Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ və Qərb Rusiya ilə “Qafqaz masası”nda savaşır: Bakı və İrəvanın sülh sazişi üçün tək variantı qaldı

Həm ABŞ və Qərb, həm də Rusiya yekun sülh sazişinin imzalanmasına platforma təqdim etməklə, Cənubi Qafqaza geopolitik müdaxilə mexanizmləri qazanmağı hədəfləyir… Çünki buna nail olan tərəf, uzun müddət orbitr statusu ilə sülh sazişi üzərindən regionda özünün geopolitik maraqlarını diqtə şansı əldə edə bilər, bu, Cənubi Qafqazın gələcək inkişaf perspektivlətinə ən ciddi təhdiddir…

Ermənistan ölkədaxili xaosa doğru sürüklənir. “Kilsə qiyamı”nın ssenari müəllifləri kütləvi etiraz aksiyalarını artıq küçə iğtişaşlarına çevirməyə çalışırlar. Ən önəmli məqam isə Ermənistanın siyasi lider qıtlığı yaşamasıyla bağlıdır. Hər halda, erməni toplumu bir keşişin liderliyini qəbul edərək, onun arxasınca gedəcək inkişafdan uzaqlaşıb. Keşiş Baqrat isə intellektsizliyi ucbatından yalnız öz təlimatçılarının sifarişlərini icra etməyə məhkumdur. Və əslində, onu elə məhz bu səbəbdən, kütlənin önünə çıxarıblar.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanda küçə iğtişaşları və hüquq-mühafizə orqanları ilə birbaşa toqquşmalar üçün ilk addımlar artıq atılıb. Belə ki, polisləri “hər şeyə görə başınızla cavab verəcəksəniz” təhdidi ilə hədələyən keşiş Baqrat tərəfdarlarına Ermənistan Xarici İşlər Nazirliyinə hücum göstərişi də verib. Yəni, indi Paşinyan hakimiyyəti dövlət qurumlarını erməni kilsəsinin birbaşa hücumundan da qorumaq məcburiyyətindədir. Və bu proses nəzarətdən çıxarsa, Paşinyan hakimiyyətinin siyasi mövqeləri ciddi şəkildə zəifləyə bilər.

Saytların yığılması Saytların yığılması

qarabag-klani-ermeni-terror-yuvasi.JPG (83 KB)

Təbii ki, “kilsə qiyamı”nın arxasında dayananların Ermənistanın sərhədlərindən kənarda olduğu qətiyyən şübhə doğurmur. Erməni diasporunun “kilsə qiyamı”nı maliyyələşdiridiyi barədə məlumatlar mövcuddur. Eyni zamanda, Qarabağ klanının etiraz dalğasında əsas sosial baza rolunu öz üzərinə götürməsi isə Rusiyanın da bu prosesin içində olduğunu təxmin etməyə tamamilə imkan verir. Hər halda, həm Qarabağ klanına, həm də erməni kilsəsinə Rusiya xüsusi xidmət servislərinin nəzarət etdiyi inkaredilməz reallıqdır. Və bu baxımdan, Qərbin Paşinyan hakimiyyətinə daxili siyasi hesablaşmalarda ciddi dəstək verə bilməməsi vəziyyəti daha da qəlizləşdirir.

Əslində, Paşinyan hakimiyyəti hazırda son dövrlərdə yol verdiyi kobud geopolitik səhvlərin girovuna çevrilmiş kimi görünür. Çünki rəsmi İrəvan Ermənistanda sabitliyin və dövlətçiliyin gələcək taleyinin məhz qonşularla münasibətlərin normallaşdırılmasından asılı olduğunu anlamaqda çətinlik çəkdi. Rusiyanın Ukrayna savaşında ağır vəziyyətə düşməsindən cəsarətlənərək, Ermənistanın Qərbə “qaçırılması”na cəhd göstərdi. Və bunun yaxın onilliklərdə mümkün ola bilməyəcəyini doğru hesablaya bilmədi.

