Top.Mail.Ru

ARAŞDIRMA

İQTİSADİ QARDAŞLIQ: Türkiyənin neft-kimya sahəsinə Azərbaycan dəstəyi

II hissə

Azərbaycan-Türkiyə iqtisadi münasibətləri, əlbəttə ki, yalnız böyük layihələrdə iştirak və ya ortaqlıqla məhdudlaşmır – ölkələr uzun müddətdir bir-birinin əsas investorları siyahısında ilk sırada yer alırlar. Son məlumatlara görə, Türkiyə Azərbaycana 12 milyard ABŞ dollarına qədər sərmayə qoyub, əks istiqamətdəki investisiya həcmi isə 19 milyard ABŞ dollarından çoxdur. Türkiyədə əsas investorumuz SOCAR-dır: şirkətin qardaş ölkədə həyata keçirdiyi layihələr sayəsində Türkiyənin özünü neft-kimya məhsulları ilə təminetmə səviyyəsi xeyli artıb.

“Türkiye Petrolleri” (TPAO) başda olmaqla, bir çox şirkətimiz Azərbaycana böyük investisiyalar qoyub. Eyni zamanda, SOCAR-ın başçılığı ilə Azərbaycan şirkətlərinin Türkiyəyə sərmayə yatırmasından məmnunuq”, – Azərbaycana son səfəri zamanı çıxışlarından birində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Ekoloji sahələrdə qənaət etmədən

Sirr deyil ki, çox az müddət əvvəl Türkiyə neft-kimya məhsullarının 80 %-dən çoxunu idxal edirdi, buna milyardlarla dollar xərcləyirdi. Eyni zamanda, Türkiyənin neft-kimya bazarı yüksək potensiala malikdir, onun illik artımı 6-7 % təşkil edir. Vəziyyəti xilas etmək lazım idi və Türkiyə öz neft-kimya sənayesini inkişaf etdirmək qərarına gəldi. Bu ideya isə bir sıra bahalı, lakin Türkiyə iqtisadiyyatı üçün çox effektiv layihələr irəli sürən SOCAR-ın ürəyincə oldu.

Bu gün SOCAR Türkiyənin ən böyük xarici investorudur. Dövlət Neft Şirkəti “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm paketinin alınmasına, STAR neft emalı zavodunun və “SOCAR Terminal” konteyner terminalının, 51 MVt gücündə olan külək elektrik stansiyasının tikintisinə və Türkiyənin neft-kimya məhsulları ilə özünütəminetmə səviyyəsinə əhəmiyyətli təsir göstərən bir sıra digər layihələrə investisiya yatırıb.

Özü də şirkət istehsal prosesini ən müasir texnologiyalardan istifadə edərək və ətraf mühitin qorunması tələblərinə riayət edərək qurmağa çalışır. Məhz bu səbəbdən onlara Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən “sıfır tullantı sertifikatı” verilib. Başqa sözlə, müəssisələrdə istehsal olunan məhsullara Türkiyədə son dərəcə böyük tələbat olmasına, müvafiq olaraq onların fəaliyyətlərini yalnız hökumətin təşviq etməsinə baxmayaraq, layihələrin ekoloji, sosial və digər komponentlərinə investisiyalar ayrılmasında qənaət edilməsindən söhbət belə gedə bilməz.

“Petkim” – yeni investisiyalar olacaq

“SOCAR Turkey Enerji” şirkəti Türkiyənin aparıcı neft-kimya kompleksi olan “Petkim Petrokimya Holding”də nəzarət səhm paketinin (səhmlərin 51 %-inin) sahibidir. Kompleks etilen, polietilen, polivinilxlorid, polipropilen və plastmas, tekstil məmulatları və digər istehlak, sənaye məhsullarının istehsalında istifadə olunan digər neft-kimya məhsulları istehsal edir. Şirkətin məhsullarına nə dərəcədə tələbat olduğunu göstərmək üçün bir faktı vurğulayaq: pandemiya zamanı – bir çox neft-kimya zavodunun məhsul istehsalını dayandırdığı və ya azaltdığı dövrdə “Petkim” bunu etmədi, tam gücü ilə çalışdı. Bunun sayəsində “Petkim”in istehsal güclərinin aktivliyi 92 %-ə çatdı, 2021-ci ilin ilk rübündə onun xalis mənfəəti isə 891,757 milyon türk lirəsi (TL) təşkil etdi. Halbuki keçən ilin analoji dövründə – pandemiyanın pik nöqtəsində rüb 9,781 milyon TL zərər ilə başa çatdırılmışdı. Sonradan şirkət maliyyə vəsaitlərindən düzgün istifadə edilməsi və əməliyyat xərclərinin optimallaşdırılması sayəsində vəziyyəti dəyişərək illik 1,1 milyard TL xalis mənfəət halına gətirdi.

Doğrudur, hələlik, təəssüf ki, “Petkim”in Türkiyə bazarındakı bir növ inhisarçı mövqeyindən və ya neft-kimya məhsullarına olan bazar ehtiyaclarını tam ödəmək imkanından danışmağa əsas yoxdur: müəssisə bütün gücünü işə salmaqla hələlik daxili tələbatın yalnız 20 %-ni təmin edə bilir. Amma yenə də “Petkim”, şübhəsiz ki, Türkiyədə neft-kimya sənayesinin lokomotivi rolunu oynamağa davam edə bilər, çünki SOCAR-ın bu müəssisə üçün strategiyasındakı əsas məqam Azərbaycan menecmentinin biznesin inkişafı üçün əlavə investisiyalardan qaçmamasıdır. Bu, yeni hədəflər müəyyənləşdirməyə və gücləri artırmağa imkan verir: təkcə keçən il onların həcmi 20 % artıb və artıq “Petkim” zavodlarının modernləşdirilməsinə, o cümlədən texnologiyaların ümumi inkişafına, enerji səmərəliliyinin yüksəldilməsinə və ətraf mühitin mühafizəsi tədbirlərinə yatırılan sərmayələrin 2021-ci il ərzində davam edəcəyi açıqlanıb.

