Top.Mail.Ru

ARAŞDIRMA

KTMT Orta Asiyada İFLASA UĞRADILDI: Kremlin hərbi gücü PARÇALANIR, yeni “XAOS BATAQLIĞI” hazırlanır

Qərbin hərbi-siyasi strateqləri yaxın gələcəkdə Rusiyaya qarşı işə sala biləcəkləri yeni ssenariləri artıq tədricən sınaqdan çıxartmağa başlayıblar; KTMT-nın NATO ilə müqayisə edilməsinin mənasız məşğuliyyət və Rusiya üçün əhəmiyyətsiz hərbi-siyasi alyans olduğu sübuta yetirildi…

ABŞ və Qərbin Rusiya ilə qarşıdurması dərinləşir. Qərbin hərbi-siyasi texnoloqları MDB məkanında Rusiyaya qarşı ciddi problemlər icad etməkdə davam edirlər. Və hadisələrin indiki inkişaf istiqamətləri MDB məkanında Rusiyanın nəzarətində olan hərbi-siyasi qüvvələrin parçalanmasına, eləcə də, Kremlin Qərbə qarşı müqavimət resurslarının tükənməsinə də yol aça bilər.

Məsələ ondadır ki, ABŞ və Qərb MDB məhanında Rusiya üçün Ukrayna böhranı kimi nəhəng problemi artıq hazır vəziyyətə gətirib. Kremlin bu problemi həll etməsi, Ukrayna ilə Rusiyanın münasibətlərini normal məcraya yönəldə bilməsi o qədər də asan olmayacaq. Bu baxımdan, Rusiyanın öz əsas hərbi-siyasi resurslarını məhz Ukrayna böhranı ətrafında yaranmış vəziyyətin nizamlanmasına yönəltməsi qətiyyən təəccüblü deyil.

Ancaq ABŞ və Qərb Rusiyanı rahat buraxmaq niyyətində deyil. Belə ki, hazırda MDB məkanının müxtəlif bölgələrində Rusiyaya qarşı yeni problemlərin yaradılmasına yönəlik ssenarilərin işə salınmaqda olduğu da müşahidə edilir. Və buna ilk cəhdlərdən biri kimi məhz Qazaxıstan böhranını misal göstərmək olar.

Loading...
Yazının davamı reklamdan sonra

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Təbii ki, Qazaxıstan böhranı qətiyyən səbəbsiz və ya özbaşına yaranmamışdı. Bu böhranın arxasında hansısa “səhnəarxası əlləri”in drijorluq etdiyi qətiyyən şübhə doğurmurdu. Qazaxıstan böhranını törədilməklə, bir tərəfdən Orta Asiyada yeni xaos məkanının yaradılma perspektivləri sınaqdan çıxarıldı. Digər tərəfdən isə Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni hərbi-siyasi çağırışlara reaksiya qabiliyyəti yoxlanıldı.

Maraqlıdır ki, Rusiya siyasi dairələrində hesab edirlər ki, KTMT Qazaxıstan böhranından uğurla çıxdı. Bu hərbi-siyasi alyans öz təsiri altında olan regionlarda baş verənlərə operativ reaksiya bacarığını və gücünü təsdiqlədi. Və Kremlə yaxın siyasi dairələr bu “nailiyyəti” KTMT-nın NATO-ya alternativ olmaq imkanlarının sübutu kimi təbliğ edirlər.

Ancaq nə qədər qəribə də olsa, Rusiya siyasi dairələri Qazaxıstan böhranının KTMT qoşunlarının birbaşa fəal iştirakı olmadan nizamlanmasına hər hansı izah verməkdən məqsədyönlü şəkildə yayınmağa çalışırlar. Çünki, KTMT-nın Qazaxıstan böhranının nizamlanmasında rolu bu ölkəyə qoşun yeritməkdən və dərahl da geri çıxmaqdan uzağa getmıyib.

Yəni, Qazaxıstanda uzun müddət qalmaq niyyətində olan KTMT qoşunları bu ölkəyə yerləşdikdən dərhal sonra Tokayev hakimiyyətinin tələbiylə çıxarılıb. Və Kremlə yaxın siyasi dairələr Tokayev hakimiyyətinin KTMT qoşunlarına dərhal tez-tələsik “qapını göstərməsi”nin əsl səbəbləri – Qərbin investorlar üzərindən Qazaxıstan hökumətinə təzyiqləri barədə danışmağa da qətiyyən həvəsli deyillər.

