Top.Mail.Ru

ARAŞDIRMA

KTMT Rusiyanın işğal alətinə ÇEVRİLİR: “Batka” növbəti HƏDƏF ÖLKƏLƏRİ AÇIQLADI

KTMT qoşunlarının yeridilməsindən sonra müstəqilliyi məhdudlaşdırılmış Qazaxıstanı məhz Rusiya-Belarus İttifaqı içərisində “əritmək” niyyəti mövcuddur; Kreml yaxın gələcəkdə ABŞ və Qərbin hərbi-siyasi nəzarəti altına düşmə ehtimalı olan Orta Asiyanı tamamilə Rusiyanın hərbi poliqonuna çevirməyə can atır…

Qazaxıstan böhranı tam şəkildə həll edilməyib. Əksinə, bu böhranın daha da dərinləşmə ehtimalı kifayət qədər ciddidir. Üstəlik, bu böhran onun bütün iştirakçılarını yeni “geopolitik bataqlığa” da sürükləyə bilər.

Məsələ ondadır ki, Qazaxıstanın Tokayev hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələrini dəstək üçün ölkəyə çağırarkən, bir çox hüquqi prosedurlar kobud şəkildə pozulub. İlk növbədə prezident Kasım-Jomerd Tokayev KTMT qüvvələrini Qazaxıstan parlamentinin razılığı olmadan ölkəyə çağırıb. Yəni, ölkənin gələcək taleyi ilə bağlı həlledici qərar sadəcə, bir nəfərin – prezidentin maraqları çərçivəsində qəbul olunub. Ona görə də, artıq Tokayev hakimiyyəti ilə Qazax xalqı arasında siyasi-ideoloji uçurumun yaranmaqda olduğu müşahidə edilir.

be5fd865-860e-48c0-aa0a-bcdf4759a057.jpg (219 KB)

Loading...

Digər tərəfdən, KTMT Tokayev hakimiyyətinin müraciətini böyük həvəslə qəbul edərək, Qazaxıstana qoşun yeridərkən, bu hərbi-siyasi alyansın nizamnaməsi də kobud şəkildə pozulub. Çünki KTMT bu quruma üzv dövlətlərin xarici təcavüzdən qorunması məramı üzərində qurulub. Eyni zamanda, BMT-nin nizanmaməsi çərçivəsində fəaliyyət göstərmək öhdəliyi rəsmən bəyan edilib. Və hazırda bütün bunlara riayət edilmədiyi açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, Qazaxıstana qarşı hər hansı xarici ölkə hərbi təcavüz etməyib. Bu ölkədə baş verən daxili iğtişaşların yatırılması isə KTMT-nın hüquqi fəaliyyət çərçivəsini aşır. Yəni, xarici hərbi təcavüz olmadan KTMT-nın Qazaxıstana silahlı kontingent göndərməsi bu ölkənin daxili işlərinə kobud müdaxilə xarakteri daşıyır. Üstəlik, Qazaxıstanda sülhməramlı missiya icra etdiyi qabardılan KTMT hərbi qüvvələrinin bu ölkəyə yeridilməsi üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası da mövcud edyil.

Göründüyü kimi, KTMT-ya üzv olan ölkələr əslində, Qazaxıstanda “geopolitik bataqlıq” yaradıblar. Üstəlik, bu “geopolitik bataqlıq” elə başda Rusiya olmaqla, KTMT-ya üzv ölkələri uzun müddət üçün öz içərisinə çəkə bilər. Və mümkün qədər biruzə verməməyə çalışsalar da, KTMT daxilində müəyyən narahatlığın olduğu da qətiyyən diqqətdən yayınmır.

