Top.Mail.Ru
ARAŞDIRMA

Paşinyan variant AXTARIŞINDA: Sınaqlardan çıxmaq üçün Azərbaycanla “barışmağa” MƏCBURDUR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Ermənistanın yeni baş naziri təyin olunan Nikol Paşinyan artıq rəhbərlik etdiyi hökuməti formalaşdırmağa başlayıb.

O, həm öz hökumətinə yeni nazirləri təyin edir, həm də Ermənistan Milli Assambleyasının rəhbər strukturlarını formalaşdırır. Əvvala qeyd edim ki, Paşinyan 2018-ildə siyasi və sosial etirazlar nəticəsində hakimiyyətə gələndə daha rahat görünürdü. Yəni, Paşinyanın qarşısında elə də güclü müxalifət yox idi. Nikol da bu fürsətdən istifadə edib özünü daha rahat hiss edirdi.

Qaqik Tsarukyan kimi “sözəbaxan” müxalif fiqur ilə işləmək Paşinyan üçün ən sərfəli variant idi.

Problem həm də odur ki, Paşinyan verdiyi sərsəm bəyanatlarla müharibəni qızışdırdı və Ermənistanı bərbad vəziyyətə çıxardı. Sadəcə, erməni xalqının Qarabağ klanına antipadiyasının nəticəsidir ki, Paşinyan son parlament seçkilərini qazana bildi.

İndi fərqli situasiya ortaya çıxıb; parlamentdə 2 müxalif fraksiya var və bu qruplar hələ də Paşinyana başağrısı yaratmaq gücündədirlər.

Düzdür, “Hayastan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan mandatından imtina etdi, ancaq bu, yenə də Qarabağ klanının güclü müxalif qrup olduğu reallığını dəyişməyəcək. Bu dəfə Paşinyanın rəqibləri Rusiyanın himayəsində olan Köçəryan, daşnak Saqatelyan kimi cığal siyasi fiqurlardır. Üstəlik, Artur Vanetsiyan da Nikolun arzulamadığı personalardan biridir.

Bir məsələni vurğulayım ki, Paşinyan reformalar aparmağa həvəsli görünür. O, başa düşür ki, ölkə iqtisadiyyatı staqnasiya vəziyyətindədir, 44 günlük müharibədən sonra ağlı olan ermənilər ölkəni tərk edir. Avropa İttifaqı maliyyə yardımı edəcəyinə söz versə də, bu, hələ yubanır. Belə olan təqdirdə, Paşinyan üçün ən ideal variant Türkiyə və Azərbaycanla dil tapmaqdır. Fərz edirəm ki, Rusiya da bu məsələyə soyuq yanaşmır. Lakin bunun üçün Azərbaycan-Ermənistan arasında sərhədlərin demorkasiyası və delimitasiya problemi həll olunmalıdır. Bundan əlavə, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır.

Paşinyan dərk edir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulması həm də ona kart-blanş verən qərbin də marağındadır.

Məsələn, Türkiyə prezidenti Ərdoğanın səsləndirdiyi “altılıq” formatı elə Ermənistanın özü üçün də həyatı əhəmiyyət daşıyır. Ancaq altılıq formatına da İranın münasibətinin necə olacağını bilmirik.

Paşinyan İrana işgüzar səfərə gedəcək. Mümkündür ki, o, bu məsələni İranın yeni prezidenti İbrahim Rəisi ilə də müzakirə etsin.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button