Top.Mail.Ru
ARAŞDIRMA

Azərbaycanlı banditlərin himayə etdiyi qanuni oğru – “Qlobus”

90-cı illərin əvvələrində Moskva kriminaliteti qaynayırdı. Küçələrdə, bazarlarda başı qırxılı, idman geyimində olan banditlər at oynadırdı. Şəhər müxtəlif qruplaşmalar arasında bölünmüşdü. Hamı haqq verirdi – istər iri bankirlər, istərsə də küçədə günəbaxan tumu satan qocalar…

Həmin dövrün ən qəddar banditlərindən biri də Qlobus ləqəbli Valeri Yakovleviç Dluqaç idi.

Saytların yığılması Saytların yığılması

Maşın “xəstəsi”

Dluqaş 1955-ciildə Qomeldə anadan olmuşdu. Milliyyətcə ukraynalı idi. Quldurluq və soyğunçuluq maddələri ilə dəfələrlə mühakimə olmuşdu.

90-cı illərin əvvəllərində Dluqaç gürcü və azərbaycanlı qanuni oğruların dəstəyi ilə qanuni oğru adını alır. Elə bu klanların köməyi ilə də Moskvada möhkəmlənməyə başlayır.

Onu da qeyd edək ki, “Qlobus”un bandası da əsasən qafqazlılardan – azərbaycanlı, gürcü, osetin, dağıstanlılardan təşkil olunmuşdu. Tezliklə banda Moskva vilayətinin Novo-Fominski rayonunu tam nəzarətinə alır. Həmçinin paytaxtdakı bir sıra iri kommersiya şirkətləri və banklar qruplaşmaya haqq verməli olur.

Başqa oğrularla görüşmək üçün isə Dluqaç Selyatino qəsəbəsindəki “Merkuri” restoranını istifadə edir.

Qlobus özü isə Aprelovka qəsəbəsindəki dəbdəli villasında yaşayırdı. Villa hər tərəfdən hündür divarla əhatələnmişdi. O, dəbdəbəni çox sevirdi. Bahalı maşınlara isə xüsusi sevgisi vardı. Villasının həyəti bahalı avtosalona oxşayırdı. Qanuni oğrunun 15 “Volvo-440”, 3 “Toyota”sı , bir neçə “Mercedes” və “BMV”si vardı.

Bu avtomobillərin çoxuna pul verməmişdi. Kriminal aləmdə Qlobusa “bezpredelşik” deyirdilər. Yəni o, başqa qruplaşmaların ərazisinə soxularaq kommersiya şirkətlərinin, bankirlərin avtomobillərini güclə əllərindən alırdı. Rəqib bandalardan biri buna etiraz edəndə Qlobusun əmri ilə onların ofisinə iki əl qumbarası atılmışdı. Bu, xəbərdarlıq idi.

Narazılıq

Dluqaçın kobudluğu, başqa ərazilərə soxulması rəqib bandaları narahat edirdi. O isə əhatəsini daha da genişləndirmək üçün çeçen avtoritetlərdən birinə oğru tacı vermək qərarına gəlmişdi. Bu qərar slavyan oğruların qəzəbinə səbəb oldu. “Sxodka” ərəfəsində killerlər həmin çeçeni öz avtomobilində güllələdilər.

Dluqaçın da başının üstünü qara buludlar alırdı. Hamı bilirdi ki, Qlobus oğru adət-ənənələrinə riayət etmir. “Obşak”dan (oğru kassası) pulları özbaşına götürərək Avropaya səyahət edir, onları Paris kazinolarında sağa-sola xərcləyirdi. Halbuki, oğru kassasından özbaşına heç kim pul götürə bilməz. Buna icazə verilmir.

Dluqaçın isə vecinə deyildi. Parisi havadan seyr etmək üçün helikopter sifariş verirdi, səhər yeməyini Londonda, şam yeməyini Brüsseldə yeyirdi.

Bir dəfə isə hətta dostları olan azərbaycanlı oğruların qəzəbinə tuş gəlmişdi. Qanuni oğrularla görüşə iki fahişə ilə gəlmişdi. Bu isə yolverilməz sayılırdı. Azərbaycanlı oğrular Dluqaçı möhkəm əzişdirib ona “həyatı başa saldılar”.

Sifariş

Slavyanlar isə Qlobusu döymək yox, öldürtmək istəyirdilər. 1993-cü il aprelin 10-da “Olimpiysk” idman kompleksinin yaxınlığında atəş səsi eşidildi. Həmin vaxt çox populyar olan “U lissa” diskotekasından çıxan Qlobusu killer güllədi. Sağ böyründən yaralanan Dluqaç hadisə yerindəcə öldü. Sklifasovski adına xəstəxanaya onun meyiti çatdırıldı. Qatil 40 metrdən atəş açmış, tapançanı elə hadisə yerindəcə atıb aradan çıxmışdı.

Hadisə yerindən bir meyit də tapıdı. Təsadüfən hadisə yerində olan İtaliyalı ləqəbli oğrunun cangüdəni Dluqaçın adamları tərəfindən bıçaqlanmışdı. Elə bilmişdilər ki, “Qlobus”u o, güllələyib.

Sonradan bilindi ki, Dluqaçı məhşur killer Aleksandr Salonik öldürüb. Killeri uzun müddət həm hüquq mühafizə orqanları, həm də Dluqaçın adamları izlədi. Nəhayət, Salonik ələ keçdi və sifarişçinin adını dedi.

Məlum oldu ki, Qlobusu slavyan oğrular “Arlekino” gecə klubuna görə öldürdüblər. Populyar klubun qafqazlıların əlində olması onları qane etmirdi.

Salonik isə 1995-ci ildə “Matroskaya Tişina” həbsxanasından qaçdı. 2 ildən sonra mafiya onu Yunanıstanda tapıb öldürdü. Sağ qoya bilməzdilər. Killer çox sirri bilirdi.

İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir