Məcburi YUMŞALMA: Ermənistan müqaviləyə imza atacaq? – ŞƏRH

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Üçtərəfli İşçi Qrupun fəaliyyətini yenidən bərpa ediblər.


Politoloq deyib ki, bütün təzyiqlərə rəğmən, Ermənistanın qısa zamanda müqaviləyə imza atması inandırıcı deyil:
“Ermənistanı delimitasiya məsələləri, sülh sazişini imzalamaq kimi ciddi qərarların qəbul edilməsi qorxudur. Onlar başa düşürlər ki, hazırda da işğal altında saxladıqları bir çox ərazilər Azərbaycana qaytarılmalıdır. İndiyə qədər mövcud olan bütün coğrafi xəritələr bunu təsdiq edir. Çar və sovet Rusiyası dövrünün xəritələri deyilənlərə əyani misaldır. Hətta Ermənistan dövlətinin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan delimitasiyaya getsə, sülh müqaviləsi imzalasa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, ərazi bütövlüyümüzə hörmət etməlidir. Ona görə də, sərhəddə təxribatlar törədilir, delimitasiya prosesi süni şəkildə yubadılır. O ki qaldı kommunikasiyaların bərpasına, burada da Ermənistan hansısa addım atmaq məcburiyyətindədir. Bu onlara Rusiya və Azərbaycan tərəfindən ediləcək təzyiqin dərəcəsindən asılı olacaq.
Bununla yanaşı, Ermənistanda da başa düşməyə başlayırlar ki, reallıqla barışmalı, iqtisadi tənəzzülü aradan qaldırmaq üçün ciddi qərarlar qəbul edilməlidir. Özlərini bu regiondan təcrid etməklə heç nəyə nail ola bilməyəcəklər. Ermənistan iqtisadi, siyasi, sosial vəziyyət baxımdan dalana dirənib. Bundan yeganə çıxış yolu kommunikasiyaların açılması, əlaqələrin qurulması, regiona inteqrasiyadır. Şübhə etmirəm ki, hətta buna getsələr belə, burada da müəyyən problemlər yaradacaqlar. Proseslərin inkişafından çox şey asılıdır”.
Avropa alternativ marşrutların yaranmasında maraqlıdır:
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki, Cənubi Qafqaz həssas bölgədir və bu bölgənin inkişafı, bütövlükdə dayanıqlı sülhün formalaşması üçün kommunikasiyaların bərpası olduqca vacibdir. Onun sözlərinə görə, bu, paralel olaraq aparılmalıdır və kommunikasiyaların açılmasında prioritetlərdən biri Zəngəzur dəhlizidir:
“Nəzərə almaq lazımdır ki, bu dəhliz təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda region üçün çox vacib bir layihədir. Geniş anlamda isə Avropa İttifaqı və regionda marağı olan digər ölkə və ittifaqlar üçün də faydalı hesab olunur. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, Avropa Birliyinin bu yolla Asiyaya daha çox yük daşıması təmin ediləcək. Nəticə etibarilə bu dəhliz yalnız Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirmək mənasına gəlmir, həmçinin bütövlükdə qitədə daşınan yüklərin həcminin artmasına imkan verəcək. Xüsusən, Süveyş kanalında baş vermiş hadisədən sonra Avropa alternativ marşrutların yaranmasında maraqlıdır”.
Uzunmüddətli tənəzzüldən yeganə çıxış yolu:
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də böyük perspektiv vəd edir:
“Bu dəhlizdən Rusiya, İran və Türkiyə də istifadə edəcək. Bunun sayəsində Rusiyadan Ermənistana daşınan yüklərin həcmində artımlar olacaq. Nəzərə alaq ki, indiki halda Ermənistanda iqtisadi tənəzzül var və beynəlxalq reytinq təşkilatları bu ölkənin kredit reytinqini kəskin şəkildə aşağı salıb. Həmçinin xarici borc ümumi daxili məhsul həcminin 60 faizindən çoxdur. Bu baxımdan, əgər Ermənistan da öz iqtisadi inkişafında maraqlıdırsa, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyaların daha qısa zamanda bərpasına çalışmalıdır. Bu, Ermənistanda müşahidə edilən uzunmüddətli tənəzzülün səngiməsinə köməklik edə bilər”.
Mənbə
KAİM.az