Top.Mail.Ru

ARAŞDIRMA

Putin Qarabağ məsələsinin bitdiyini ELAN ETDİ – Erməniləri özündən çıxaracaq BƏYANAT

Bu gün dünya mühüm dəyişikliklərdən keçir, bəşəriyyət sürətli inkişaf və dərin transformasiya dövrünə qədəm qoyur. Çoxqütblülük, iqtisadi qloballaşma, dünya nizamındakı proseslər və hadisələrdə dəyişikliklər müşahidə olunur. Dövlətlər arasında qarşılıqlı əlaqə və asılılıqlar artır, dünyada gücün yenidən bölüşdürülməsi tendensiyası yaranıb.

Bu gün Rusiya ilə Ukrayna arasında pik həddinə çatan gərginlik fonunda güc mərkəzləri dünyanı iqtisadi bölüşdürmək sevdasındadırlar ki, bu proses artıq sürətli şəkildə həyata keçirilir. İki gün əvvəl Aİ-nin prezidenti Mişel və Fransa lideri Makronun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin onlayn formatda keçirilən görüşünü rəsmi Bakı üçün uğurlu hesab etmək olar. Çünki Makron və Mişelin yekun bəyanatında Minsk qrupuna istinad edilməməsi və “Dağlıq Qarabağ münaqişəsi” qeydinin olmaması, ümumiyyətlə Qarabağ adının çəkilməmisi o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxarılmışdı, Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul etməyə başlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Lakin ötən gün Makronun Moskvaya gələrək Putinlə baş tutan görüşü zamanı da müzakirə ediləcək məsələlər arasında Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsi və Minsk Qrupu ilə bağlı mövzuların da iki dövlət başçısı arasında müzakirə ediləcəyi istisna edilmirdi. Putinlə Makron arasında 6 saat davam edən görüşdə Ukrayna-Rusiya gərginliyi, qaz böhranı, Fransada preizdent seçkilərinə Rusiyanın mümkün müdaxiləsi məsələləri ilə yanaşı Ermənistan-Azərbaycan mövzusu da masaya yatırılıb.

Görüşün bu qədər uzun çəkməsi Moskvaya Ukrayna böhranı ilə bağlı önəmli təkliflə getdiyi deyilən Makronun Rusiya-NATO böhranında Moskva-Brüssel arasında körpü rolunu oynamaq planının istədiyi kimi nəticələnmədiyini güman etmək olar.

Öncə gələk bu iki liderin görüşünün keçirildiyi məkanda arxasında əyləşdikləri masaya… Putin bu masa arxasında Makron üçün ayırdığı yerlə öz əyləşdiyi yer arasındakı məsafənin bu qədər böyük olması ilə Qərbə, dünyaya bəzi mesajlar verdi. Hər zaman keçirdiyi rəsmi görüşlər zamanı məkana və oradakı bütün detallara xırdalığına kimi diqqtə yetirən Putinin bu dəfə də həmin nüanslara xüsusi diqqət ayrıdığı istisna edilmir. Rusiya lideri Makronla arasında buraxdığı bu böyük məsafə ilə rəsmi Moskvanın Parislə münasibətlərinin arasındakı uçurumu, adlarının ortaq çəkildiyi proseslərdəki mövqelərini, ayrı-ayrı qütblər olduğunu nümayiş etdirdi. Konkret desək, Putin masa ətrafında Makronla arasında bu qədər məsafəni buraxmaqla Rusiya ilə Fransanın hazırki hakimiyyətinin bir-birindən çox uzaq mövqeyə malik olduğunu nümayiş etdirdi. Dünya mətbuatının da bu məqam diqqətindən yayınmadı. Makronla Putin arasındakı məsafə dünya mətbuatında Fransada “Makron elə Parisdəki iş otağından onlayn da danışa bilərdi” zarafatına mövzu oldu. Normalda çox sadə məntiqlə yanaşsaq, insan sevmədiyi qonaq evinə təşrif buyuranda onunla bu qədər məsafəli dayanmağı üstün tutar. Əslində isə ümumilikdə Putinin hesablamaları özünü doğrultdu deyə bilərik: Uzun masa bəlkə də danışıqların uzun çəkəcəyini öncədən işarə etmişdi.

Onlar arasında danışıqların bu qədər uzun çəkməsi isə təbii ki, heç də tərəflərin söhbətlərinin uğurlu alındığı anlamına gəlmir. Demək ki, onlar hansısa məsələlərdə ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər, hansısa proseslərlə bağlı razılığa gələ bilməyiblər ki, dialoqları bu qədər uzun çəkib. Görüşdən sonra Putinin zalı tərk edərkən bədən dili bir çox nüanslara aydınlıq gətirmək baxımından önəmli idi. Putin mətbuat konfransından sonra Makronu gözləmədən salondan çıxır ki, Kreml rəhbəri bu addımı ilə Fransa prezidentinə onu ciddiyə almadığını, siyasi lider kimi önəmsəmədiyini nümayiş etdirdi.

RF-nın prezidenti V.Putin Fransa respublikasının prezidenti E.Makronla bağlı qapılar arxasında keçirilən bir neçə saatlıq görüşdən sonra jurnalistlərin suallarına cavab verərkən ona qarşı cəbhə alan qüvvələri təhdid etməkdən də çəkinməyib. Kreml rəhbəri “Əgər NATO Ukraynanı öz sıralarına daxil edəcəksə, heç şübhəsiz o bizdən Krımı tələb edəcək və beləliklə alyans ölkələri ilə Rusiya arasında müharibə qaçılmaz olacaq. Biz başa düşürük NATO-nun hərbi gücü bizdən dəfələrlə çoxdur, amma unutmayın ki, biz də zəif deyilik və xeyli sayda inkişaf etdirilmiş texnologiyalara malik nüvə ölkəsiyik. Bizim təhlükəsizliyimizə qarşı hər hansı bir addım atılacağı təqdirdə cavabımız çox ağır olacaq və bu müharibədə kimsə qalib olmayacaq, hamı uduzmağa məhkum olacaq” açıqlaması ilə Rusiyaya qarşı müharibəyə üçüncü, dördüncü qüvvələrin müdaxiləsinin olacağı təqdirdə nüvə silahını işə salacağını bəyan edib. Əslində bu açıqlaması ilə Rusiya NATO-ya Ukraynanı silahlandırmağı dayandırmayacağı təqdirdə müharibənin qaçılmaz olduğunu bəyan etməklə yanaşı, məğlub olmamaq üçün bütün qitəni, dünyanı belə məhv etməyi gözə alacaqları ilə bağlı mesaj verib. Dolayısı ilə Putin bu açıqlaması ilə müharibənin başlayacağını istisna etmədiyini bəyan edib.

Dünyanın diqqətlə izləməyə çalışdığı bu görüş zamanı heç şübhəsiz ki, Azərbaycan üçün vacib mözulardan biri məhz hələ də aralarında bir çox məsələlərin həllini tapmadığı, üzərindən bir ildən çox vaxt keçməsinə rəğmən 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaların çoxunun icra edilmədiyi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələ idi. Gözlənildiyi kimi Putin Makronla görüşdə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra birgə mətbuat konfransında Kreml rəhbəri bu istiqamətdə etdiyi açıqlamalarla rəsmi Bakının mövqeyini əks etdirib.

Belə ki, öz çıxışında Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirən Rusiya dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar. Bununla da Putin ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, eləcə də Amerikaya bildirmiş oldu ki, Qarabağda bir vasitəçi var, ola bilər, o da Rusiyadır. Putinin “Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar” sözləri isə tamamilə Prezident İlham Əliyevin fikirləridir desək yanılmarıq. 44 günlük müharibə ilə 30 illik işğala son qoyulduğu üçün hər hansı bir münaqişənin söhbət mövzusu olmadığını az qala hər çıxışında qeyd edən Azərbaycan Prezidenti, bununla da Minsk Qrupunun “münaqişənin həlli” ilə bağlı regionda hər hansı bir məsələdə iştirakının da artıq mümkünsüz olduğu, geridə qalan illər ərzində “missiyalarının” öhdəsindən gələ bilmədikləri barədə dediklərinin təsdiqi idi. Putin bu açıqlaması ilə 10 noyabr üçtərəfli bəyanatından sonra Minsk Qrupunun fəaliyyətinin formal xarakter daşıdığını işarə edib. Kreml sahibi eyni zamanda Qərbə bir daha xatılratmış oldu ki, artıq “Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” deyilən bir şey qalmayıb, ona görə Minsk Qrupu regionda iştirak etmək istəyirsə, burada yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətdən söhbət gedə bilər.

Rusiya lideri bu açıqlaması ilə Azərbaycanın mövqeyini nümayiş etdirməkdən ziyadə, Cənubi Qafqazda hərbi iştirak baxımından Türkiyədən başqa bir dövlətin mövcudluğuna qarşı olduğunu nümayiş etdirdi. Eyni zamanda Ermənistana da mesaj verdi ki, Qarabağ məsələsi artıq qapanıb, həll edilmiş bir konflikti gündəmə daşıyıb manipulyasiya etmək cəhdiniz ancaq vaxt itkisidir.

Postkonflikt dövründə hadisələrin bu cür cərəyan etməsi şübhəsiz ki, Bakının xeyrinədir. Azərbaycan da regionda kənar müdaxilələrə qarşıdır. Moskva, Bakı və Ankara demək olar ki, bu məsələdə artıq yekun qərarı veriblər, hələ 44 günlük müharibənin gedişindən…

Milli.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button