Top.Mail.Ru
ARAŞDIRMA

AŞPA, xoruz yox idi, səhər açılmırdı? – Yaxud türk düşmənlərinin Xankəndidəki səsimizi kəsmək cəhdi

Strasburqdan gələn son xəbərin ardınca Azərbaycanın Avropa Şurasına üzv olmasını xatırladım. Ölkəmizlə Avropanın bu institutu arasında əlaqələrin əsası 1992-ci ildən qoyulub, hətta 24 yanvarda Azərbaycan Respublikasının parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdi. Postsovet ölkələrindən biri olaraq Azərbaycana münasibət qaneedici idi ilkin vaxtlarda…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2000-ci ilin 26-28 iyun sessiyasında 126 nəfər deputatdan 120-si lehinə, 1-i əleyhinə, 5-i bitərəf olmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdi. Bundan təqribən yarım il sonra, 2001-ci ilin 17 yanvarında Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdi. Necə deyərlər, toy-bayram idi. Axı Avropanın 47 üzv dövlətin (25 Avropa İttifaqının üzvü olan dövlət daxil) cəmləndiyi bu təsisatına böyük ümidlər bəsləyirdik. Ən çox da Qarabağa görə…

Saytların yığılması Saytların yığılması

ASPA.jpg (129 KB)

Sonrakı illərdə vaxtaşırı qərarlar qəbul etdilər, unutmamışıq. Həmçinin “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və sair sənədlər yayıldı bu qurumda. Yenə də yanvar ayında, 25 yanvar 2005-ci ildə məhz Azərbaycanın ciddi səyləri nəticəsində AŞPA-nın qış sessiyası “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı Qətnamə və 1690 (2005) saylı Tövsiyə qəbul etdi. Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatdı və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etdi. Həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri xatırladıldı… Yəni bu xatırlatmalar işğalçı Ermənistana edilmişdi. Amma…

BMT.jpg (158 KB)

Üstündən 11 il keçdi və bu dəfə yenə yanvar sessiyasında – 26 yanvar 2016-cı il tarixində AŞPA-nın Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı iki hesabatı müzakirəyə çıxarıldı. AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı sənədlər. İlk sənəd 66 lehinə, 70 əleyhinə və 45 bitərəf olmaqla qəbul edilmədi, amma digər sənəd 98 lehinə, 71 əleyhinə və 40 bitərəf olmaqla qəbul olundu.

“Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı sənəddə bildirilirdi ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf raronlarının Ermənistan Respublikası tərəfindən işğal edildiyi birmənalı olaraq Assambleya tərəfindən pislənilir. Məruzədə həmçinin aparılmış araşdırmaların nəticələri əks etdirilmiş Sərsəng su anbarının işğal altında saxlanması ilə 400 minə yaxın insan üçün həyatın mümkünsüz edildiyi, təsərrüfatların məhv edildiyi, sosial durumun kəskin surətdə pisləşdiyi, əhalinin yayda susuzluqdan əziyyət çəkdiyi bildirilirdi. Ancaq Azərbaycana qarşı illərdir tətbiq olunan su terrorunun aradan qaldırılması tələbinə ötən illərdə məhəl qoymayan Ermənistana “gözün üstə qaşın var” demədi AŞPA! Bu qurum Sərsəngin azad olunmasına çağırış etdi, Ermənistanın baş naziri Karapetyan Sərsəngdə kater sürüb, bizə gözdağı vermək istədi, həm də avropalı deputatların üzünə…

KARAP.jpg (79 KB)

Azərbaycan ordusu 2020-ci ilin 44 günlük müharibəsi zamanı ərazilərinin böyük hissəsini işğaldan azad etməklə həm də sənədləri ermənilərin ayaqlarının altına səpələnmiş AŞPA-nın üzünü ağartdı. Keçən ilin bir günlük antiterror tədbirləri nəticəsində isə Sərsəngin azad edilməsi barədə 2016-cı ildə qəbul olunan və BMT TŞ qətnamələri kimi zibil qutusuna atılmış qətnamədəki tələblərin də icrası məsələsini həll etdi. Beynəlxalq təşkilatların çağırış, qətnamə və tövsiyələrinə məhəl qoymayan Ermənistana qarşı illər boyunca nəinki sanksiya tətbiq etməyən, hətta onunla bağlı hansısa xəbərdarlıq xarakterli mesajı belə olmayan Avropa təsisatları isə boy-boya, səs-səsə verib anti-Azərbaycan qətnamələri, qərarları qəbul edirlər. Utanmazcasına! Avropa Şurası Parlament Assambleyası özünün 22 sentyabr 2024-cü il tarixli qış sessiyasında növbəti dəfə işğalçı Ermənistanın yanında olduğunu nümayiş etdirdi, Avropa Parlamentinin qərəzinə və saxtakarlığına şərik oldu. Hansı ki, illər öncə Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə əsasən yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin fəaliyyəti məhz Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə iflic olmuşdu. Yəni cəza verilməliydisə, məhz Ermənistana verilməliydi, zərərçəkən Azərbaycana yox!

AŞPA Azərbaycan ərazilərinin işğalı və azərbaycanlıların deportasiyası dövründə 1 milyon azərbaycanlının təbii haqlarını müdafiə etmədi, Ermənistanı cəzalandırmaq üçün hərəkətə keçmədi. Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamənin növbəti ildönümünə günlər qalmış Avropanın bu qurumu Azərbaycan nümayəndə heyətinin mandatını dondurmağa qərar verdi.

Qitənin insan hüquqlarını müdafiə etdiyini əsas amalı və prinsipi kimi elan edən 75 yaşlı təşkilatı özü beynəlxalq hüququ pozan addım atdı 22 yanvar qərarı ilə.

SPA.jpeg (257 KB)

Belə ki, qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar verilib, almaniyalı deputat Frank Şvabenin təklifi ilə. Britaniyadan olan deputat İan Liddel-Granger həmkarlarının qərarına qarşı çıxaraq “Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq”, – deməklə cəsarətli və həm də ədalətli mövqe sərgiləyib. Erməni lobbisinin əlində oyuncağa çevrilən daha bir təşkilat özünü rəzil günə qoyub son qərarı ilə. Əslində bu sanksiyanın anonsu ötən il, AŞPA-nın sessiyasında Azərbaycana qarşı “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul olunarkən verilmişdi. AŞPA-nın “rəsmi Bakı öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın AŞPA-nın 2024-cü ildə keçiriləcək ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolu qalmayacaq” bəyanatı erməniləri xeyli sevindirmişdi.

Bir sessiyada həm Türkiyə, həm də Azərbaycan əleyhinə qətnamə qəbul etməklə AŞPA türkofob, islamofob təşkilat olduğunu bir daha təsdiqləmişdi. O zaman xəbərdarlıq edilmişdi ki, Ankara ölkə qanunlarına zidd fəaliyyətinə görə həbs edilən Osman Kavalanı 1 yanvar 2024-cü il tarixinə qədər azad etməsə, Türkiyə nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər. Əvvəlki illərdə türk qatili Abdullah Öcalanın həbsdən azad edilməsini tələb edən Avropa təsisatları Türkiyənin üzünə qapılarını bağladılar. İndi də təmsil olunduqları təşkilatlarda da türk dövlətlərinə qarşı sanksiya qərarları verilməkdədir.

NİKOL PASİNYAN.jpg (425 KB)

Azərbaycan əleyhinə qəbul olunmuş qətnamə Ermənistandakı revanşist cəhdlərə əlavə stimul verməkdir, gərginliyi tətikləməkdir, yenidən bölgəni qana çalxalamaq istəyidir. Əks təqdirdə, hətta Paşinyanın ölkə konstitusiyasını dəyişmək bahasına, Türkiyə və Azərbaycanla münasibətlərə yenidən başlamaq niyyəti fonunda AŞPA niyə Qarabağ ermənilərinin “hüquqları”nı əldə bayraq etsin ki? Yüz minlərlə azərbaycanlının hüquqları pozulanda alman deputat harda ölmüşdü? Əminik, Azərbaycana qarşı qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur, bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir, vəssalam! Qərb təsisatları və bir sıra paytaxtları çox çalışdılar ikinci erməni dövlətini yaratsınlar, arzuları qursaqlarında qaldı, odur ki, sinirə bilmirlər qələbəmizi!

MENTEQE SON.jpg (97 KB)

Azad olunmuş Xankəndidə seçki məntəqəsinin qurulmasıdır onların ürəyinə dağ çəkən! Azərbaycan nümayəndə heyətini öz sıralarında görmək istəmirlər, istəməsinlər! 2001-ci ilin 26 yanvarınadək xoruz yox idi, səhər açılmırdımı Azərbaycan üçün?! Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Əgər bir təşkilat ki, qəbul etdiyi qətnamənin – konkret halda Sərsəng haqqında – icrasına azı 7 il ərzində nail ola bilmədisə və üstəlik, cavabdeh ölkə əleyhinə hansısa tənbeh tədbiri görmədisə, bundan sonra onun Azərbaycana qarşı hansısa qərar qəbul etməsi bizim vecimizə belə deyil. Getsinlər, o ermənilər, o da Avropa Şurası!