Azərbaycan-Türkiyə “ulduzu”

Azərbaycan Dövlət Neft Şirkətinin xaricdəki ən böyük investisiyalarından biri 19 oktyabr 2018-ci ildə İzmirdə, Əliağa bölgəsində istifadəyə verilmiş STAR neft emalı zavodudur. SOCAR NEZ-in tikintisinə 6,3 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Layihə həsəd aparılacaq şəkildə gəlirli olmasından (pandemiyadan əvvəlki dövrdə illik gəlir yarım milyard dollar olaraq proqnozlaşdırılırdı) başqa, SOCAR-ın dizel yanacağı və aviakerosini, eləcə də kimya sənayesi üçün xammalı ilə Aralıq dənizi bazarına çıxmasına şərait yaradır. STAR-a yatırılan investisiyalar həmçinin Azərbaycanın neftdən asılılığı azaltmaq strategiyasını həyata keçirmək baxımından da məntiqlidir; o cümlədən oradan əldə olunan mənfəət SOCAR-a dünyada neft qiymətlərində azalma olacağı halda öz gəlirliliyini tənzimləməyə imkan verəcək.

Zavodun layihə gücü ildə 10 milyon ton və ya gündə 214 min bareldir, özü də bu həcmin daha 1,5 milyon ton artırılması planlaşdırılır. Müəssisə 100 sorta qədər neft emal edə bilir. Üstəlik, istehsal olunan məhsullar – bura ildə 1,6 milyon ton nafta və ildə 4,8 milyon ton dizel yanacağından savayı, reaktiv yanacaq və mayeləşdirilmiş qaz, neft koksu, riformat və s. daxildir və bunlar Türkiyənin daxili bazarında yüksək tələbatlıdırlar. O cümlədən STAR elə həmin “Petkim” neft-kimya kompleksini xammal ilə təmin edir. Bundan əlavə, NEZ hələlik Türkiyənin neft məhsullarına olan daxili ehtiyacının 20-25 %-ni ödəyir, məqsəd ölkənin aviasiya yanacağı ilə tam təminatını həyata keçirməkdir.

“Merkuri” yaxınlaşır

Göründüyü kimi, Türkiyədəki Azərbaycan investisiyaları lap yerinə düşüb və bu ölkənin iqtisadiyyatında mühüm rol oynayıb, belə böyük potensiala sahib bazara investisiya qoymaq Azərbaycan tərəfi üçün də faydalıdır. O dərəcə ki, Dövlət Neft Şirkəti pandemiya böhranına baxmayaraq, “Merkuri” adlı yeni neft-kimya kompleksinin inşası layihəsini həyata keçirməyə başlamağı planlaşdırır. Yeni kompleksin İzmirdə, Əliağa bölgəsində, elə həmin “Petkim” və STAR NEZ-in yanında inşa ediləcəyi ehtimal olunur. Yeni neft-kimya kompleksinin inşasının Türkiyəyə 6 milyard ABŞ dollarlıq kəsiri ödəməyə imkan verəcəyi gözlənilir.

Bu planlar çoxdan elan edilmişdi, ancaq yuxarıda qeyd edildiyi kimi, pandemiya mane oldu. İndi 1,8 milyard ABŞ dollarlıq layihə gələn il yenidən canlanacaq.

“Merkuri” layihəsi “Petkim” neft-kimya kompleksinin alınmasından sonra SOCAR-ın Türkiyənin neft-kimya sektoruna ikinci investisiyası olacaq. Bu layihəyə sərmayə qoymaq qərarı 2022-ci ildə veriləcək”, – Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey Enerji” və “Petkim Holding”in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev deyib.

Pandemiya dövründə layihə planları da dəyişib: daha əvvəl BP-nin Azərbaycanın əsas tərəfdaşı olacağı ehtimal edilirdisə, sonradan Britaniya şirkəti neft-kimya biznesindən ayrıldığını elan etdi. SOCAR hələlik yeni tərəfdaş axtarışındadır, çünki layihə çox böyükdür – 1,8 milyard ABŞ dolları dəyərindədir. Doğrudur, bu sahə ilə məşğul olan şirkət yox, deyək ki, maliyyə tərəfdaşını cəlb etmək variantı da var. Bu layihə sayəsində SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı bazar payı bir qədər də artacaq, layihələrin uğuru isə qardaş ölkənin iqtisadiyyatı üçün yeni ideyaların verilməsini stimullaşdıra bilər.

Hər bir halda, Türkiyədəki qısamüddətli fəaliyyəti ərzində Azərbaycan Dövlət Neft Şirkəti bir tərəfdən xarici layihələr portfelini əhəmiyyətli dərəcədə genişləndirib, digər tərəfdən də bu ölkənin iqtisadi inkişafının ayrılmaz hissəsinə çevrilib.

Qulu Nuriyev – ekspert

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button