Vladimir_Putin_2017_New_Year_Address_to_the_Nation_01.jpg (222 KB)

Maraqlıdır ki, KTMT-ya üzv dövlətlərin son onlayn toplantısında da Qazaxıstan əməliyyatına hüquqi don geyindirmək cəhdlərinin boşa çıxdığı müşahidə edildi. Hər halda, Qazaxıstan olaylarına münasibət bildirən heç bir dövlət başçısı KTMT-nın bu ölkəyə qoşun yeritməsini beynəlxalq hüquq normaları çərçivəsində arqumentləşdirə bilmədi. Nəticədə yenə də beynəlxalq rəqiblərə və region dövlətlərinə müəyyən hədələyici mesajlar verməklə, kifayətlənməli oldular.

Rusiya prezidenti Vladimir Putin “KTMT qüvvələri Qazaxıstanda nə qədər ehtiyac olsa, o qədər qalacaq. Qazaxıstanda beynəlxalq terrorizmin qarşısına sədd çəkilib. Çünki törədilən iğtişaşlar kortəbii xarakter daşımırdı. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər” deməklə, hər hansı sübuta, dəlilə malik olmadığını biruzə verdi. Yəni, Rusiya kəşfiyyatının geniş imkanlarına baxmayaraq, Kreml sahibi Qazaxıstanda hansı beynəlxalq terror qruplaşmasının iğtişaş törətdiyini, onların hansı “qaynaq nöqtələr”də təlim keçdiklərini də deyə bilmədi.

Təbii ki, ona görə də Kreml sahibi “rəngli inqilablar” mövzusunu aktuallaşdırmaqla, vəziyyətdən çıxmağa çalışdı. KTMT-nin belə cəhdlərə qətiyyətlə reaksiya verməyi bacardığını vurğulamaqla, Rusiyanın beynəlxalq rəqiblərinə mesaj göndərdi. Və heç bir ölkənin adını çəkə bilməsə də, Rusiyanın öz sərhədləri ətrafında maraqlarını qorumaqda qətiyyətli olacağını qabartdı.

Belə mövzularda Belarus prezidenti Aleksandr Lukaşenko müzakirələrə müdaxilə etməsə, təəccüblü olardı. Çünki ötən ilin avqustunda Kreml sahibi ilə tərs düşdükdən sonra Rusiyaya qarşı sərt ittihamları ilə diqqət çəkmiş “Batka” devrilmək təhlükəsindən yayınmasının ardından prezident V.Putinin ən sadiq köməkçisi rolunda çıxış edir. Ona görə də, “Batka” iki istiqamət üzrə yeni təkliflə çıxış etməklə, Rusiya-Belarus İttifaqının gələcək planlarını müəyyən mənada, ortaya çıxartmış oldu.

Məsələ ondadır ki, “Batka” Qazaxıstanın Rusiya-Belarus İttifaqına qoşulmasının vacidliyində israrlıdır. Yəni, belə anlaşılır ki, KTMT qoşunlarının yeridilməsindən sonra müstəqilliyi məhdudlaşdırılmış Qazaxıstanı məhz Rusiya-Belarus İttifaqı içərisində “əritmək” niyyəti də mövcuddur. Ardıncasa, Özbəkistan, Tacikistan və Qırğızıstanın da böyük təhlükə qarşısında olduğunu vurğulamaqla, KTMT-nın növbəti hədəflərini biruzə verdi. Halbuki, Özbəkistan KTMT üzvlüyündən çoxdan çıxıb və bu quruma heç bir aiddiyyatı yoxdur.

Göründüyü kimi, prezidenti V.Putin sadiq canişini olan “Batka”nı da yanına alıb, KTMT-nın, daha dəqiq desək isə Rusiyanın hərbi-siyasi nüfuz dairəsini genişləndirməyə can atır. Belə anlaşılır ki, Kreml KTMT-ya üzv dövlətləri terror təhlükəsi ilə qorxudaraq, Orta Asiyada Rusiya hərbi bazalarının sayını artırmağa iddialıdır. Bu baxımdan, yaxın gələcəkdə ABŞ və Qərbin hərbi-siyasi nəzarəti altına düşmə ehtimalı olan Orta Asiyanı tamamilə Rusiyanın hərbi poliqonuna çevirməyə can atır.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button