edir. Bundan sonra Əfqanıstanın gələcəyi, Talibanın bu ölkədə hakimi-mütləq olması, yeni humanitar fəlakət, problemin Mərkəzi Asiyaya sıçraması kimi qarşıda çox ciddi predikamentlər dayanır. Əvəzində, Türkiyə Əfqanıstanın xarici dünya ilə tək əlaqəsi olan Kabul aeroportunu qorumaq istəyir. Əlbəttə, Taliban Türkiyənin bu istəyinə qarşıdır.

Qeyd edim ki, NATO üzvü kimi Türkiyənin Əfqanıstanda 500 nəfər hərbçisi var, ancaq türk əsgərlər indiyəcən Talibanla aktiv döyüşlərdə iştirak etməyib. Eyni zamanda, Taliban da mümkün olduğu qədər türk hərbi kontingenti ilə qarşı-qarşıya gəlməkdən həmişə yayınıb.

İndi Türkiyə paytaxt Kabulun aeroportunu qorumaq üçün Əfqanıstandakı bütün siyasi tərəflərlə siyasi danışıqlar aparır. Sual olunur ki, qərb ölkələri Əfqanıstanı tərk edərkən, Türkiyə niyə bu ölkədə qalmağa israr edir? Çox sadə: Türkiyə ABŞ ilə son illər yaşadığı diplomatik və siyasi problemləri həll etmək istəyir.

Loading...
Yazının davamı reklamdan sonra

ABŞ Türkiyəyə Rusiyadan S400 kompleksi aldığı üçün tarixdə ilk dəfə NATO müttəfiqinə qarşı CAATSA sanksiyaları tətbiq edib. Üstəlik, Ankara F35 döyüş təyyarələrinin istehsalı proqramından da çıxarılıb.

Bir başqa detal isə, ABŞ-da Cozef Baydenin prezident seçilməsidir. Doğrudur, CAATSA sanksiyaları və F35 proqramından Türkiyənin uzaqlaşdırılması Trampın vaxtında baş vermişdi, lakin Ərdoğan iqtidarı keçmiş ABŞ prezidenti ilə necə deyərlər, vəziyyəti idarə edə bilirdi. İndi isə həm şərtlər, həm də konyuktura dəyişib; Türkiyə ABŞ-ın yeni prezidenti ilə dialoq kanallarını açıq tutmalı və yaxud Vaşinqtonun gözünə girməlidir. Əvvala, xarici siyasətdə əsaslılıq və ardıcıllıq prinsipi olmalıdır. Lazım gəldikdə, dövlətinin, xalqının maraqları üçün iqtidarlar böyük güzəştlərə getməyə də hazır olmalıdırlar.

Türkiyənin Əfqanıstandakı roluna gəldikdə, bu ölkədə uzun illərdir, türk QHT-ləri işləyir və yerli xalqla bir “körpü” qurmağı bacarıb. Başqa bir problem isə budur ki, Taliban Türkiyəni yerli özbəklərin hamisi kimi görür. Əfqanıstandakı etnik özbəklərin lideri Rəşid Dustum Türkiyəyə yaxın olsa da, Talibanın əsas düşmənlərindən biridir. İndi Türkiyənin qarşısında duran əsas məsələ Talibanın yerli hökumətlə bir masa arxasında müzakirələrə başlamasına nail olmaqdır. Hərçənd, Taliban Əşrəf Qani hökumətini qərbin kuklası sayır. NATO 20 ildir yerli hökumətə müəyyən bir ordu yaratmağa kömək etsə də, bu ordunun Talibanla bacarması mümkün olmadı.

Türkiyə eyni zamanda Pakistanın Taliban üzərindəki təsirindən də istifadə etmək istəyir. Məlumdur ki, Talibanın ən böyük təsir gücü olan ölkə Pakistandır. Bundan əlavə, Talibanın xaricdəki yeganə ofisi Qətərdədir. Türkiyənin Qətər və Pakistanla yüksək səviyyəli əlaqələrini nəsə alsaq, Ankaranın manevr imkanlarının böyük olduğunu görə bilərik.

Zənnimcə, əgər Türkiyə həm yerli Əşrəf Qani iqtidarı, həm də Talibanla razılaşa bilərsə müəyyən bir həll formulası təqdim edə bilər. Əlbəttə ki, rəsmi Ankara Talibanı razı salmağı bacararsa, bunu məhz Pakistan və Qətərlə realizə edə bilər. Avropa İttifaqı da Əfqanıstanda problemlərin həllində Türkiyəyə dəstək olmalıdır. Ən azından, Əfqanıstanda humanitar fəlakətin yaşanması ehtimalı Avropaya da təsirsiz ötüşməyəcək.

Şübhəsiz ki, mən Əfqanıstandan Avropaya çoxsaylı qaçqın axınını nəzərdə tuturam. Unutmayaq ki, İran həmişə əfqanıstanlı qaçqınlara “açıq qapı” siyasətini tətbiq edir. Eyni zamanda, 2020-ci il statiskasına görə, Almaniyada ərəblərdən sonra ən çox qaçqın sayı əfqanlardır.

Vəziyyət daha da idarəolunmaz həddə çatarsa, əfqanıstanlı qaçqınların Qərbi Avropaya axını ciddi problemlərə yol aça bilər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button