Top.Mail.Ru

ARAŞDIRMA

Xameneinin fətvasına Ərdoğanın CAVABI – Siyasi ekspert Kamal Əliyevdən ŞƏRH

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə bayram namazında verdiyi xütbədə demişdi ki, Ayətullah Xameneinin fətvası Qarabağı erməni işğalçılarından almaqda carçı idi. Hörmətli şeyxə görə, 44 günlük müharibədə Xameneinin fətvası bizi Qarabağda qələbəyə çatdırdı. Şübhəsiz ki, QMİ rəhbərinin bu ifadəsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və xüsusilə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi.

Bəli, Azərbaycan əhalisinin böyük əksəriyyəti şiədir və ölkə şiələrinin çox hissəsi də mərcei-təqlid olaraq özlərinə İranın ali dini rəhbəri Xameneni qəbul edir. Çox az bir hissə isə İraqdakı şiə ayətullahı Sistanini özünə təqlid rəhbəri kimi görür.

Təbii ki, ictimaiyyət cənab Paşazadənin bu fikirlərinə etiraz edəndə bir təbəqə belə düşünür ki, bu, qonşu İrana nifrətdir və onu sevməməkdir. Azərbaycanlılar kimisə sevib-sevməməkdə azaddır. Ancaq son 30 ildə biz bir həqiqətin fərqindəyik ki, İran ya birbaşa, ya da dolayı yolla Ermənistana hamilik edir.

Loading...
Yazının davamı reklamdan sonra

Yadınızdadırsa, 44 günlük müharibədə Rusiyadan Ermənistana göndərilən silah-sursat məhz İran ərazisindən keçirilirdi. Hətta bu barədə kifayət qədər video materiallar da var. Yəqin ki, bu həqiqəti Allahşükür Paşazadə də bilməmiş deyil. 44 günlük müharibə zamanında İran rejiminin nəzarətində olan media bar-bar bağırırdı ki, Qarabağda suriyalı, İŞİD-çi terroristlər döyüşür.

Şübhəsiz ki, bütün bunlar rejimin dezinformasiyası idi və əfsuslar olsun ki, Azərbaycandakı şiə alimləri, məddahları bu barədə susurdu.

Həmişə vurğulamışam ki, bu zamana qədər ölkədə müstəqil şiə doktrinası yaradılmalı idi. İranın Qum və Məşhəd şəhərlərinə dini təhsil almaq üçün tələbələr göndərilməməlidir. Çünki, Qum və Məşhəddə təhsil alıb qayıdan insanlar öz mərcei-təqlidinin dünya görüşünə uyğun olaraq din təbliğatı aparır. Mənim bu fikirlərim Azərbaycanın şiə müsəlmanlarına qarşı deyil. Bu xalq dininə, peyğəmbərinə, imamlarına hörmət edir. Lakin azərbaycanlılar öz dini görüşlərində başqa ölkələrin klerikal şəxslərinə bağlı olmamalıdır.

Qayıdaq, Allahşükür Paşazadənin sözlərinə. Bəli, hörmətli şeyx Təzə Pir məscidində keçirilən bayram namazına Türkiyə və Pakistan səfirlərini də dəvət edə bilərdi. Hər iki ölkənin səfirliyində din müşaviri fəaliyyət göstərir. Təəssüflər olsun ki, Allahşükür bəy din müşavirlərini Təzə Pir məscidində keçirilən bayram namazına dəvət etməmişdi. Digər tərəfdən, Allahşükür Paşazadə Şuşa məscidinə gərək Türkiyə və Pakistan səfirliklərinin din müşavirələrini də dəvət edərdi. Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecatla bərabər başqa müsəlman ölkələrinin dini müşavirələrinin dəvət olunmaması ayrıseçkilikdir. Siz nə qədər İranı və onun dini lideri Xameneini Azərbaycanda müdafiə etsəniz də, onun olmayan xidmətini vurğulasanız da, bunun heç bir faydası yoxdur. Son 44 günlük müharibə Azərbaycan xalqını çox mətləblərdən agah etdi.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın müşaviri Mücahid Küçükaslan öz tviter hesabındakı paylaşımında yazıb ki, Xamanei Ermənistana silah göndərəndə, Azərbaycana da fətva göndərib. Amma Xameneinin fətvası onun silahını yenmiş!

Düşünürəm ki, bu, həm də Ərdoğanın Hacı Allahşükür Paşazadəyə və onun mərcei təqlidi Ayətullah Xameneiyə cavabı sayıla bilər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button