20220106170807-1088.png (304 KB)

Belə anlaşılır ki, Kremldə Qərbin Qazaxıstanda Rusiyaya və KTMT-ya qarşı bir əməliyyat apardığını bilsələr də, israrla susurlar. Hər halda, Qərbin Qazaxıstan əməliyyatının uğurlu olduğu artıq qətiyyən şübhə doğurmur. Çünki, Rusiyanın Orta Asiyaya nəzarət etməkdə çətinlik çəkdiyi birmənalı şəkildə təsdiqlənib.

Orta Asiyada son baş verən hadisələr onu göstərir ki, Rusiyanın beynəlxalq rəqibləri həm Kremli, həm də KTMT-nı bu regionda sınağa çəkməkdə davam edirlər. Hər halda, Ukrayna böhranı ucbatından Rusiyanın ABŞ və NATO ilə qarşıdurması artıq savaş həddinə çatdığı bir vaxtda Orta Asiyada növbəti silahlı toqquşmalar baş verib. İndi bu region növbəti savaşa və hətta xaosa sürətlə yaxınlaşan bölgə təsiri bağışlayır.

Məsələ ondadır ki, Qırğızıstan və Tacikistan arasında silahlı toqquşmaların təsdüfən baş verdiyinə indi yalnız sadəlövhlər inana bilərlər. Halbuki bu iki ölkə KTMT-nın üzvləridir və cəmisi bir neçə həftə əvvəl Qazaxıstana təmsil etdikləri hərbi-siyasi alyansın tərkibində ortaq qoşun yeritmişdilər. Və bu məqam olduqca böyük əhəmiyyət daşıyır.

Böyük ehtimalla bir müddət öncə Qazaxıstan əməliyyatını reallaşdıran “səhnəarxası güclər” bu dəfə KTMT-ya üzv olan iki dövlət arasında silahlı toqquşmalar törətməklə, Rusiyaya növbəti dəfə mesaj verirlər. Yəqin ki, KTMT-nın NATO ilə müqayisə edilməsinin mənasız məşğuliyyət xarakteri daşıdığından xəbərdar olduqlarını sezdirməyə çalışırlar. Kremlə Orta Asiyanı Rusiya üçün yeni hərbi-siyasi xaos bataqlığına çevrə biləcəklərini anlatmaq istəyirlər.

qirgizistan.jpg (120 KB)

Belə anlaşılır ki, KTMT-ya üzv olan iki dövlətin arasındakı silahlı insidentlə bu qurumun parçalanmaya meyilli olduğu sübut edildi. Qırğızıstan əslində, KTMT-nın tərkibində Qazaxıstana qoşun göndərməyə də qətiyyən həvəsli deyil. İndi bu dövlətin Tacikistanla silahlı toqquşması KTMT-nın daxilində ciddi problemlərin olduğunu göstərir. Və KTMT-nən bu iki dövlət arasında baş verənlərə reaksiya verməkdə çətinlik çəkməsi Kremlin “operativ reaksiya” iddialarını əhəmiyyətdən salır.

Digər tərəfdən, Kremlə mesaj verilir ki, Orta Asiya dövlətləri arasında qarşıdurmaların dərinləşdirilməsi ilə Rusiyanın hərbi-siyasi qüvvələrini tamamilə parçalaya bilərlər. Üstəlik, Rusiyanın Orta Asiya sərhədlərində yeni xaos məkanı yaratmaqla, Kremli çətin vəziyyətə salmaq da mümkündür. Çünki, əsas resurslarını Ukrayna böhranı ətrafında cəmləşdirmiş Rusiyanın Orta Asiyaya nəzarəti təmin etmək imkanları qənaətbəxş deyil.

Göründüyü kimi, Qərbin hərbi-siyasi strateqləri yaxın gələcəkdə Rusiyaya qarşı işə sala biləcəkləri yeni ssenariləri artıq tədricən sınaqdan çıxarırlar. Eyni zamanda, bu sınaqlarla, KTMT-nın Rusiya üçün əhəmiyyətsiz hərbi-siyasi alyans olduğunu da sübuta yetirmiş oldular. Yəqin ki, Kreml Qərbin Orta Asiya və KTMT ilə bağlı yeni mesajlarını nəzərə almaq məcburiyyətində qala bilər.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button