Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! İrəvan və Moskvada CİDDİ NARAHATLIQ: Turan ordusu KTMT-ə qarşı HƏRƏKƏTƏ KEÇDİ

Qazaxıstanda baş verən hadisələrin Türk Dövlətləri Birliyinə təsiri dünya mediasının və analitiklərin diqqət mərkəzindədir. Bu baxımdan, erməni medası da Türk Dövlətləri Birliyinin vahid silahlı qüvvələrinin yaradılması ilə bağlı Türkiyədə səslənən siyasi çağırışları diqqətdən qaçırmır.

Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı hərbi kontingentinin Qazaxıstanda etirazları silahlı yolla yatırması Türk Birliyinə zərbə kimi qiymətləndirilir. Ona görə də Ermənistan mətbuatı KTMT-yə alternativ güc mərkəzi kimi “Turan Ordusu”nun yaradılmasının vacibliyi barədə bəyanatları təhlil edib.

Qeyd edilir ki, Ankarada türk dövlətlərinin vahid ordusunun yaradılması ilə bağlı diskurs yenidən başladı. Bu mövzu Qazaxıstandakı böhrandan və bu ölkə rəhbərliyinin dəstək üçün KTMT-yə müraciətindən dərhal sonra aktuallaşıb. Türkiyənin bir sıra yüksək rütbəli hərbçiləri və diplomatları Türkiyənin müttəfiq dövlətlərin ərazisində konkret güc missiyalarını yerinə yetirməsi üçün məsuliyyət daşıya biləcək “Turan Ordusu”nun yaradılmasını sürətləndirməyi təklif ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

“Türk dövlətlərinin silahlı qüvvələrinin mümkün birləşməsi ilə bağlı söhbətlər Türkiyənin müdafiə nazirinin 2020-ci ildə Qazaxıstanın paytaxtına səfərindən sonra yayılmağa başlayıb. Ötən ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana iki günlük rəsmi səfər edib. O, Nursultanda digər məsələlərlə yanaşı, hərbi tərəfdaşlıq və hüquq-mühafizə orqanlarının inteqrasiyası perspektivlərini müzakirə edib. Moskvada bu mövzuda söhbətlər o dövrdə bir çoxları arasında təbii qıcıq doğurdu. Hətta müdafiə naziri də öz sözünü deməli idi.

Qazaxıstanın Tengrinews.kz internet nəşrinə müsahibə verən Sergey Şoyqu türk dövlətlərinin hərbi blokunun yaradılması perspektivini qeyri-ciddi hesab edib. Eyni zamanda, etiraf edib ki, müəyyən qüvvələr həqiqətən də “Böyük Turan Ordusu”nun reallığa çevrilməsi üçün səylər göstərir. Şoyqunun sözlərinə görə, əslində Türkiyədə türk dövlətlərinin hərbi-siyasi birliyini yaratmaq arzusunda olmaqla yanaşı, həm də bunun üçün müəyyən addımlar atmağa çalışan fiqurlar var.

İlk olaraq türk dünyasının vahid ordusu konsepsiyasının ideoloqlarından sayılan briqada generalı, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz çıxış edib. Karauz deyib ki, Qazaxıstanda baş verən hadisələr türkdilli ölkələrin birləşmiş silahlı qüvvələrinin yaradılmasına dərhal başlamağa vadar edir. “Türk Dövlətləri Təşkilatının elə birinci iclasında birgə hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tədbirlər görülməlidir. Bunun üçün real addımlar atılmalıdır. Geciksək, sağalmaz yara ala bilərik. Hazırda Qazaxıstanda baş verənlər digər qardaş respublikalarda da baş verə bilər”, – deyə briqada generalı “Türkiyənin səsi” portalından sitat gətirib.

Karauzun sözlərinə görə, qüvvələrin qlobal yerdəyişməsi Türk Dövlətləri Təşkilatından KTMT-nin analoqu sayıla biləcək ümumi silahlı qüvvə yaratmağa başlamağı tələb edir.

Bu mövqeyi daha bir tanınmış hərbçi dəstəkləyib. Türkiyə Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, hazırda Dənizçilik və Qlobal Strategiya Araşdırmaları Mərkəzinin rəhbəri, istefada olan kontr-admiral Cihat Yaycı “Yeni Akit” qəzetinə müsahibəsində “Türk ordusu”nun yaradılmasına təcili ehtiyac olduğunu deyib.

Arqument kimi o, Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi nəticəsində yaranmış vəziyyəti göstərib. Cihat Yaycını ən çox Ermənistanın bu missiyada fəal iştirak etməsi qəzəbləndirib:

“KTMT-nin üzvü olan Ermənistan Qazaxıstana qondarma sülhməramlı qüvvələri təqdim edən ölkələr sırasındadır. Biz KTMT qüvvələrinin, xüsusilə də orada erməni hərbçilərin olduğunu nəzərə alsaq, Qazaxıstana daxil olmasından narahatıq. Bu, bütün türk dünyasının dərs almalı olduğu bir hadisədir. Dərsin mahiyyəti aşağıdakı kimidir: Turanın ordusu dərhal yaradılmalıdır. Biz vahid türk xalqı olmalıyıq, Ankara isə kompasımızın mərkəzi olmalıdır”.