Əksinə, Paşinyan hakimiyyəti ABŞ və Avropa Birliyinin reallıqdan uzaq vədlərinə uyaraq, Cənubi Qafqazda sülh prosesini pozmağa daha çox üstünlük verdi. ABŞ, Avropa Birliyi və Fransanın geopolitik maraqlarının icrasıyla məşğul oldu. Nəticədə Azərbaycanla yekun sülh sazişinin imzalanması ilə bağlı zamanı itirmiş oldu. Düzdür, indi rəsmi İrəvan bu kobud səhvini artıq anlayaraq, yaxın aylarda sülh sazişinin imzalanmasının mümkünlüyünü qabardır. Ancaq Ermənistandakı daxili siyasi-ictimai xaos davam etdikcə, Paşinyan hakimiyyətinin buna nail olması o qədər də asan məsələ təsiri bağışlamır.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Belə anlaşılır ki, regionla sülh sazişini əngəlləməklə Azərbaycana qarşı revanş üçün zaman qazanmağa çalışan Paşinyan hakimiyyəti əslində, buna nail olmayıb. Əksinə, qazanmağa çalışdığı zamanı itirib və indi erməni kilsəsinə qarşı həlledici savaşa başlamaq məcburiyyətində qalıb. Halbuki, Paşinyan hakimiyyətinin erməni kilsəsinə qalib gəlməsi belə, Ermənistanın gələcək taleyini xilas etmək üçün yetərli olmaya bilər. Və bunun üçün rəsmi İrəvan həm də Ermənistanın yalnız öz regional maraqları barədə düşünən beynəlxalq himayədarlarının təsirindən də çıxmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan xarici təsirlərdən nə qədər tez uzaqlaşarsa, sülhə də bir o qədər yaxınlaşa bilər” mesajını verməklə, Paşinyan hakimiyyətinin düşdüyü durumu tam dəqiqliyi ilə ifadə edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də sülh prosesində yalnız öz geopolitik maraqlarını düşünən regiondan kənar vasitəçilərin iştirakının əngəlləyici faktor olduğuna diqqəti çəkib. Və Azərbaycan-Ermənistan sülh danışıqlarının məhz ikitərəfli formatda aparılmasının daha perspektivli olduğunu vurğulayıb.

Məsələ ondadır ki, ABŞ və Qərbin Rusiya ilə beynəlxalq qarşıdurması Cənubi Qafqaz regionunda məhz Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin üzərinə yüklənib. Hər iki tərəf Cənubi Qafqazda uğrunda mübarizəni qazanmaq üçün regional sülh prosesinə nəzarəti ələ keçirtməyə can atır. Üstəlik, hər iki tərəf öz cəhdlərini məhz Ermənistana təzyiqlər sayəsində nail olmağa çalışır. Və bu, Ermənistanın regionda “zəif bənd” olduğunu göstərir.

sulh-muqavile.jpg (293 KB)

Maraqlıdır ki, ABŞ və Qərb yekun sülh sazişinin məhz Avropa məkanında imzalanmasını Ermənistana diqtə edir. Rusiya isə buna əngəl olmaq üçün Ermənistandakı revanşist-radikal qüvvələri kütləvi iğtişaşlara sövq etməklə, bu ölkədə “xaosun diktaturası”nı qurmağa çalışır. Halbuki, yekun sülh sazişinin həm Avropa məkanında, həm də Rusiyada imzalanması Azərbaycanın və Ermənistanın maraqlarına ziddir. Eləcə də, ümumiyyətlə, Cənubi Qafqazın gələcək imkişaf perspektivləri baxımından, qətiyyən sərfəli deyil.

Səbəb isə çox sadədir. Həm ABŞ və Qərb, həm də Rusiya yekun sülh sazişinin imzalanmasına platforma təqdim etməklə, Cənubi Qafqaza geopolitik müdaxilə mexanizmləri qazanmağı hədəfləyir. Çünki buna nail olan tərəf, uzun müddət orbitr statusu ilə sülh sazişi üzərindən regionda özünün geopolitik maraqlarını diqtə etmək şansı əldə edə bilər. Ona görə də, rəsmi Bakının mövqeyi daha proqmatik xarakter daşıyır. Və rəsmi İrəvan regiondan kənar təsirlərdən xilas ola bilərsə, yekun sülh sazişinin məhz Azərbaycan-Ermənistan sərhəd bölgəsində vasitəçilərin iştirakı olmadan imzalanması ən sərfəli variantdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar