Top.Mail.Ru
ARAŞDIRMA

Fransa dəhşətli cinayət törətdi, BMT sülhməramlılarına ehtiyac var: Müstəmləkəçi Paris Bakını niyə ittiham edir

Makron hakimiyyətinin Azərbaycana qarşı qazdığı “qutu”ya indi Fransanın özü düşməyə başlayıb… Ancaq Fransanın müdafiə etdiyi erməni terrorçulardan fərqli olaraq, kaledoniyalılar qətiyyən separatçı deyillər, özünütəyinetmə hüquqları var…

Dünyada bir-birinə bənzəyən ölkələrin sayı o qədər də çox deyil. Ancaq Fransa və Ermənistan bu baxımdan, təkrarolunmaz örnəkdir. Çünki bu iki ölkənin davranışları, siyasi hədəfləri arasında bənzərlik inkaredilməz reallıqdır. Hətta fransız və erməni siyasi-ideoloji düşüncə tərzi də demək olar ki, eyni məzmun daşıyır. Və bu baxımdan, Fransa və Ermənistanın “əkiz bacılar” kimi xarakterizə etmək müəyyən mənada, tamamilə məntiqli görünür.

Məsələ ondadır ki, Ermənistan başqa ölkənin – Azərbaycanın ərazilərində süni şəkildə yaradılmış uydurma bir dövlətdir. Erməni toplumu onilliklər boyu qonşu xalqların torpaqlarını ələ keçirib, mənimsəmək xəyalları ilə hərəkət edib. Üstəlik, erməni toplumu başqa xalqlara məxsus olan hər şeyi özünkü kimi təqdim etmək vərdişlərinə də malikdir. Və bu baxımdan, ermənilərin davamlı olaraq, yalan uydurub, onu hər kəsə həqiqət kimi sırımaq cəhdləri də diqqəti çəkir.

Saytların yığılması Saytların yığılması

Nə qədər qəribə də olsa, ermənilərin “əkiz bacısı” fransızlar da eyni vərdişlərə sahibdirlər. Fransızlar da əsrlər boyu başqa xalqların ərazilərini ələ keçirərək, Fransanı böyütmək siyasəti yürüdüblər. Ona görə də, indi Fransa sərhədləri reallıqda keçməli olduğu deyil, daha geniş əraziləri əhatə edir.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Rəsmi Parisin bu vərdişləri ucbatından Afrika qitəsinin böyük bir hissəsi Fransa müstəmləkəsinə çevrilib. Fransa ordusu Afrika xalqlarını istismar etməklə yanaşı, “qara qitə” ölkələrində dəhşətli bəşəri hərbi cinayətlər törədib. Bu baxımdan, Fransanın Əlcəzairdə, Ruandada və s. Afrika ölkələrində milyonlarla günahsız insanı qətlə yetirərək, törətdiyi qorxunc soyqırımlar dünya tarixinin ən qara səhifələridir.

Ancaq bütün bunlara baxmayaraq, fransızlar da ermənilər kimi öz cinayətlərini ört-basdır etməyi bacarırlar. Onlar da “əkiz bacı”ları kimi yalanlar uydurmaq “qabiliyyət”inə malikdirlər. Əks halda, başqa xalqlara və ölkələrə qarşı soyqırımlar törətmiş müstəmləkəçi Fransa müasir dünyada insan haqlarından, demokratiyadan və s. bəşəri dəyərlərdən danışa bilməzdi.

Onu da qeyd etmək lazımdır ki, nə qədər yalanlar uydursa da, Fransanın törətdiyi bəşəri hərbi cinayətlərin ifşa olunması ilə bağlı prosesin qarşısını almaq artıq mümkün deyil. Belə ki, dünya sürətlə dəyişir, Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətindən xilas olmağa, müstəqilliyə can atırlar. Artıq Fransa Afrikadan qovulmağa başlayıb. Və Afrika xalqlarının sərvətləri Fransanın əlindən çıxmaqdadır.

Üstəlik, rəsmi Parisin müstəmləkəçilik siyasətinə qarşı müqavimət hərəkatı böyük sürətlə müasir Fransa sərhədləri içərisinə keçməyə başlayıb. Yeni Kaledoniya əhalisi “Makron demokratiyası”nın avtoritar idarəçilik sisteminə etiraz edir. “Demokratiyanın beşiyi” hesab olunan Fransa parlamenti Yeni Kaledoniya əhalisinin yerli idarəetmə sistemində iştirak hüquqları məhdudlaşdıran qanunu təsdiqləyib. Və bununla da Yeni Kaledoniyanın müstəmləkə kimi qalmasına yönəlik cəhdlərini artırnış olub.

c8b46d25b84c365178a10800272d4c67.jpeg (329 KB)

Təbii ki, kaledoniyalılar Makron diktaturasının beynəlxalq hüquq normalarına uyğun gəlməyən bu addımına etiraz edirlər. Ancaq dinc etiraz aksiyasına çıxan kaledoniyalılara qarşı Fransa ordusu və polisi zorakılıq göstərib. Yüzlərlə dinc nümayişçi yaralanıb, həlak olanlar var. Makron hökuməti kütləvi həbslərə başlayıb. Və Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunmasına qərar verib.

Maraqlıdır ki, Fransanın daxili işlər naziri Cerald Darmanin Yeni Kaledoniyada baş verən hadisələrə görə Azərbaycanı ittiham edib. Onun iddiasına görə, rəsmi Bakı Fransanın daxili işlərinə qarışır: “Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın müdaxiləsi var və rəsmi Bakı Fransanın daxili işlərinə qarışır. Separatçılar Azərbaycanla bəzi məsələlərdə danışıqlar aparmaq üçün ora gediblər”.

Fransa daxili işlər nazirinin bu açıqlaması rəsmi Parisin aciz duruma düşdüyünü göstərir. Çünki başqa xalqların istismarı üzərində qurulmuş Fransanın müstəmləkə imperiyası dağılır və rəsmi Paris buna müqavimət göstərməkdə çətinlik çəkir. Ona görə də, rəsmi Paris Yeni Kaledoniyada baş verən hadisələrin əsl səbəbinin məhz Fransanın törətdiyi hərbi cinayətlər olduğunu gizlətmək üçün günahkar axtarır. Və bütün dünyada müstəmləkəçiliyə qarşı etirazın əsas avanqard siyasi mərkəzi olan Azərbaycanı hədəfə almağa çalışır.

Halbuki, rəsmi Paris Azərbaycanı ittiham etmək əvəzinə, beynəlxalq hüquq normalarına riayət etsə, bütün bu problemlərlə də üzləşməz. Belə ki, Yeni Kaledoniyada situasiyanın normallaşması üçün Makron hökuməti ilk növbədə yerli əhalinin hüquqlarını tanımalıdır. Yeni Kaledoniyanın özünütəyinetmə hüququna hörmətlə yanaşmalıdır. Müstəmləkəçilik siyasətindən imtina etməlidir, demokratiya və insan hüquqlarına uyğun davranmalıdır.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Rəsmi Parisin Azərbaycanı ittiham etməsi isə fransız uydurmasına bağlı böhtandan başqa bir şey deyil. Belə ki, Azərbaycan Fransanın daxili işlərinə heç vaxt qarışmayıb, sadəcə, BMT-nin mövcud Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, rəsmi Parisin müstəmləkəçilik siyasətinə etiraz edib. Rəsmi Parisin başqa xalqları zorakılıqla istismar etməsi, müstəmləkəçilik siyasəti yürütməsi isə beynəlxalq hüquq normalarına zidd olduğundan, Fransanın daxili işi hesab edilə bilməz.

Digər tərəfdən, rəsmi Parisin Yeni Kaledoniyanın yerli əhalisini separatçı adlandırması da böhrandan başqa bir şey deyil. Çünki Fransa Yeni Kaledoniyanı işğal edərək, bu adanın əhalisini müstəmləkə altında saxlayır. Yeni Kaledoniya əhalisi qətiyyən separatçı deyil, azadlıq və müstəqillik uğrunda mübarizə aparır. Və rəsmi Paris Azərbaycanı ittiham etsə də, Fransanın separatizmi müdafiə etmək ənənəsini unudur.

Məsələ ondadır ki, rəsmi Paris onilliklər boyu Azərbaycanın Qarabağ bölgəsini “boz zona”ya çevirmiş erməni separatçı-terrorçuları müdafiə edirdi. Ermənilər Azərbaycan ərazilərinə sonradan gəlmə olsalar da, rəsmi Paris BMT Təhlükəsizlik Şurasından onlar üçün “özünütəyinetmə hüquqi” tələb edirdi. Erməni separatçı-terrorçulara yardımlar göndərərək, Azərbaycanın daxili işlərinə qarışırdı. Və rəsmi Bakının haqlı etirazlarını eşitmək istəmirdi.

İndi situasiya əks istiqamətdə dəyişib. Rəsmi Parisin Azərbaycana qazdığı “qutu”ya Fransanın özü düşməyə başlayıb. Sadəcə, önəmli fərq ondan ibarətdir ki, Fransanın müdafiə etdiyi erməni terrorçulardan fərqli olaraq, kaledoniyalılar qətiyyən separatçı deyillər. Ona görə də, BMT-nin Təhlükəsizlik Şurası ən qısa zamanda Fransanın Yeni Kaledoniyada törətdiyi hərbi cinayətləri müzakirə etməlidir. Yeni Kaledoniyaya BMT sülhməramlılar göndərilməlidir. Və Azərbaycan hərbçilərinin də həmin sülhməramlıların tərkibində yer almasına ehtiyac olmamış deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar