Top.Mail.Ru

ARAŞDIRMA

Rusiya və Türkiyənin ABŞ ilə “3+3” SAVAŞI: Putin və Ərdoğan regionu “ALINMAZ QALA”ya çevirir

Bu iqtisadi inkişaf formatı reallaşarsa, Rusiya ABŞ-dan uzaqlaşma müqabilində, işğal altında olan Gürcüstan ərazilərini geri qaytara bilər; Rusiya və Türkiyənin əsas hədəfi növbəti dəfə “nifaq alması”na çevrilməkdə olan Cənubi Qafqazın inkişaf perspektivlərini kənar faktorların təsirlərindən yayındırmaqdır…

KAİM.az musavat.com-a istinadla təqdim edir.

Cənubi Qafqazın gələcək taleyi artıq müəyyən edilib. Bu regionda geopolitik, geostrateji və geoiqtisadi proseslərin hansı model üzrə inkişaf edəcəyi də qərarlaşdırılıb. Və bu prosesin qarşısını almağın mümkün olacağı hazırda o qədər də inandırıcı görünmür.

Düzdür, Ermənistan müqavimət göstərməyə çalışır. Ancaq rəsmi İrəvan bu prosesdə aktiv iştirakçı sayılmır. Ermənistana prosesin sadəcə, “geopolitik aləti” rolu ayrılıb. Yəni, rəsmi İrəvanın siyasi iradəsi və mövqeyi heç kimi qətiyyən maraqlandırmır.

Ermənistan cəmiyyətində bu acı reallığı qəbul etmək istəməsələr də, artıq anlayırlar. Vəziyyətdən çıxış yolu axtarırlar. Hətta Paşinyan hakimiyyətini dəyişməklə, bu vəziyyətdən sıyrılıb, çıxa biləcəklərinə ümid bəsləyirlər. Ancaq tezliklə çıxış yolunun ümumiyyətlə, olmadığını qəbul etmək, mövcud situasiya ilə barışmaq məcburiyyətində qalacaqlar.

2b76e4d189a0fd6d58d12f09b4eea6fff1.jpg (75 KB)

Ona görə də, Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilərin yenidən mitinq keçirməsi heç bir anlam daşımır. Birincisi, Paşinyan hakimiyyətini dəyişməyə onların gücü yetməz. Çünki bir tərəfdən hazırda erməni baş nazirin sosial bazası Qarabağ klanına olan dəstəyi ciddi şəkildə üstələyir. Digər tərəfdən, baş nazir Nikol Paşinyan hakimiyyətinin toxunulmazlığına Cənubi Qafqazda əsas söz sahibi olan üç önəmli dövlətdən – Azərbaycan, Türkiyə və Rusiyadan tam təminat ala bilib.

İkincisi, hətta Qarabağ klanı Paşinyan hakimiyyətinin dəyişdirilməsinə nail olsa belə, Ermənistan üçün geopolitik məkanda hər şey eyni məzmun və keyfiyyətdə qalacaq. Çünki, hazırda Ermənistanın əsas problemi sadəcə, Paşinyan hakimiyyətinin regionun hegemon dövlətləri ilə anlaşması deyil. Əsas problem Ermənistanın dövlət statusunun formal xarakter daşıması ilə bağlıdır. Cənubi Qafqazı nəzarətdə saxlayan üç güclü dövlətin – Azərbaycan, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşdüyü geopolitik prosesdə Ermənistanın öz xəyali iddialari aktiv ilə iştirakçıya çevrilməsi qətiyyən mümkün deyil.

Məsələ ondadır ki, Cənubi Qafqaz üçün “3+3” iqtisadi əməkdaşlıq formatı qətiləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunan bu model Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tam dəstəyini qazanıb. Rusiya isə bu regional inkişaf formatın əsas icraçısı öhdəliyini öz üzərinə götürüb. Kreml Ermənistanı və İranı bu modelə istiqamətləndirmək missiyasını yerinə yetirməyə başlayıb. Və bu məsələdə israrlı davrandığını, geriyə addım atmayacağını da hər imkanda açıq-aşkar biruzə verir.

Maraqlıdır ki, G-20 zirvəsində görüşən Türkiyə və Rusiya xarici işlər nazirləri məhz bu məsələni müzakirə ediblər. Əslində, bu iki nəhəng dövlətin müzakirə etməli olduğu və daha ciddi görünən başqa problemlər də olmamış deyil. Belə anlaşılır ki, “3+3” məsələsi Türkiyə və Rusiya arasında olan digər problemlərin həllində də “açar” rolunu oynaya bilər.

519881_src.jpg (39 KB)

Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Sergey Lavrov və Mövlud Çavuşoğlunun Cənubi Qafqazda “3+3” regional əməkdaşlıq mexanizminin işə salınmasının perspektivlərinin əsas müzakirə mövzusu olduğu vurğulanır: “3+3″ formatında nəqliyyat-kommunikasiya, eləcə də, iqtisadi əlaqələrin bərpası və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin işə salınması ilə bağlı məsləhətləşmələr aparılıb”.

Göründüyü kimi, “3+3” formatı artıq yalnız Cənubi Qafqaz ölkələrinin deyil, həm də Türkiyə-Rusiya münasibətlərinin əsas müəyyənləşdirici faktorudur. Bu faktor Türkiyə və Rusiyanı bir-birinə daha da yaxınlaşdıra biləcək regional mexanizm rolunu oynamağa başlayıb. Üstəlik, bu, hər iki nəhəng dövlətin beynəlxalq hədəflərində də önəmli ortaq fəaliyyət amili kimi diqqəti çəkir.

Məsələ ondadır ki, “3+3” formatı Türkiyə və Rusiyanın beynəlxalq rəqiblərini qətiyyən qane etmir. Əksinə, bu iki dövlətin rəqiblərinə ciddi problemlər vəd edir. Və bu məsələ ətrafında kəskin ziddiyyətlər artıq açıq-aşkar nəzərə çarpmağa başlayıb.

Maraqlıdır ki, həmin kəskin ziddiyyətlər bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın açıqlaması ilə anons edilmişdi. Azərbaycan və Türkiyə prezidentlərinin ortaq təklifi olan “3+3” formatının tezliklə işə salınmasına Rusiyanın böyük önəm verdiyini vurğulayan M.Zaxarova bu modelin beynəlxalq əleyhdarlarının artıq hərəkətə keçdiklərini də qeyd etmişdi: “Ancaq biz ABŞ başda olmaqla, Qərb ölkələrinin bu prosesə əngəl törətməyə çalışdıqlarını da müşahidə etməyə başlamışıq”.

Təbii ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi “3+3” modelinə qarşı Qərb ölkələrinin müqavimət barədə danışarkən, qətiyyən haqsız da deyildi. Çünki Fransa Ermənistana yerinə yetirə bilməyəcəyi vədlər verməklə, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, özünün iştirakçısı olmadığı iqtisadi inkişaf prosesini bloklamağa çalışır. Və bu məsələdə Fransanın maraqları ABŞ-la üst-üstə düşür.

96f1771-0.jpg (44 KB)

Ancaq Fransadan fərqli olaraq, ABŞ “3+3” regional inkişaf modelinə qarşı olduğunu elə açıq şəkildə ifadə edir. Belə ki, Ağ Ev bu məsələyə münasibət bildirərkən, Rusiyanın “3+3” formatı barədə düşünməsinin geopolitik məntiqə uyğun gəlmədiyini vurğulamışdı: “Rusiya bundan əvvəl ilk növbədə işğal etdiyi Gürcüstan ərazilərinin geri qaytarılması barədə düşünsə, beynəlxalq hüquq normalarına daha çox hörmət etmiş olar”.

Əlbəttə, bu açıqlama ilə Ağ Evin sadəcə, Gürcüstanın ərazi bütövlüyünün qayğısına qalmaq niyyətində olmadığını yəqin ki, rəsmi Tiflis də anlamamış deyil. Hər halda, ABŞ indiyə qədər bu mövzuda bəyanatlardan uzağa getməyə heç vaxt həvəs göstərməyib. Və bu açıqlama ilk növbədə Gürcüstanın Rusiya ilə yaxınlaşmasının Ağ Evdə məmnunluq yaratmayacağını rəsmi Tiflisin diqqətinə çatdırmaq məqsədindən qaynaqlanır.

