Top.Mail.Ru

ARAŞDIRMA

Rusiya ABŞ-dan “təhlükəsizlik zəmanəti” ALIR: Putini kim DAYANDIRACAQ? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Aliyev

Sabah İsveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında “təhlükəsizlik zəmanətləri” adlı görüş keçiriləcək. Bundan əlavə, ayın 12-də Rusiya-NATO görüşü baş tutacaq. Qazaxıstandakı son hadisələri də nəzərə alsaq belə demək mümkündür ki, Cenevrədəki ABŞ-Rusiya zirvəsində bu mövzu da müzakirə olunacaq.

Halbuki, Cenevrədəki görüşün əsas gündəm mövzusu Ukrayna ətrafında cərəyan edən hadisələr, Rusiyanın qərbin qarşısında qaldırdığı “təhlükəsizlik” zəmanəti kimi mövzular olacaqdı. Bildiyiniz kimi, Rusiya NATO-nun şərqə doğru genişlənməsini qəbul etmir və Brüsseldən bu istiqamətdə rəsmi, yazılı “bəyanat” istəyir.

Əvvəldə vurğuladığım kimi, əslində, Kremlin tələbləri, istəkləri daha çox şərt və ultimatum xarakteri daşıyır. Maraqlıdır, qərb Putinin ultimatumuna nə cavab verəcək.

Loading...

Yuxarıda da qeyd etdiyim kimi, Cenevrə görüşündə müzakirə olunacaq başlıqlardan biri də heç şübhəsiz Qazaxıstandakı etiraz aksiyaları və onun nəticələri olacaq.

Xüsusilə, suveren Qazaxıstana KTMT hərbçilərinin daxil olması qərbdə birmənalı qarşılanmır.

Doğrudur, Qazaxıstan KTMT-nin üzvüdür, ancaq bu təşkilatın nizamnaməsində açıq-aydın yazılıb ki, üzv ölkələrin hər hansı birinə xarici intervensiya olarsa, təşkilatın hərbi qüvvələri hərəkətə keçə bilər. KTMT nizamnaməsinin 4-cü maddəsinin 5-ci hissəsində bu maddə aydın şəkildə yazılıb. İndi görünən odur ki, Qazaxıstan prezidenti K. C. Tokayev öz siyasi hakimiyyətini qorumaq və Kremlə yarınmaqdan ötrü Rusiyanın KTMT-sini ölkəsinə dəvət edib.

Qazaxıstan hadisələrinin spontan baş verməsini ilk gündən qəbul etməmişəm. Belə ki, Cenevrədə ABŞ-Rusiya danışıqlarının keçiriləcəyi və gündəm mövzularının nə olacağı əvvəlcədən məlum idi. Və belə demək mümkünsə, bütün dünyanın diqqəti Rusiya və Qərb arasında yanvar ayında keçiriləcək üç görüşə yönəlmişdi. Elə bu əsnada, Qazaxıstandakı məlum hadisələr baş verir və KTMT (əslində, Rusiya) minlərlə hərbçisini, texnikasını bu ölkəyə göndərir.

Şübhəsiz, Kreml bütün post-sovet məkanını özünün arxa baxçası (backyard) hesab edir. İndi Cenevrədə keçiriləcək görüşdə Rusiyanın masada əli daha güclü olacaq.

Qazaxıstan hadisələrindən Kreml böyük ehtimalla Cenevrədə də istifadə etməyə çalışacaq.

Hətta Rusiyanın xarici işlər nazirinin müavini S. Ryabkov dedi ki, Cenevrədəki görüşlərin nəticəsini belə gözləmədən masanı tərk edə bilərik.

Ryabkovun bu təhdidi olduqca təhlükəlidir və üstəlik, Rusiya son bir neçə gün ərzində Ukrayna sərhədinə daha çox əlavə hərbçilər göndərməkdə davam edir. Diqqətlə fikir versək bizə aydın olur ki, Rusiya həm Qazaxıstana müdaxilə etməklə, həm də sinxron şəkildə Ukrayna sərhədində silahlı qüvvələrini cəmləməklə əslində sülhə yox, daha çox hərbi müdaxiləyə hazırlaşır.

Rusiya prezidenti V. Putinin SSR-ni yenidən bərpa edəcəyinə əmin olmasam da, deyə bilərəm ki, rus diktator üçün gələcəkdə “ittifaq” dövlətləri kimi Belarus, Ukrayna və Qazaxıstan həyati əhəmiyyət daşıyır.

Gəldiyimiz nəticə odur ki, Belarus və Qazaxıstanda böyük ölçüdə öz məqsədinə çatan Putinin əsas diqqəti Ukraynaya yönələcək. Mənim ehtimal etdiyim versiyalardan biri də budur ki, V. Putin qərblə yanvar ayında keçirəcəyi üç toplantıdan cığallıq edib ayrılacaq. Hal-hazırda Belarus və Qazaxıstanı nəzərə alsaq, Rusiya masada özünü daha “inamlı” hesab edir və düşünür ki, Ukrayna məsələsini də rahat şəkildə öz xeyrinə həll edəcək.

Bu arada, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali rəhbəri C. Borrel və ABŞ dövlət katibi E. Blinken arasında baş tutmuş telefon danışığında Ukraynadakı son vəziyyət müzakirə olunub. Hazırda ABŞ və Aİ Ukrayna və Şərqi Avropanın təhlükəsizlik məsələlərini koordinasiya şəklində müzakirə edirlər.

Həm ABŞ, həm də Aİ anlayır ki, Putinin aqressiyası Avro-Atlantik məkanın təhlükəsizliyinə təhdiddir.

Yəni, V. Putinin hərbi müdaxiləsi daha çox qitə Avropanı narahat edir.

Hərçənd, ABŞ hazırda əsas diqqətini Çinə yönəltsə də, qərbdəki müttəfiqlərini də Rusiyanın intervensiyasından qorumaq məcburiyyətindədir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button