Türkiyənin hərbi-siyasi elitasının daha bir neçə nümayəndəsinin ictimai çıxışları da eyni mövzuya həsr olunub. Mətbuatda bu mövzuda çoxlu yazılar dərc edilib. “Akit“ qəzeti Qazaxıstanda baş verənləri təhlil edərək belə qənaətə gəlir:“Belə mühüm məsələləri həll etmək üçün vahid türk İslam ordusu yaratmaq lazımdır.

“Bütün bunlar isə yalnız Qazaxıstanın Türk Dövlətləri Təşkilatından deyil, KTMT-dən kömək istəməyə üstünlük verməsi ilə bağlıdır. Ankarada çoxları rəsmi Nursultanın türk qardaşlarının təklif etdiyi yardıma etinasız yanaşmasına görə şəxsən Ərdoğanı günahlandırır. “İYİ Partiya”dan olan Məclisin deputatı Yavuz Ağıralıoğlu hesab edir ki, Qazaxıstanda baş verən hadisələrdə məhz Türk Dövlətləri Təşkilatı aparıcı rol oynamalı idi və qazaxıstanlılar kömək üçün məhz ona müraciət etməli idilər”.

Millətçilər baş verənləri Turan oxunun zəifləməsi və Qazaxıstanın ondan qopması kimi qiymətləndirir. “Türkiyə” qəzetinin siyasi şərhçisi İsmayıl Kapan yazır ki, türklərin ən çox qorxmalı olduğu şey Qazaxıstanda baş verib:

“Ankarada səslənən bəyanatlar türk dünyasının ərazi birləşməsinə əsas fiziki maneə olan erməniləri narahat etməyə bilməz. Vahid Turan ordusunun yaradılması çağırışlarına Moskvada da adekvat qiymət verilir. Böyük Turanın yaradılması ideyasının özü də ilk növbədə, Rusiyaya qarşı yönəlib. Çünki həm onun hüdudlarında yaşayan yerli türk xalqlarının sayına, həm də onların məskunlaşdıqları əraziyə görə dünyada birinci yerdə olan Rusiyadır”.

Qeyd edək ki, “Turan Ordusu” ideyasının yaradılması yönündə ilk rəsmi müzakiərlər 2014-cü ildə gündəmə gəlib. Həmin vaxt Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan silahlı qüvvələrinin “Turan Ordusu” adı altında birləşməsi yönündə dörd ölkənin müdafiə nazirlərinin danışıqlara başladığına dair məlumat yayıldı. Hətta bu ordunun sayının 2 milyon 8000 min nəfərdən ibarət olacağına dair rəqəm də açıqlandı. Ancaq hələ reallaşmayan bu ideyanın tez-tez səslənməsi, onun ən azı siyasi-ideoloji əsaslarının formalaşması Rusiya, Çin kimi ölkələri narahat edir. Çünki Türk Dövlətləri Təşkilatının vahid ordusunun yaranması KTMT-nin dağılmasına səbəb ola bilər. Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan və Qırğızıstan “Turan Ordusu”na daxil olmaq üçün KTMT-dən çıxmaq məcburiyyətində qala bilər. Türkmənistan isə neytral siyasət yürütdüyünü bəyan etsə də faktiki olaraq, ordunun silahlı qüvvələrin idaərə edilməsinə nəzarət işi Moskvadan idarə olunur.

Rəsmi Aşqabad silah və hərbi texnikanın yalnız Rusiyadan alınması istiqamətində qeyri-rəsmi öhdəlik götürüb. Əgər “Turan Ordusu” formalaşarsa hər üç ölkə Türkiyə və Rusiya arasında seçim etməlidir. Rusiyanın Qazaxıstanda və Mərkəzi Asiyada hərbi-siyasi üstünlüyünü artırdığı hazırkı situsiyada Türk Dövlətləri Birliyinin vahid silahlı qüvvələrinin yaradılması real görünmür. İndiki halda söhbət Türk Dövlətlərinin ümumi ordusunun yaradılmasında daha çox Türkiyə maraqlı tərəf kimi çıxış edə bilər. Çünki söhbət Türkiyənin ətrafında hərbi blokun yaradılmasından gedir.

Qazaxıstan, Qırğızıstan və Türkmənistan isə öz təhlükəsizliyini hələlik Rusiya təmin edir. Ancaq belə bir blokun yaranması Mərkəzi Asiyada hərbi balansı Türkiyənin xeyrinə dəyişə bilər. Bu isə prosesin uyğur türklərinin yaşadığı Sintszan əyalətinə keçəcəyindən narahat olan Çin üçün arzuolunmazdır. Mərkəzi Asiyanın və Qazaxıstanın şimalı isə coğrafi cəhətdən Rusiyanın türkdillai xalqlar yaşayan ərazisinə dayanır. Ona görə də Rusiya Türkiyənin bu bölgədə nüfuzunun artmasında maraqlı deyil. Ancaq Suriyada, Liviyada, Azərbaycanda Rusiya ilə əməkdaşlıq edən Türkiyənin Mərkəzi Asiyada Kremllə qarşıdurmaya getməkdə maraqlı olduğunu söyləmək çətindir.

Müşfiq Abdulla

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button