Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Qanlı “20 Yanvar”-ın gizlinləri BELƏ İFŞA EDİLDİ: Rusiya istintaq işinin 68 cildini…

“20 Yanvara beynəlxalq cinayət hadisəsi kimi sırf hüquqi cəhətdən yanaşmaq hələ mümkün olmayıb…”

“Əslində 20 YANVAR xalqımızın müstəqilliyimizə qoyduğu abidədir…”

20 Yanvar qətliamının artıq 32-ci ildönümünü yaşayırıq. Bir qərinəlik zaman kəsimində Sovet-Rusiya imperiyasının törətdiyi bu ümimxalq faciəsinin hələ də qaranlıq məqamları çözülməmiş, sifarişçi, təşkilatçı və icraçıları cəzasız qalmaqdadır. Bu gün, sadəcə, ərazicə kiçilmiş və adı, cildi dəyişmiş eyni imperiya postsovet məkanında, o cümlədən Azərbaycan torpaqlarında da müxtəlif məkrli oyunlar törətməkdə davam edir. Və nə qədər ki, Kremlin keçmiş işğal, soyqırım və fitnələrinə hüquqi qiymətlər verərək onların nəticələrinə nail olmamışıq, bugünkü işlərinə də lazımi təpki göstərə bilməyəcəyik…

Loading...
Yazının davamı reklamdan sonra

Dəyərli mərhum həmkarımız, Müstəqil Siyasətçilər Hərəkatının rəhbəri olmuş Qeyrət Quliyev 7 fevral 1997-ci ildə “Təzadlar” qəzetində dərc etdiyi “20 Yanvar 7 ildən sonra(təzadların dərdləşməsi)” məqaləsində Qara Yanvar faciəsinə özünəməxsus qiymət verib.

Məqalənin bu gün üçün də hələ aktual olduğunu nəzərə alaraq kiçik ixtisarla Moderator.az oxucularının nəzərinə çatdırırıq:

“20 Yanvar – 7 ildən sonra…
(Təzadların dərdləşməsi)

Dəxli olmayan haşiyə:

Məmləkətimiz elə bir ölkədir ki, burada etdiyi cinayətə görə tutulacağını hiss edənlər siyasətə baş vururlar. Niyə? Ən azı, “siyasətçi” kimi həbs edilərək ictimai rəydə qalmaq şansı var… Belələri bu gün də yox deyil…

Təzadlarla dolu 20 YANVARın təzadları elə həmin gündən başlanmışdı. Məsələn, xalq hərəkatının liderləri elə həmin gün xalqdan ayrılaraq sağ-salamat qurtarmışdılar. Tarix yüzlərlə misallar bilir ki, liderlər xalqın önündə duraraq həlak olublar. 7 ildən çox vaxt keçib, amma getdikcə həmin günün təzadları azalmaq əvəzinə çoxalır. Və əlbəttə, bu, bir tərəfdən dəlillərin aşkarlanmasıyla bağlıdır. Digər tərəfdən isə belə hadisələr bəlkə də heç vaxt qısa zaman kəsiyində dərk edilə, açıla bilməz. Belə vəziyyət həm də 20 Yanvarı “zəncirləyən” bəzi şəxslərin vəzifədə olmaları ilə bağlıdır… Çox böyük maneə avantürizmdir…

Bu günə qədər 20 Yanvara münasibətdə iqtidarlarla xalq olan hissənin arasında çox böyük bir təzad var. Bütün iqtidarların bütün özünü siyasətçi hesab edənləri həmin günə siyasi qiymət verdiklərinə əmindirlər. Əlbəttə, bu, zəruridir. Amma heç bir iqtidar bundan o tərəfə keçməyib və keçmək də istəməyib. Niyə? Çünki onların nümayəndələri də barmaqlıqlar arasına düşə bilərdi. Xalq isə siyasi qiymətdən daha çox, günahkarların cəzalandırılacağı günü gözləyib və hələ də görməyib. Əminəm, hələ uzun müddət görməyəcək də. 20 Yanvara beynəlxalq cinayət hadisəsi kimi sırf hüquqi cəhətdən yanaşmaq hələ mümkün olmayıb…

Başqa bir təzad 20 Yanvar haqqında ictimai rəyin siyasi konyukturanın təsiri ilə formalaşdırılmasındadır. Əslində total iqtidar dəyişiklikləri bu hadisəyə münasibətdə ictimai rəyi azdırmaqla məşğul olub. Elə ki, ictimai rəy müstəqilləşərək hadisənin mahiyyətinə varmaq ərəfəsində olub, o saat ya iqtidar, ya müxalifət tərəfindən ona şok təsiri bağışlayan “dəlil”lər tuşlanıb…