AŞPA-nın qəbulunda heç şübhəsiz ki, Ermənistana “mülki missiya” adı altında 209 nəfər hərbçi, casus yollayan Avropa İttifaqının, işğalçı və terrorçu ölkənin himayəsində qalan Avropa Parlamentinin, bir neçə gün əvvəl Senatdakı anti-Azərbaycan qətnaməsi ilə təcavüzkara hərtərəfli dəstək göstərən Makron Fransasının mövqeyi öz rolunu oynayıb. Fransa və Almaniyanın tandem şəklində çıxış etməsi, bir sıra hallarda Fransanın öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması faktdır. Reallıq bundan ibarətdir ki, Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə Almaniyanı qabağa verib. Həm də Fransa bir neçə gün əvvəl “əlindən gələni” etdi, indi də Almaniya erməni faşizminin “ruhunu oxşayır”. Xristian klubu 21-ci əsrdə ortaya ədalətli müharibə nümunəsi qoyan, bütün “külli-aləm”in yığışıb “həll edə bilmədiyi” məsələləri qısa müddətdə təkbaşına yoluna qoyan və erməni vandallığının nəticələrini yenə də təkbaşına aradan qaldıran Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıblar. Olsun, gələcəkləri varsa, görəcəkləri də olacaq! Azərbaycana hələ əraziləri işğal altında olduğu zaman bata bilmədilər, bundan sonra başlarını daşa döyəcəklər! Bir az da üstümüzə gələcəklər, Azərbaycan hökuməti son illərdə qərarlarını bir-birinə calayan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxdığını elan edəcək. Əgər Avropa təsisatı bunu istəyirsə, əlindən gələn pislikləri etsin. AŞPA bu qərarı qəbul edəcəksə, Azərbaycan nümayəndə heyəti qurumda fəaliyyətini dayandırmalı, yığışıb geri dönməlidir. Yəqin ki, AŞPA-nın vitse-prezidenti seçilmiş Səməd Seyidovun da ölkəmizə pislik edənlərə cavab olaraq istefadan başqa yolu qalmayacaq o halda…

Guya ki, Azərbaycandakı 7 fevral prezident seçkisini müşahidə etmədiklərindən qeyzləniblər. Azərbaycan dövləti heç kimin qabağını almayıb, bəyan edib ki, istəyənlər müşahidə etmək hüququndan yararlana bilər. Strasburq nə zaman seçkini müşahidə etmək istəyini ifadə etdi ki, rəsmi Bakı icazə vermədi?

İLHAM ESGER.jpg (246 KB)

Bu gün hətta uşaq da bilir ki, Prezident İlham Əliyevin reytinqi prezidentliyi dövrünün pik həddindədir və onun növbəti dönəm üçün, özü də əvvəlki seçkilərlə müqayisədə daha yüksək faizlə seçilmək problemi yoxdur. Bunu hətta İlham Əliyevin rəqibləri də etiraf edirlərsə, mənzərə aydındır. Başqa necə olmalıdır? İki əsrdə qazanılmayan qələbələrə imza atmış dövlət başçısıdır, buna onun haqqı var! AŞPA-dakılar da yaxşı anlayırlar ki, onların Azərbaycana göndərəcəyi müşahidə missiyasının hər hansı qanunsuzluq ortaya qoymağa, donoslar hazırlamağa şansı olmayacaqdı. O halda yekun hesabatda nə yazacaqdılar? Təbii ki, qərəz və nifrət, erməni sevgisi Əliyevin halal qələbəsinin təsdiqinə imkan verməyəcəkdi. Odur ki, ən “optimal” yol hesab etdilər, seçkilərə sayılı günlər qalmış İlham Əliyevin ölkəsinə sanskiya qərarı qəbul etməyə!

Azca ədalət hissləri olsaydı, AŞPA-nın üzvü olan Ermənistanın bu qurumun digər üzvü olan Azərbaycanın torpaqlarını 30 il işğalda saxlamasına görə cəzalandırardılar, ancaq işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünmədilər. Əvəzində bu qurumda Azərbaycanın səsini kəsmək istədilər. Əslində bu, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə veriləcək səslərin kəsilməsi cəhdidir. Cavablarını alacaqlar! 7 fevralda səsimiz daha gur gələcək! Çünki bundan sonra tarix boyunca “Qarabağ Azərbaycandır!”

Bənzər yazılar