Məsələ ondadır ki, Gürcüstan “3+3” formatında yer alarsa, bu, istər-istəməz rəsmi Tiflis ilə Kremlin münasibətlərində müsbət irəliləyişlərə yol aça bilər. ABŞ isə bunu qətiyyən istəmir. Çünki, Ağ Evdə Gürcüstanı ABŞ-ın Cənubi Qafqazdakı “son qalası” hesab edirlər. “3+3” modeli ABŞ-ı bu “son qala”dan da məhrum buraxa bilər.

Hər halda, yaxın gələcəkdə “3+3” formatı çərçivəsində əməkdaşlığın Kremli daha fundamental manevrlərə sövq edə biləcəyi istisna deyil. Məsələn, rəsmi Tiflis ABŞ-la münasibətlərinə Rusiyanın maraqlarına uyğun müəyyən düzəlişlər edərsə, Kreml Gürcüstanın ərazilərini geri qaytara da bilər. Həmin ərazilərin Rusiya tərəfindən işğalında rəsmi Tiflisin Kreml ilə münasibətləri kəsib, birmənalı şəkildə ABŞ və Qərbə istiqamət almasının da rolu olmuşdu.

Belə anlaşılır ki, “3+3” formatı Gürcüstana perspektivdə öz ərazi bütövlüyünü bərpa etmək şansı qazandıra da bilər. Bu halda, ABŞ və Qərb Cənubi Qafqazdan tamamilə təcrid edilmiş olacaq. Çünki, ABŞ və Qərbin Rusiyadan qoparmağa çalışdığı Ermənistan öz əhəmiyyətini tamamilə itirmiş durumdadır.

755372111757927.jpeg (492 KB)

Onu da qeyd edək ki, rəsmi Tiflis nə qədər təmkinli yanaşsa da, “3+3” modelinə qatıla biləcəyini də biruzə verməkdədir. Gürcüstanın mövqeyinin istiqamətləndirilməsində isə Azərbaycan və Türkiyənin rəsmi Tiflisə təsiri xüsusi rol oynayır. Və bu, ABŞ-da ciddi narahatlıq doğurmağa başlayıb.

Nəzərə almaq lazımdır ki, rəsmi Tiflis Cənubi Qafqazda reallaşdırılacaq regional layihələrdən əldə edə biləcəyi maliyyə-iqtisadi mənfəətdən məhrum olmaq niyyətindən çox uzaqdır. ABŞ və Qərbin Ermənistanı Rusiyadan qoparmaq layihəsi isə baş tutmayaraq, iflasa uğrayıb. İndi “3+3” formatı uydurma erməni dövlətinə ən yaxşı halda, Azərbaycan, Türkiyə və Rusiyanın təsir dairəsində öz mövcudluğunu sürdürmək şansı vəd edir.

Göründüyü kimi, “3+3” modeli Cənubi Qafqaz üçün geriyə dönməz prosesə çevrilməyə başlayıb. Bu prosesə Qərbin müqaviməti bəlkə də prosesi bir qədər ləngidə bilər. Ancaq bundan sonra onun qarşısını almaq demək olar ki, mümkün deyil.

Ona görə də, Azərbaycan, Türkiyə və Rusiyanın son nəticədə Zəngəzur dəhlizinin açılmasına səbəb olacağı şübhə doğurmayan “3+3” formatında bu qədər israr etməsi tamamilə başadüşüləndir. Bu model hətta İranın kənarda qalacağı təqdirdə, “3+2” formatına çevrilsə belə, heç nə dəyişməyəcək.

Artıq növbəti dəfə “nifaq alması”na çevrilən Cənubi Qafqazın qapıları ABŞ və Qərbin üzünə tamamilə qapadılmış olacaq. Yəni, Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “alınmaz qala”ya çevirməyə çalışdıqları Cənubi Qafqazın inkişaf perspektivləri kənar faktorların təsirlərindən yayındırılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button