Top.Mail.Ru
ARAŞDIRMA

Ukraynadan sonrakı HƏDƏFLƏR: Putin Qərbdən ötən əsrin intiqamını ALIR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

2014-cü ildə Krımın, daha sonra Donbasın bir hissəsinin Rusiya tərəfindən işğalından sonra polşalı siyasi lider Jozef Klemens Pilsudskinin “intermarium” ideyasını xatırlatmağın yeri var. Pilsudiski 1-ci dünya müharibəsindən sonra Polşa xalqının Rusiya imperializminə qarşı mübarizəsinin simvolu idi.

İkinci Polşa respublikasının qurucusu və lideri olmuş marşal Pilsudskinin müdafiə etdiyi və illərlə mübarizə apardığı intermarium ideyasının mahiyyəti “dənizlərarası” bir ittifaqı özündə ehtiva edirdi. İntermarium ideyası Polşa, Litva, Latviya, Estoniya, Belorus, Ukrayna, Krım, Finlandiya, Macarıstan, Rumıniya və bəzi balkan ölkələrini əhatə edirdi.

Göründüyü kimi, Pilsudiskinin ittifaq ideyası Baltik dənizindən Qara dənizə qədər olduqca geniş və strateji coğrafiyaya qədər uzanırdı. 1920-ci illərdə J. K. Pilsudiskinin “İntermarium” ideyası reallaşsaydı, yuxarıdakı ölkələr məhz o zaman rus imperializminə qarşı federasiya formatında daha effektiv mübarizə apara biləcəkdilər.

Pilsudiskinin başqa bir ideyası da “Promoteizm” idi ki, bu da çar imperiyası və daha sonra yaradılan SSRİ-nin ayrı-ayrı hissələrə parçalanmasına hesablanmışdı.

Təbii ki, Pilsudiskinin hər iki ideyası fiaskoya uğradı. Çünki, Litva Polşa ilə ittifaq formatında deyil, müstəqil yaşamaq istədi.

Jozef Pilsudski

***

Ukrayna millətçiləri Rusiya imperiyasından qurtulmaq istəsələr də, müstəqil yaşamağa meyilləndilər. Yəni, Şərqi Avropa, Baltikyani respublikalar, Ukrayna, Moldova nə vaxt müstəqilliyə can atsalar da, Rusiya tərəfindən həmişə müdaxiləyə məruz qalmaqdan qurtulmurlar.

Hansı ölkə Rusiya imperializmindən qurtulmaq istəyirsə, dərhal onun ərazisində Kreml “separatizm” kartını işə salır.

Yadıma Rusiyanın imperialist və ekspansionist siyasətindən əziyyət çəkən ölkələrin 1997-ci ilin oktyabrında təsis etdiyi GUAM təşkilatı düşdü. GUAM-ın üzvləri olan Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna bu gün Kremlin ssenari müəllifi olduğu separatizimdən əziyyət çəkirlər.

GUAM “təbii” bir təşkilat idi. Hərçənd, bu təşkilatın “ölü doğulmuş” qurum olduğunu indi də iddia edənlər var. GUAM Rusiyaya qarşı balans yaratmaq üçün qurulmuş regional təşkilat idi. Mən GUAM-a ona görə “idi” deyirəm ki, indi bu təşkilatın varlığından xəbər belə yoxdur.

Yadınızdadırsa, Özbəkistan da 1999-2005-ci illərdə GUAM-ın üzvü idi. Daha sonra Daşkənd V. Putinin təzyiqlərinə tab gətirməyib, təşkilatı tərk etdi. İndi bəzi siyasətçilər GUAM-ın fəaliyyətinin aktivləşdirilməsini istəyir.

Mümkündürmü?

Əlbəttə, siyasətdə qeyri-mümkün heç bir şey yoxdur. Lakin GUAM-ı aktiv etmək və onu Rusiyanın destabilizasiya siyasətinə qarşı hərəkətə keçirmək indiki mərhələdə təəssüflər olsun ki, mübahisəlidir.

Halbuki, GUAM MDB-yə qarşı alternativ ola bilərdi. Lakin reallıq budur ki, MDB-də formal bir qurumdur və V. Putin hazırda əsas diqqətini Avrasiya İqtisadi Təşkilatına yönəldib.

Doğrudur, GUAM həm də geoiqtisadi bir təşkilat kimi üzv dövlətlər arasında “azad ticarət zonası” ideyasını realizə edə bilərdi. Əfsuslar olsun ki, bu da baş tutmadı.

***

İndiki situasiya belədir ki, avtoritar Putin rejimi əlində olan bütün siyasi və iqtisadi rıçaqlarla qərbə meydan oxuyur. Əgər, Rusiya Ukraynanı işğal edərsə, mən Putinin daha da aqressivləşəcəyini proqnoz edirəm.

Rusiya NATO qarşısında qaldırdığı tələblərin yerinə yetirilməsini istəyir. Putin açıq-aydın deyir ki, NATO əvvəlki sərhədlərinə qayıtmalıdır, şərqi Avropa və baltikyani respublikalardakı təsirini azaltmalıdır. Bu, o deməkdir ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək və növbəti hədəf Latviya, Litva və Estoniya ola bilər.

Çünki, həm Latviya, həm də Estoniya əhalisinin təxminən 20-25 faizi etnik ruslardır və bu, avtoritar Putin üçün növbəti “separatizm” mənbələridir.

Pessimist əhval-ruhiyyə aşılamıram, ancaq həqiqət budur ki, ABŞ Rusiya ilə müharibə istəmir. Böyük Britaniya Avropa İttifaqını tərk edib və onun üçün qitənin təhlükəsizliyi əvvəlki kimi əhəmiyyət daşımır. Aİ-in yeganə nüvə dövləti Fransa isə bir müddətdir ki, Afrikada Rusiya ilə üz-üzədir.

O ki qaldı Rusiyaya qarşı ağır iqtisadi sanksiyalara, bu, mümkündür. Lakin Rusiya elə bir aqressordur ki, bu dövlət ən ağır iqtisadi şərtlərdə belə imperialist məqsədlərinə çatır.

Rusiya faktiki olaraq 1-ci dünya müharibəsini uduzdu, 1917-ci ildə böyük oktyabr inqilabı nəticəsində Romonovlar sülaləsi süqut etdi və imperiya dağıldı. Ancaq Rusiya imperiyanın dağılması ilə ayrılan subyektləri zor gücünə birləşdirib 1923-cü ildə SSRİ adlı dövlət qurdu.

İndi bəzi insanlar deyir ki, Rusiyanın iqtisadi gücü zəifdir. Bəli, doğrudur, ancaq ötən əsrin 20-ci illərində Rusiyanın iqtisadi vəziyyəti bugünkündən yaxşı deyildi.

Üstəlik, ötən əsrin 20-ci illərində Lenin və Stalinin nüvə silahı yox idi.

Məncə, demokratik qərb də son onilliklər ərzində harda səhv etdiyini götür-qoy etməli, mümkünsə “özünütənqidə” yer verməlidir.

Necə oldu ki, 1991-ci ildə SSRİ-in dağılmasından sonra bərbad vəziyyətdə olan bu ölkə indi bu qədər azğınlaşdı?

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button