Top.Mail.Ru
ARAŞDIRMA

İrəvan Bakını “sülh təxribatı”na çəkir: Paşinyan “sazişi imzalayaq” desə də, yenə masadan qaçır

Paşinyan hakimiyyəti son vaxtlar israrla “can atdığı” sülh sazişinin doğrudan da ən qısa zamanda imzalanmasını istəyirsə, onda dərhal siyasi qərar verməyə cəsarət göstərməlidir… Əks halda, Ermənistan konstitusiyasındakı düşmənçilik müddəaları yekun sülh sazişi qarşısında əsas əngəl kimi qalacaq və bu ölkəni daha böyük fəlakətlərə sürükləməkdə davam edəcək…

Cənubi Qafqazda yekun sülh sazişi ətrafında siyasi manipulyasiyalar hələ də davam edir. Hazırda bu sənədin imzalanması üçün regionda olduqca münbit şərait mövcuddur. Hər halda, ilk dəfə yekun sülh sazişi üçün uğurlu mühitin yarandığı açıq-aşkar müşahidə olunur. Və regional sülh üçün bu situasiyanın yaratdığı şansdan istifadə etmək olduqca vacibdir.

Ancaq buna baxmayaraq, sülh prosesinin qarşısında olan ənənəvi əngəllərin tamamilə ortadan qaldırıldığı barədə danışmaq da bir qədər tezdir. Halbuki, rəsmi İrəvan siyasi iradə nümayiş etdirməyə cəsarət göstərsə, mövcud əngəllərin hamısını ardıcıl şəkildə aşmaq da tamamilə mümkündür. Hər halda, Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasına pozitiv yanaşdığını hər imkanda qabarıq şəkildə vurğulamağa çalışır.

Saytların yığılması Saytların yığılması

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Məsələ ondadır ki, Ermənistanın Xarici İşlər Nazirliyi rəsmi İrəvanın yekun sülh sazişinin mətninin razılaşdırılması və imzalanması üçün intensiv çalışmağa hazır olduğunu bəyan edib. Üstəlik, Ermənistan Xarici İşlər Nazirliyi bu sənədin yaxın bir ay ərzində imzalanmasının mümkün olduğunu da vurğulayıb. Və bu, ilk baxışdan, Paşinyan hakimiyyətinin sülh prosesinə konstruktiv mövqedən yanaşmağa meylli olması barədə görüntülər yaradır.

Halbuki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədə bəyanatını daha diqqətlə təhlil etdikdə, əslində, reallığın tamamilə fərqli olduğu da açıq-aşkar nəzərə çarpır. Çünki həmin bəyanatda həm Azərbaycanın Ermənistan konstitusiyana, həm də Ermənistanın Azərbaycan Konstitusiyasına müəyyən qarşılıqlı iradların olduğu vurğulanır. Və nə qədər qəribə də olsa, Ermənistanın Azərbaycan Konstitusiyasına iradları nədənsə, konkretləşdirilmir.

Məsələnin ən müəmmalı tərəfi də məhz bu məqamdır. Çünki əslində, Ermənistanın Azərbaycan Konstitusiyasına irad bildirmək üçün heç bir siyasi-hüquqi səbəbi mövcud deyil. Azərbaycan Konstitusiyası beynəlxalq hüquq normalarının bütün tələblərinə uyğun şəkildə qəbul olunub. Yalnız Azərbaycan dövlətinin və vətəndaşlarının maraqlarını ifadə edir.

Ən əsasısa isə Azərbaycan Konstitusiyasında heç bir başqa dövlətə, o cümlədən də, sərhəd qoşunlarına qarşı ərazi iddiaları qətiyyən yer almır. Belə olduğu təqdirdə, Ermənistanın müəmmalı və naməlum iradları barədə mövzu tamamilə absurddur. Və bu, erməni düşüncə tərzinin hələ də məntiqdən çox-çox uzaq kriteriyalar üzrə işlədiyini göstərir.

eliyev-pasha-sened.JPG (67 KB)

Ancaq Azərbaycanın Ermənistan konstitusiyana iradları haqlı və konkret xarakter daşıyır. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı birbaşa ərazi iddiaları irəli sürən müddəalar yer alır. Bu, həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir. Və deməli, rəsmi İrəvan siyasi manipulyasiyaları bir kənara buraxıb, birbaşa Ermənistan konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə düşünməlidir.

Əks halda, bundan ən çox ziyan çəkən tərəf yalnız Ermənistan olacaq. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldıqca, rəsmi Bakı yekun sülh sazişini imzalamayacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə prinsipial mövqeyini artıq rəsmən elan edib. Və Ermənistan konstitusiyasını dəyişməyəcəyi təqdirdə, yekun sülh sazişinin imzalanmasının mümkün olmadığını vurğulayıb.

Göründüyü kimi, bu məsələ yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəllərdən birinə çevrilib. Çünki Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi beynəlxalq hüquq normalarına görə, bu ölkənin daxili işi sayıla bilməz. Çünki Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəni ərazi iddiaları ilə təhdid edən müddəalar mövcuddur. Və bu səbəbdən də, rəsmi Bakının yekun sülh sazişinin imzalanmasından öncə Ermənistandan konstitusiyanı dəyişməyi tələb etməsi tamamilə məntiqlidir.

Məsələ ondadır ki, yekun sülh sazişinin imzalanmasında əsas məqsəd Azərbaycan və Ermənistan arasında düşmənçiliyi yekunlaşdırıb, normal dövlətlərarası münasibətlərin qurulmasına yol açmaqdır. Ancaq əgər, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalacaqsa, deməli, düşmənçilik də mövcudluğunu qorumuş olacaq. Rəsmi Bakı isə Azərbaycana qarşı düşmənçilikdən imtina etməyib, onu öz ali qanunvericiliyində qorumağa çalışan Ermənistan ilə sülh sazişi imzalayacaq qədər sadəlövh deyil.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Ona görə də, rəsmi İrəvanın Ermənistan konstitusiyasını dəyişmək əvəzinə, Azərbaycana qarşı əsassız iradlar icad etməyə çalışması mənasız məşğuliyyətdir. Böyük ehtimalla Paşinyan hakimiyyəti bu siyasi manipulyasiyalar ilə ikibaşlı oyun oynamağa çalışır. Rəsmi İrəvan dərhal yekun sülh sazişi imzalamaqla, Ermənistanı blokada şəraitindən çıxara və regional iqtisadi layihələrin iştirakçısına çevirə biləcəyinə ümid bəsləyir. Və eyni zamanda Azərbaycana qarşı ərazi iddialarını daha əlverişli dövr üçün qoruyub, saxlamağı həsədləyir.

Ancaq Paşinyan hakimiyyətinin hesablamaları reallıqdan çox-çox uzaqdır. Çünki erməni hiyləgərliyinin hansısa müvəqqəti nəticələr verdiyi dövr artıq çoxdan sona çatıb. Xüsusilə də, rəsmi Bakını Ermənistanın oynadığı oyunlara imkan vermək niyyəti yoxdur. Əgər, Ermənistan konstitusiyanın dəyişdirilməsi barədə Azərbaycanın tələblərini yerinə yetirməsə, yekun sülh sazişi imzalanmayacaq.

Məsələ ondadır ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkə konstitusiyasının dəyişdirilməsinə ehtiyac duyulmadığına eyham vurub. Halbuki, baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyanın ölkəyə ciddi problemlər yaratdığını da dəfələrlə etiraf edib. Əgər, indi rəsmi İrəvan fərqli mövqeyə doğru meyillənirsə, deməli, Ermənistan blokada vəziyyətində qalacaq, regional iqtisadi-ticari layihələrdə iştirak edə bilməyəcək. Və bütün bunlardan yalnız Ermənistan ziyan çəkəcək.

Ona görə də, indi rəsmi İrəvan konkret seçim etməlidir. Paşinyan hakimiyyəti son vaxtlar israrla can atdığı sülh sazişinin ən qısa zamanda imzalanmasını istəyirsə, onda siyasi qərar verməyə cəsarət göstərməlidir. Əks halda, Ermənistan konstitusiyasındakı düşmənçilik müddəaları yekun sülh sazişi qarşısında əsas əngələ çevriləcək. Və Ermənistanı böyük fəlakətlərə sürükləməkdə davam edəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Whatsapp

Bənzər yazılar