Top.Mail.Ru
ARAŞDIRMA

Ermənistan – haram üzərində qurulan dövlət

1990-cı il avqustun 23-də Ermənistan SSR-nin Ali Soveti İstiqlal Bəyannaməsini qəbul edərək Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan edib. 1991-ci il sentyabrın 21-də Ermənistan vətəndaşları müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdi. Həmin tarixdən respublikanın müstəqilliyi günü sayılır. Birinci Ermənistan Respublikası 1918-ci il mayın 28-də təsis edilmişdi. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.

Ermənistan hökuməti müstəqilliyin 30 illiyinə həsr olunmuş bayram tədbirlərinin keçirilməsinə dair qərar qəbul edib. Ölkənin Baş naziri Nikol Paşinyan bildirib ki, sentyabrın 21-də İrəvanda Respublika meydanında müstəqillik günü geniş miqyasda qeyd olunacaq: “Məlum səbəblərdən bayram ovqatında olmasaq da, Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümünü lazımi şəkildə qeyd etməliyik”. Hətta hökumət sentyabrın 20-ni 25-i ilə əvəzləyərək qeyri-işi günü elan edib.

Nikol Paşinyan

Əslində, hakimiyyət bayram tədbirləri keçirsə də, ictimaiyyət və müxalifət N.Paşinyan hökumətinin qərarına etiraz edib. Aksiya iştirakçıları bildiriblər ki, təntənəli bayram tədbirlərinin keçirilməsi 44 günlük müharibədə itkin düşənlərə və ölənlərə hörmətsizlikdir. Ermənistan Polisi sentyabrın 20-i və 21-də İrəvanda Respublika meydanına gedən bütün yolları bağlayıb.

Bəs görəsən, 30 il ərzində Ermənistan müstəqil ola bilib? Yaxud indikinin 1918-ci ildə qurulandan elə ciddi fərqi var? İstər SSRİ dövründə, istərsə də indiki müstəqillik illərində bir daha sübut olundu ki, Ermənistan SSR kimi, Ermənistan Respublikası da Rusiyanın himayədarlığı olmadan mövcudluğunu itirər. Çünki tarix sübut edib ki, bu dövlətin təməli düzgün deyil, qurulması ideyaları yalandır. Regionda başqalarına xidmət etməklə mövcudluqlarını qoruyurlar. Odur ki, 103 və ya 30 ildir Ermənistan vətəndaşları və ermənilər yanlış yolla gedirlər.

Ümumiyyətlə, 103 il əvvəl Ermənistandakı dövlət Osmanlı dövlətinə və Azərbaycan Xalq Cümhuriyyətinə düşmənçilik əsasında qurulmuşdu. Ermənilər o vaxtkı havadarlarının yardımı ilə Azərbaycanın daha çox ərazisini işğal etməyə çalışırdı. Əslində, bu dövlət Azərbaycan torpaqları üzərində formalaşdırılmışdı. Bununla belə, ermənilər Azərbaycanın Qarabağ bölgəsini də işğal altında saxlamağa çalışır, hətta boşeviklərin yardımı ilə Bakının da ermənilərin nəzarətində qalmasına çalışırdılar. Bu respublika süquta uğrayandan sonra Ermənistan SSR Sovetlər daxilində müttəfiqi sayılan Azərbaycan SSR-yə qarşı müxtəlif səviyyələrdə düşmənçilik apardı. Həmin illərdə Ermənistanda “Qarabağ komitəsi”, “Miatsum” (“Birlik”) adlı qurumlar yaratmaqla Azərbaycana qarşı yeni ərazi iddialarını reallaşdırmağa başladılar. Onların apardığı bu gizli fəaliyyət 1988-ci ildən sonra üzə çıxdı. Ermənilərin gizli sayılan bu fəaliyyətindən o vaxt Moskvanın, xüsusilə Dövlət Təhlükəsizlik Komitəsinin xəbərsiz olduğu inandırıcı görünmürdü. Elə sonrakı hadisələr bu prosesdə “KQB”nin əlinin olduğunu təsdiqlədi.

SSRİ dağılan ərəfədə sovet hərbçilərinin dəstəyi ilə ermənilər azərbaycanlıların Ermənistandan didərgin salınmasına nail oldular. Bununla da Azərbaycanın tarixi Qərbi Azərbaycan bölgəsi, Zəngəzur, Göyçə mahalları işğal olundu. Keçmiş SSRİ-nin mövcudluğunun son ilində isə ermənilər xarici havadarları, o cümlədən Rusiya və lobbinin yardımı ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir milyondan çox Azərbaycan vətəndaşı öz torpaqlarından qaçqın düşdü.

Ermənistanın yaranmasının əsasında duran başlıca ideya Azərbaycan və Türkiyə düşmənçiliyi olub. Bu ideologiya ilə milyonlarla erməni gənci zəhərlənib, bu düşmənçiliyin qurbanına çevrilib. Yüz ildən artıqdır ermənilərə yanlış milli tərbiyə verirlər. Təəssüf ki, yanlış ideya-siyasi düşüncə ilə zəhərlənən ermənilər hakimiyyətə gəlib, Xocalı kimi soyqırımları törədiblər. Ermənistanın 30 il ərzində ən böyük “nailiyyəti” Azərbaycan torpağını işğal altında saxlamaq və buralardan qovmaq olub. Bundan başqa, Ermənistan nə dünya iqtisadiyyatı, nə də təhlükəsizliyi üçün heç bir töhfə verməyib.

Düşmənçilik, özgə torpağını özününküləşdirmək ruhunda böyüyüb tərbiyələnən ermənilər ordu qurdular. İşğal etdikləri Şuşada halay vurub rəqs etdilər. Azərbaycanı yeni torpaqları işğal etməklə hədələdilər. Ancaq 103 ildən sonra Ermənistan layiqli cavabını aldı. 103 ilə qurulan ordu Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində 44 gündə darmadağın oldu. Ermənistan ordusu barədə yaradılan mif də onunla birlikdə yoxa çıxdı. Azərbaycanın apardığı ədalətli müharibə ermənilərin uzun illərdir bir-birinə ötürdükləri “dənizdən dənizə” mifik, fantastik ideyasını da məhv etdi.

Məlum oldu ki, 30 il ərzində Ermənistanda hakimiyyətə gələnlər dövlət qurmaqla deyil, işğal etdikləri Azərbaycan torpaqlarına görə aldıqları ianələrin hesabına varlanıblar. Ermənistan ordusunun generalları əsgərlər üçün nəzərdə tutulan konservləri satdıraraq mal-mülk sahibi oldular. Ermənistan prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və onların tabeliyində olan neçə-neçə generallar, nazirlər, müdafiə nazirləri həmin ianələrin sayəsində dövlət qurmağa çalışdılar. İşğal edilən Azərbaycan torpaqlarındakı yeraltı sərvətlərin talanması nəticəsində Ermənistanda iqtisadiyyat qurmağa cəhd göstərildi.

Nəhayət, Nikol Paşinyan 2020-ci il noyabrın 10-da Ermənistan Respublikasının 30 illik fəaliyyətini, 103 illik yanlış ideyaların, miflərin dağılmasının kapituliyasiyasını imzaladı.

Beləliklə, heç bir qanun, heç bir din başqasının malına yiyələnməyə haqq vermir. Bu baxımdan, Ermənistan 103 il özgə torpaqlarında səhv düşüncə nəticəsində qurulub. Həmin yanlışlıq 30 il bundan əvvəl də təkrarlanıb. Bütün dinlərdə haram və halal kateqoriyaları var. Odur ki, bütün qanunlara və dinlərə görə Ermənistan haram üzərində qurulub. Bu kimi səbəblərdən regiona fayda verə bilmir. 30 ildir regionda ermənilərin adına bir şər dövləti bəsləyirlər…

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button