Top.Mail.Ru
ARAŞDIRMA

Kremlin Qafqaz strategiyası “idarəolunan” SABİTLİKDİR – TƏHLİL

Adətən payız fəslində siyasi münasibətlər isinir, siyasətdə canlanma müşahidə olunur. Əlbətdə, mən siyasətdə “istiləşmə” deyəndə məsələyə bir mənada da obrazlı və yaxud məcazı yanaşıram. Azərbaycan siyasətində açığı deyim ki, hər hansı isinmənin heç rüşeymi görünmür, məmurlar yenə də əhalinin gündəlik qidası olan çörəyi, Rövnəq Abdullayev də benzinin qiymətini qaldırdı.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Azərbaycanda adətən benzinin qiyməti qalxanda bu, istər-istəməz ərzaq məhsullarından da yan keçmir.

Ancaq mən siyasətdə “istiləşmə” deyərkən, Ermənistanı nəzərdə tuturam. Ermənistanda parlament seçkiləri keçirildi, ermənilər Sərqisyan və Köçəryan kimi bandit siyasətçilərə deyil, məglub Paşinyana səs verdi. Paşinyan da öz növbəsində gah nala vurur, gah da mıxa. Bəlkə də Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq haqqında beynində dizayn etdiyi bir yol xəritəsi var. Bəlkə də Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri imprivizasiya etmək üçün vaxt qazanmaq və erməni cəmiyyətini buna hazırlamaq istəyir.

Şübhəsiz ki, mən Azərbaycan və Ermənistan arasında münasibətlərin belə tezliklə həll ediləcəyini, yekun sülh müqaviləsinin imzalanacağını zənn etmirəm. Müharibə yeni qurtarıb, sülh prosesi üçün daha uyğun zamana və şərtlərə ehtiyac var.

Bundan əlavə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq istəməsinin önündə Rusiya var. Sizə elə gəlməsin ki, Rusiya və onun prezidenti Vladimir Putin Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında daimi sülhün olmasında maraqlıdır. Təsəvvür edin ki, Azərbaycan və Ermənistan barışıb, regionda nəqliyyat dəhlizi bərpa edilib.

O zaman Yuxarı Qarabağda rus sülhməramlılarına ehtiyac qalırmı?

Xeyr. Rusiya bölgədə yekun hərbi və siyasi sabitlik istəmir. Kremlin Qafqaz strategiyası “idarəolunan” sabitlikdir. Putinin Rusiyası istəyir ki, onun Cənubi Qafqazda təsir rıçaqları həmişə qalsın və regionun müqəddəratı sonuna qədər ondan sorulsun. Açıgı bu, təkcə Putinin yox, Qafqazı idarə etmiş çar Rusiyasının əbədi siyasəti olub. Qayıdım yuxarıdakı fikirlərimə…

Deməli, günün birində Azərbaycan və Ermənistan arasında siyasi və iqtisadi münasibətlər qurulur. İki ölkə arasında mədəni əlaqələr, turist turları həyata keçirilir. Azərbaycanlılar və ermənilər nəhayət qəbul edirlər ki, Cənubi Qafqazda Rusiyasız da sülh, əmin-əmanlıq mümkündür.

Sizcə, Rusiyaya regionda daha hər hansı ehtiyac qalarmı?

Üstəlik, Türkiyə və Ermənistan arasında 1993-cü ildə qapadılmış iki sərhəd keçid məntəqəsi də açılır. Ermənilər vizasız Türkiyəyə işləməyə gedir, türk sərmayəsi də Ermənistana investisiya qoyur.

Əlbətdə, bu, bəzi oxucular üçün utopik görünə bilər. Ancaq siyasətdə əbədi dostlar və düşmənlər yoxdur. Siyasətdə klassik maraqlar, qarşılıqlı mənfəətlər var və bu, həmişə də belə olub. Belə olan təqdirdə, nəinki Yuxarı Qarabağda, heç Ermənistanda da Rusiyanın hərbi bazalarına ehtiyac qalmır. Yəni, Azərbaycan-Türkiyə – Ermənistan – Gürcüstan – İran arasında təsis edilən regional siyasi və iqtisadi tandem Rusiyanı istər-istəməz autsayder durumuna salır. Bax, Kremli narahat edən də elə budur.

Bayaq da dediyim kimi, Rusiya öz imperialist siyasəti ilə Cənubi Qafqazda daimi sülhün deyil, “kontrollu” nəzarət mexanizmini əldən vermək istəmir. Bu labirintdən çıxmağın bir sadə yolu var: türklərin, azərbaycanlıların və ermənilərin bir-biri ilə dil tapması və müştərək maraqlar ətrafında birləşməsidir. Bu istiqamətdə ən böyük məsuliyyət də Ermənistanın üzərinə düşür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button