Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ, Fransa və Rusiyanın ortaq “Qarabağ marağı” – BMT TŞ-də Azərbaycana təhlükə varmı…

Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım göndərilib. Bu, Bakının bir günlük antiterror tədbirlərindən sonra ilk belə faktdır.

Görəsən, Moskvanın “humanizm damarı”mı tutub, yoxsa torbada yenə “pişik” var?

Saytların yığılması Saytların yığılması

“Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, adyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var?”

Belə bir ritorik sualı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın Ermənistana “humanitar yardım” göndərməsini şərh edərkən səsləndirib. O bildirib ki, Qarabağda yaşamış ermənilər iki aya yaxındır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər: “Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır. Görünür, Kremldəkilərin Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidləri itməyib. Rusiya 1-ci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüz minlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransa və ABŞ-dan daha ”irəli” getdi”.

Onu da qeyd edək ki, Qarabağdan Ermənistana könüllü miqrasiya edən ermənilərin yalnız 1143 nəfəri hazırda yataqxana və sosial evlərdədir. Yerdə qalanlar öz evlərində və yaxud boş mənzillərdə yerləşiblər. Kremlin “humanitar” jesti nəyin təzahürüdür, Bakıdan narazılığınmı? Bəs BMT TŞ-nin budəfəki iclasında 5 daimi üzvdən biri kimi Rusiya ABŞ və Fransa ilə birləşib əleyhimizə birgə hərəkət edə bilərmi? Belə təhlükə varmı? Axı ermənilərin Qarabağa qayıdışı Moskvaya da əl verir. Ən azından Azərbaycana qarşı “separatizm kartı”nə təzədən əldə eləmək şansı yaranır. Hərçənd Qərb (ABŞ və AB) Rusiyanı regiondan çıxarmağa, Qarabağda özünün “sülhməramlıları”nın olmasına çalışır.

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli: “Bu siyasi xarakterli bir aksiyadır”

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Qərb təsisatlarının Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərə yardımlarından sonra Rusiyanın da adekvat addım atacağı gözlənilən idi: “Qərbin sentyabrın 20-dən öncə davamlı olaraq, təxribat xarakterli ”humanitar yük” şoularından sonra Rusiyanın Ağdam-Xankəndi yolu ilə ermənilərə yardım göstərdiyini xatırlamaqla, ümumi mənzərəni göz önünə sərgiləmək olar. Mövcud olduğu zaman kəsiyində USAİD-in “humanitar” missiya həyata keçirməsi ilə bağlı çox azsaylı faktlar var. Bu, təşkilatın fəaliyyət dairəsinə daxil olan ən son məsələlərdən biridir. Bu da yalnız təcili, həyati vacib məqamlarda həyata keçirilir. Azərbaycan ərazilərini könüllü şəkildə, rahatlıqla tərk edən, Ermənistanla daimi əlaqələri olan, əksəriyyətinin Ermənistanda, Rusiyada və digər ölkələrdə evi, biznesi olan erməni əsilli şəxslərin, indiki şəraitdə “təcili”, “zəruri” yardıma nə kimi ehtiyacı ola bilər ki? Bəllidir ki, bu siyasi xarakterli bir aksiyadır. Nəzərə alsaq ki, ölkəmizi könüllü tərk edən ermənilər 3 ilə yaxın bir zaman kəsiyində Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayıblar, o zaman onlara Rusiya tərəfindən yardım göstərilməsinin, az da olsa məntiqi izahı var. Baş verənlərin mahiyyəti isə, aydın və sadədir. Qərb Azərbaycan ərazilərindən Ermənistana köçən şəxsləri öz himayəsinə götürməklə, onların öz canişininə – Nikol Paşinyana qarşı çıxış etmələrinə mane olmaq, həmçinin onların vasitəsilə Azərbaycana təzyiq imkanları əldə etmək istəyir. Hazırda Qərbin sülh müqaviləsi ilə bağlı danışıqları Ermənistan vasitəsilə bloklamasının və Azərbaycana qarşı yalan, böhtan və qarayaxma üzərində qurulmuş kampaniya aparmasının əsas səbəbləri də, nəyin bahasına olursa-olsun Nikol Paşinyanın hakimiyyətdən getməsinə zəmin yarada biləcək hadisələrin qarşısını almaq, Rusiyanın Ermənistana və ermənilərə təsir imkanlarını mümkün qədər azaltmaq, sülh prosesində bölgəyə müdaxilə üçün hansısa mexanizmlərin yer almasına nail olmaqdır. Bunu bölgə dövlətləri kifayət qədər yaxşı başa düşürlər və şübhəsiz ki, bu olanların pozulması üçün adekvat tədbirlər həyata keçirmək məcburiyyətindədirlər. Mənə görə, 40 tonluq “humanitar yardım”, həm də xəbərdarlıq xarakteri daşıyır və çox güman ki, yaxın zamanlarda Ermənistan hakimiyyətini ciddi çağırışlar qarşısında qoyacaq addımların şahidi olacağıq”.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Azərbaycan Rusiya ilə bağlı münasibətdə ehtiyatını əldən verməməlidir”

AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov Rusiya ilə münasibətlərdə hər zaman ehtiyatlı olmağın tərəfdarıdır: “Rusiya regionda əsas təhlükə olaraq qalır və ikibaşlı oyununu da davam etdirir. Bu gün Moskva Paşinyan hökumətinə qızğın, qəzəbli ola və Ermənistanın Qərbin əlində alətə çevrilməsindən qıcıqlana bilər. Yaxud da Ukraynaya hərbi təcavüzünə görə beynəlxalq sanksiyalar altında Azərbaycan və müttəfiqi Türkiyəyə ciddi ehtiyacı yarandığından hər iki dövlətin maraqlarına güzəşt etməsi də açıq aydındır. Lakin unutmayaq ki, Ermənistan adlı dövləti Rusiya yaradıb və tarixən yüz illər boyu erməni kartından öz məqsədləri üçün səmərəli şəkildə istifadə edib. Paşinyan bu gün var, sabah olmayacaq. Bu heç də o demək deyil ki, İrəvan Qərpərəst və Qərbin bir parçasına çevriləcək, yaxud da indiki siyasət davamlı olacaq. Ermənistan elə bir coğrafi məkanda yerləşir ki, həmin məkanda Qərbə münasibət birmənalı deyil. Hətta deyərdim ki, mənfi əks-səda doğurur. Ermənistan Rusiyanın forpostudur və Paşinyan nə qədər cəhd etsə də, bu ”statusu” dəyişə bilməz. 44 günlük müharibə və ondan sonrakı proseslərdə Rusiyanın əvvəlki tək birtərəfli və qatı ermənipərəst mövqe tutmasından incik düşən erməni ictimaiyyətini bir qədər sakitləşdirmək, həmçinin anti-Rusiya əhvalı dəyişməyə ehtiyac var. Eyni zamanda nümayiş etdirmək lazımdır ki Rusiya daima erməni xalqının yanındadır. 40 ton yük əslində elə də böyük yardım deyil. Lakin bunun siyasi çəkisi fərqlidir. Bu Ermənistan üzərindən siyasət quran və regionda fəllaşmağa can atan regiondan kənar oyunçulara da bir göstəridir. Məni narahat edən odur ki, Moskva Cənubi Qafqazda, xüsusən də, Azərbaycanda nəzarəti və təzyiqini saxlamaq üçün köç edən ermənilərin bir qismini geri Qarabağa, Xankəndinə və digər ərazilərin qaytarılmasını həyata keçirə bilər. Ukraynadakı müharibə sonsuzadək davam edə bilməz və əvvəl axır nəticəsindən asılı olmayaraq bitəcək. Və Rusiyanın postsovet məkanına diqqəti artacaq. Xüsusən də Cənubi Qafqaza istiqamətlənəcək. Əgər indiki reallıqlarla və normalaşma uğurlu alınsa, o zaman Moskvanın Cənubi Qafqazda möhkəmlənməsi çətin olardı. Odur ki, təcrübədən çıxmış “parçala və hökm sür”, yaxud xalqları üz üzə qoymaq taktikası Kreml üçün çox gərəklidir. Bəzən belə düşünmək olar ki, Putinin göndərdiyi yardım sırf insani məna kəsb edir. Ancaq nəzərə almaq lazımdır ki, diplomatiyada hətta humanitar yardımın da bir siyası anlamı var. Görünən o ki, bu humanitar yardım adı ilə verilən mesajın arxasında Rusiyanın məkrli planları mövcuddur. Rusiyanın Azərbaycanla indiki əlaqələrinə və münasibətlərinə çox da aludə olmağın tərəfdarı deyiləm. Rusiyanın istərsə qonşuları ilə, istərsə də, digər müttəfiqləri ilə bağlı sabit və etibarlı mövqeyi olmayıb. Bununla belə yaxın müddət ərzində BMT TŞ-də Azərbaycanla bağlı müzakirəyə çıxarılacaq məsələlər barədə Fransa və ABŞ-la eyni mövqedən çıxış edərək Azərbaycan əleyhinə çıxacağını düşünmürəm. Həm də ona görə ki, hər iki dövlətlə regionda rəqabətdədir və bir birlərinə güzəşt edəcəkləri inandırıcı deyil. Rusiyanın regionda öz maraqları və öz oyunları var. Odur ki, Azərbaycan Rusiya ilə bağlı münasibətdə ehtiyatını əldən verməməlidir. Qərblə münasibətlərini düzəltməyə çalışmalıdır”.

Yazar: Kənan Novruzov

Kənan Novruzov: “Putin bu addımı ilə Paşinyana xatırladır ki…”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd etdi ki, Vaşinqton, Paris və Moskvanın Cənubi Qafqazla bağlı maraqları həmişə oxşar olub: “Onlar Qarabağ kartından istifadə edərək bölgədəki təsir güclərini artırmağa çalışıblar. Sadəcə olaraq son zamanlar yaranan geosiyasi reallıqlar bu maraqların fərqli formada və dərəcədə təzahürünə şərait yaradır. Rusiyanın son zamanlar məsələyə daha loyal, Paris və Vaşinqtonun isə daha aqressiv yanaşması bununla bağlıdır. Əlbəttə, ”humanitar yardım” oyunu heç də xoşagələn deyil. Rusiya, ola bilsin, bununla ondan üz döndərməkdə olan Ermənistan hakimiyyətinə mesaj verir. Və İrəvanın Moskvadan nə qədər asılı olduğunu göstərməyə çalışır. Bəlkə də, Putin bu addımı ilə Ermənistan baş naziri Nikol Paşinyana xatırladır ki, Moskva hələ də İrəvan üçün “hava yastığı” ola bilər. Hər halda bu prosesin Paşinyanın sürətlə Kremldən uzaqlaşdığı vaxtda baş verməsi diqqət çəkir. Amma bizim üçün ciddi təhlükənin olduğunu düşünmürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bənzər yazılar