20 Yanvarı abstraktlaşdırırlar, mücərrəd 20 Yanvar obrazı yaradırlar. Belə getsə, ancaq sözçülük qala bilər… Soruşaq görək bu 8 ilə keçiddə nə aydınlaşıb, nə qaranlıqlaşıb? Nisbət sonuncunun xeyrinədir. 20 Yanvarı özününküləşdirirlər. Özü də ona dəxli olmayanlar…

Yalançı əlillər əmələ gəlib. Və ən müxtəlif yalançı “20 yanvar”çılar. Onların arxasında, sağında-solunda, yeri gələndə qabağında durub siyasi, iqtisadi, hətta mənəvi-əxlaqi bizneslə məşğul olanlar yetərincədir. Çoxlarının tanıdığı(televiziya, qəzetlər onu çox təbliğ ediblər) bir həyasız, yalançı “20 yanvar”çını mən də tanıyıram. İddia edir ki, tank onun pəncəsinin üstündən keçib. Və indi hədsiz bahalı çəliklə yalandan axsayır. Yeri gələndə istənilən idarədə hay-küy salıb tir-tap ola bilər. Lazım olanı qoparıb ayağa qalxır. Onun biznesi şaxələnib, dəin köklər salıb. Himayəçiləri dövlət aparatındadır…

Həqiqi 20 Yanvarçılar isə unutdurulur. Onlara məlum idarələrdə deyirlər ki, mən səni tankın qabağına göndərməmişəm və sairə və ilaxır. Bezikdirə-bezikdirə onları itələyib salırlar həyatın dibinə. 20 Yanvar nəsli planlı və məqsədyönlü şəkildə yetişdirilmir. Belə bir nəsil isə müstəqil dövlətimizə mütləq lazımdır. Əslində 20 YANVAR xalqımızın müstəqilliyimizə qoyduğu abidədir. Bu abidənin paklığı qorunmalıdır…

Bu yaxınlarda 9 Aprel Tiflis faciəsinin “qəhrəmanı” general İqor Rodionov (1988-1989-cu illərdə SSRİ Zaqafqaziya hərbi dairəsinin komandanı, Tiflisin komendantı 1989-cu il aprelin 9-da Tiflisdə dinc insanları qətlə yetirən sovet-rus hərbçilərinə komandanlıq edib-S.L.) 20 Yanvar şəhidlərinin uyuduğu Xiyabanı “ziyarət” edəndə canımdan nifrət, intiqam qarışıq üşütçə keçdi: “Urus öldürüb, özü də gül qoyur…” Bəli kimlərsə Şəhidlər Xiyabanına buraxılmamalıdır. Kimlərsə etiraflar etməklə aman diləmək üçün gəlməlidir ki, bu epizodlar vasitəsilə xalqımızın hissindən keçib şüuruna təsir edə bilək…

20 Yanvardan cəmiyyəti parçalamaq üçün istifadə edirlər. Hər “siyasətçi” dəstə kəsib doğruyur. Kəsib-doğratdıranlarla kəsilib-doğrananlar arasında narazılıq ziddiyyət həddinə çatır. Həqiqi günahkarları pərdələmək üçün guya gediş edilir. Təzada bax ha – M.Qorbaçov günahkardır, amma Y.Primakov yox. Və ya Yazov günahkardır, amma o vaxt Bakıda xüsusi qəddarlığıyla seçilmiş A.Lebed yox. Zamana ehtiyacı olan(həll edilmək mənasında) təzaddır və zamanın təzadıdır. Heç kim soruşmur ki, Rusiya niyə istintaq işinin 68 cildini vermir?..

Beləliklə, süni və təbii yaranan 20 Yanvar təzadlarının bir qisminə diqqətinizi çəkdik ki, birlikdə düşünək. Və baxaq görək ki, 20 Yanvarın sonrakı hadisələrə axı nə dəxli var? Hər şey Bakının işğalından başladımı açılışmağa? Elə həmin o Bakıda 8 fevral 1806-cı ildə Sisianovun qarnına xəncər soxulmamışdı? O xəncər necə oldu? O xalq haradadır? Sualları uzatmaq olar, amma onsuz da cavablar… Bu o demək deyil ki, əbədi olaraq…”

Təqdim etdi:
Sultan Laçın

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button