Top.Mail.Ru
ARAŞDIRMA

Əliyev Xankəndidən dünyaya mesaj verdi: Azərbaycan bir dövrü qapatdı, yeni tarixi mərhələyə keçid etdi

Rəsmi Bakı növbədənkənar prezident seçkiləri keçirtməklə, Azərbaycanı vaxt itirmədən, yeni taleyüklü qlobal proseslərə elə indidən hazırlaşdırır… Prezident İlham Əliyev beynəlxalq ermənipərəst siyasi dairələrin Cənubi Qafqazı yenidən qaranlıq keçmişə qaytarmaq cəhdlərini qətiyyətlə bloklayır…

Azərbaycan olduqca önəmli bir tarixi mərhələdən keçir. Keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan Rusiyanın qurduğu oyunların ucbatından məğlub ölkə durumuna salınmışdı. Kremlin məkrli “Dağlıq Qarabağ layihəsi” Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmişdi. Və ermənilər Rusiyanın hərbi-siyasi dəstəyi sayəsində Azərbaycan ərazilərinin 20 faizini təxminən 30 il işğal altında saxlamağa nail olmuşdu.

Bu müddət ərzində beynəlxalq ermənipərəst siyasi dairələr də Ermənistana maksimum səviyyədə dəstək verməyə çalışmışdılar. Xüsusilə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Fransa və Rusiya ortaq “erməni layihəsi”ni müdafiə edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını legitimləşdirməyə cəhd göstərmişdilər. Və bu, beynəlxalq hüquq normaları, eləcə də, BMT-nin Nizamnaməsi ilə kəskin ziddiyyət təşkil edirdi.

Saytların yığılması Saytların yığılması

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Təbii rəsmi Bakı Azərbaycan ərazilərinin Ermənistanın işğalında qalması ilə qətiyyən barışmaq niyyətində deyildi. Ona görə də, 2020-ci ilin sentyabr ayında Azərbaycan ordusu hərəkətə gətirildi. Nəticədə Azərbaycan II Qarabağ savaşında parlaq və tarixi hərbi zəfər qazandı. Rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərini bərpa etdi. Bununla da Kremlin icad etdiyi, ABŞ və Qərbin də dəstəklədiyi “erməni layihəsi”nin sıradan çıxarılmasında birinci hərbi-siyasi mərhələ yekunlaşmış oldu.

Ancaq bu prosesin tam şəkildə sona çatdırılması üçün daha bir mərhələyə ehtiyac qalırdı. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizminin və terrorizminin sığındığı “boz zona”nın birdəfəlik sıradan çıxarılması vacib idi. Rəsmi Bakı 2023-cü ilin sentyabr Azərbaycan ordusunun cəmisi 23 saatlıq lokal antiterror əməliyyatları sayəsində bu problemi də həll etdi. Azərbaycan Prezidenti İlham Əliyev tarixi şəhərimiz olan Xankəndidə dövlət bayrağımızı ucaltdı. Və bununla da rəsmi Bakının bütün ölkə ərazisində Azərbaycanın suveren hüquqlarının bərpa olunması ilə bağlı başlatdığı tarixi hərbi-siyasi prosesdə ikinci mərhələ də yekunlaşmış oldu.

Məhz bundan sonra rəsmi Bakı bu tarixi prosesin üçüncü və sonuncu mərhələsinə start verdi. Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olundu. Müstəqilliyini elan etdiyindən üzübəri Azərbaycanın bütün ərazilərində ilk dəfə olaraq, ölkə vətəndaşları dövlətin siyasi liderini seçir. Bu prezident seçkilər öz əhəmiyyəti baxımından, Azərbaycanın tarixində mütləq öz yerini tutacaq. Çünki, məhz bu seçkilər sayəsində bütün dünyaya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı prosesin artıq yekunlaşdığı birmənalı şəkildə bəyan edilir. Və bu reallığı bütün dünya, eləcə də, Azərbaycan ərazilərinə şirniklənən erməni toplumu qəbul etmək məcburiyyətində qalıb.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Beləliklə, 2020-ci ildə Azərbaycan ordusunun əks hücum əməliyyatları ilə başlamış tarixi mərhələ prezident seçkilərinin keçirilməsi ilə rəsmən sona çatır. Azərbaycan məğlub ölkədən mütləq qalib ölkəyə çevrildiyini bütün dünyaya elan edir. Güclü Azərbaycan dövləti ölkənin ərazilərinə bundan sonra hər hansı müdaxiləyə imkan tanımayacağı barədə qətiyyətli və hüquqi təmələ dayanan prinsipial mesaj verir. Və bu baxımdan, Azərbaycana qarşı düşmən mövqedə olan bütün beynəlxalq güclər “erməni faktoru”nu birdəfəlik unutmalı olacaqlar.

Digər tərəfdən, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi həm də dünyada başlanmaqda olan yeni siyasi mərhələyə hazırlıq baxımından da böyük önəm daşıyır. Nəzərə almaq lazımdır ki, istənilən seçki hər hansı ölkədə kənar təzyiqlər üçün münbit şərait yaradan önəmli siyasi-ictimai faktordur. Bu baxımdan, rəsmi Bakının növbədənkənar prezident seçkiləri üçün müəyyən etdiyi zaman intervalı da xüsusi önəm daşıyır.

Məsələ ondadır ki, bu il ABŞ və Rusiya da daxil olmaqla, bir çox ölkədə seçkilər keçiriləcək. Xüsusilə də, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra dünyada fərqli situasiyanın yarana biləcəyi ehtimal olunur. Ağ Evin sahibi dəyişərsə, bu, dünyada cərəyan edən hərbi-siyasi proseslərə birbaşa təsir göstərə bilər. Ona görə də, ABŞ-dan sonra prezident seçkilərinin keçirilməsi Azərbaycana müəyyən problemlər yarada bilərdi. Hər halda, rəsmi Bakı üçün dünyadakı yeni proseslərlə hazırlıqsız qarşılaşma təhlükəsi də mövcud idi.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Ona görə də, rəsmi Bakı təxminən bir il sonra keçirilməli olan prezident seçkilərini önə çəkməklə, Azərbaycanı belə bir təhlükə ehtimalından böyük ölçüdə yayındırmış oldu. Yəni, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra start götürəcək qlobal proseslərə Azərbaycan indi daha hazır vəziyyətdə olacaq. Üstəlik, Ağ Evin özünün başının ABŞ-dakı seçki ehtiraslarına qarışdığı vaxtın seçilməsi də rəsmi Bakının proqmatik hesablamaları ilə bağlıdır. Çünki indiki situasiyda həm Ağ Evin, eləcə də, ABŞ-ın dəstəyi olmadan digər Qərb nəhənglərinin Azərbaycanda keçirilən prezident seçkilərinə kənardan müdaxilə etmək imkanları ciddi şəkildə məhdudlaşdırılmış kimi görünür.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanı yeni qlobal proseslərə vaxt itirmədən, elə indidən hazırlaşdırır. Azərbaycan artıq yeni və əvvəlki dövrlərlə ciddi şəkildə fərqli mərhələyə keçirilmək üzrədir. Azərbaycan yeni tarixinin ən ağır dövrünü artıq arxada buraxıb. Növbədənkənar prezident seçkiləri ilə isə Azərbaycan üçün birmənalı şəkildə yeni dövr başlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin məhz Xankəndidə səs verməsi də bu baxımdan, bütün dünyaya birbaşa mesajdır. Prezident İlham Əliyev bununla bütün dünyaya Azərbaycanın və Cənubi Qafqazın yenidən keçmişə qaytarılmasına yönəlik cəhdlərin nəticə verməyəcəyini qabartmış oldu. Və bu, ermənipərəst beynəlxalq siyasi dairələrin bütün ümidlərini həmişəlik puça çıxara biləcək önəmli mesajdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar