Fransa Qafqazda təhlükəli oyuna GİRDİ – Amansız Savaş Başlayır

“Erməni sevgisi”, “erməni məhəbbəti” uzaq Argentinadan yaxın qonşumuz İrana qədər geniş bir coğrafiyanı əhatə edir. Əslində bu “sevda” ermənilərə olan məhəbbətdən irəli gəlmir. Bütün hallarda hədəf Azərbaycan və Türkiyədir. İki qardaş xalqı görməyə gözü olmayanlar ermənilərə qucaq açır və məsələyə “düşmənimin düşməni mənim dostumdur” prizmasından yanaşırlar.
Fransızların isə ermənilərdən çox erməni kimi davranışı heç də təəccüb doğurmur. Bütün dövrlərdə Ermənistanı dəstəkləyən Fransa düşmən ölkəyə hərbi-siyasi dəstək göstərməklə ermənilərə sevgisini ifadə edir. Rəsmi Paris regiondakı rəqibləri Türkiyə və Rusiyanın maraqlarına zərbə vurmaqla bərabər, Azərbaycanı da zəiflətmək niyyətindədir. Bölgədəki siyasi proseslərin mərkəzində dayanan Fransa Cənubi Qafqaza soxulmaqda maraqlıdır və bunu Ermənistan üzərindən reallaşdırmaqdan ötrü dəridən-qabıqdan çıxır.
İrəvanın yolunu su yoluna döndərən Fransa XİN başçısı Kolonna hər dəfə də Ermənistan paytaxtına çatan kimi Azərbaycan əleyhinə qıcıqlandırıcı bəyanatlar səsləndirir. Ölkəmizin ünvanına ittihamlar yağdıran Fransa xarici siyasət idarəsinin rəhbəri Azərbaycanı etnik təmizləmədə ittiham edib.
Ermənistana ayaq basan dəqiqələrdən Mirzoyandan fərqli mövqe ortaya qoymayan Kolonna Ermənistana hərbi dəstəyin veriləcəyini bəyan edib və Fransanın düşmən ölkəni silahlandırmağa hazır olduğunu deyib.
İlkin olaraq Fransa Ermənistana hava hücumundan müdafiə kompleksləri göndərəcək, daha sonra arsenalındakı müasir silahları da düşmən ölkəyə ötürəcək. Ermənistanı silahlandırmaq və Cənubi Qafqazı öz nəzarətinə götürmək üçün təhlükəli ssenarilər hazırlayan Fransa informasiya sahəsində də ictimai rəyə təsir etməklə məşğuldur.
Ermənistan mətbuatı noyabrın 1-də Rusiya sülməramlılarının Qarabağdan çıxarılacağı xəbərini tirajlayır. 2025-ci ilədək Qarabağda sülhməramlı missiyanı yerinə yetirməyə görəvli Rusiya hərbi kontingenti hələ tezliklə regionu tərk etməyəcək və sadəcə bu uydurmalar Fransa kəşfiyyatının əməlləridir.
Məqsəd də aydındır. Rusiyanı Qarabağdan getdikdən sonra “erməniləri azərbaycanlılardan qorumaq üçün” bölgəyə soxulmağa cəhd edən Fransanın arzusu gözündə qalacaq. Ermənistan da Fransanın bu planının həyata keçirilməsini səbirsizliklə gözləyir və təhlükəli oyunlara gedir.
Qarabağdan erməni əhalisini kütləvi Ermənistan ərazisinə daşımaqla Rusiya sülhməramlılarını işsiz qoyacaqlarını düşünən Fransa və Ermənistan məhz bundan sonra rusların asanlıqla Qarabağı tərk edəcəyini düşünür. Region isə əsl çəkişmə meydanını xatırladır. Nəyin bahasına olursa-olsun Qarabağa öz sülhməramlılarını soxmağa çalışan Fransa bölgədə siyasi yükü öz üzərinə götürməklə söz sahibi olmaq niyyətindədir.
Amma Makron yanılır, o, bir neçə təqaüdə çıxan polisini Ermənistan ərazisində müşahidəçi qismində yerləşdirməklə Cənubi Qafqaza asanlıqla girə biləcəyini ehtimal edir. Ona görə də Ermənistanı silahlandırmaq, onlara siyasi dəstək vermək üçün də fəal iş aparılır. Cənubi Qafqazın hədəf seçilməsi və Ermənistanın maşa kimi istifadə edilməsi də təsadüfi deyil. Şimal-Cənub, Şərq-Qərb dəhlizinin keçdiyi region dünya güclərinin maraq dairəsindədir.
ABŞ-ın və müttəfiqlərinin bölgəyə marağının kökündə də məhz dəhlizlər dayanır. Eyni zamanda, Rusiyanın regiondan sıxışdırılması və Zəngəzur dəhlizinə rusların nəzarətini bloklamaq üçün Qərb hər cür çirkin oyunlar qurur. Həmçinin, kiçik Ermənistanın böyük dövlətlərin əlində alətə çevrilməsi də ermənilərə yaxşı heç nə vəd etmir.
Ermənistan nəzərə almalıdır ki, Roma statutunu ratifkasiya etdikdən sonra Rusiya ilə münasibətlər daha təhlükəli müstəviyə qədəm qoyub, eləcə də onları iqtisadi və siyasi cəhətdən ciddi sürprizlər gözləyir. Hərbi sahədə də ermənilər sürprizlərlə qarşılaşa bilər.
Dünən səhər saatlarında Gümrüdəki 102-ci bazanın hərbçiləri təlimlər keçirməklə Ermənistana əzələ nümayiş etdiriblər. Düşmən ölkənin isə qərarı qətidir və Qərbdəki dostlarını bölgəyə soxmaq üçün hüquqi baza formalaşdırır.
Elə hesab edirlər ki, Qarabağdan erməni əhalisinin köçürülməsi onlar üçün hüquqi bazadır. Amma yanılırlar və Azərbaycanın razılığı olmadan suveren ərazimizə heç bir ölkənin sülhməramlı ordusu daxil ola bilməz.
Vəli Həsənov,
KONKRET.az