Top.Mail.Ru
ARAŞDIRMA

Paşinyan “erməni xəyalları”nı dəfn edir: Ermənistan üçün demontaj təhlükəsi

ABŞ və Qərbin vədlərinə arxayın olan Ermənistanın “təhlükəsizlik resepti” əslində, o qədər də qəliz deyil, rəsmi İrəvanın dövlətin gələcək mövcudluğunu təminat altına alması üçün ilk növbədə qonşu ölkələrlə normal münasibətlər qurması qaçılmazdır… Xüsusilə də, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə dinc qonşuluq münasibətləri taleyüklü məsələyə çevrildiyindən mümkün qədər sürətlə konkret addımlar atmaq məcburiyyətində qalıb, ABŞ və Qərbin geopolitik maraqları dəyişdikdəsə, bu, çox gec ola bilər…

Cənubi Qafqaz uğrunda mübarizədə dünya nəhəngləri tərəfindən “geopolitik alət” kimi istifadə olunan Ermənistan hazırda real təhlükələr qarşısında qalmış kimi görünür. Hər halda, son vaxtlar baş verən hadisələr onu göstərir ki, rəsmi İrəvan beynəlxalq himayədarları tərəfindən ciddi şəkildə dəstəklənsə də, bu, Ermənistanın geopolitik təhlükəsizliyini təmin etmək üçün qətiyyən yetərli deyil. Bu baxımdan, Paşinyan hakimiyyətinin qarşısında həlli təxirəsalınmaz xarakter daşıyan önəmli problemlərin dayandığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın əsas himayədarı rolunda ABŞ, Avropa Birliyi və Fransa çıxış edir. Ancaq nə Ağ Evdən, nə Brüsseldən, nə də Parisdən verilən çoxsaylı vədlər Ermənistanın üzərində olan “qara buludlar”ın dağıdılması üçün yetərli olmayıb. Əsas səbəbsə, Ermənistan beynəlxalq məkanda dsətəklənsə də, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik maraqlarının mövcudluğu ilə birbaşa bağlıdır. Və bu maraqlar bəzi hallarda Ermənistanın mövcudluğuna belə, təhlükə yarada bilər.

Saytların yığılması Saytların yığılması

1538384900_ggg.jpg (128 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan hazırda ABŞ və Qərbin təhlükəsizlik vədlərinə arxayın olaraq, atdığı yolverilməz addımlarla həm Ermənistanın üzləşdiyi situasiyanı qəlizləşdirir, həm də zaman itirir. Halbuki, Paşinyan hakimiyyəti yaxın gələcəyi daha düzgün proqnozlaşdırmağı bacarsaydı, daha praqmatik davrana bilərdi. Belə ki, ABŞ və Qərbin vədlərinə inanaraq, onların maraqlarının reallaşdırılması prosesində “geopolitik alətə” çevrilməyin nə qədər təhlükəli seçim olduğunu nəzərə alardı. Çünki dünya nəhənglərinin geopolitik maraqları qətiyyən sabit qalmayıb, situasiyaya uyğun olaraq, müəyyən dəyişikliklərə məruz qalır. Və Ermənistan üçün də ən böyük təhlükə məhz bu faktordan qaynaqlanır.

Paşinyan hakimiyyətinin nəzərə almadığı ən ciddi məqam ondan ibarətdir ki, nəhəng dövlətlərin geopolitik maraqları dəyişəcəyi təqdirdə, Ermənistan heç kimə lazım olmayacaq. Hər halda, rəsmi İrəvan son bir neçə ildə analoji reallıqlarla bir neçə üzləşsə də, lazımi nəticə çıxartmağı bacarmayıb. Ona görə də, Paşinyan hakimiyyəti indiyə qədər Ermənstanın gələcək taleyini təminat altına almaq şanslarını bir-birinin ardınca əldən buraxıb. Və bəzi ehtimallara görə, rəsmi İrəvan bu reallığı görsə də, Qərbdən asılı vəziyyətə düşdüyündən fərqli müstəqil qərarlar verməyə cəsarət etmir.

Halbuki, Ermənistan üçün “təhlükəsizlik resepti” o qədər də qəliz deyil. Çünki rəsmi İrəvanın Ermənistanın gələcək mövcudluğunu təminat altına alması üçün ilk növbədə qonşu dövlətlərlə münasibətlərini normallaşdırmağa nail olması vacibdir. Xüsusilə də, Ermənistan Azərbaycan və Türkiyə ilə dinc qonşuluq münasibətlərinin taleyüklü məsələ olduğunu mümkün qədər sürətlə qəbul etmək məcburiyyətindədir. Əks halda, mövcud proseslərin sonrakı inkişaf istiqamətləri Ermənistanın ümumiyyətlə, demontaj edilməsinə də yol aça bilər.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də bu təhlükənin tamamilə real olduğunu anlamağa başladığını sezdirir. Hər halda, rəsmi İrəvanın Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına verdiyi reaksiya belə təsəvvürlər yaradır. Belə ki, Prezident İlham Əliyev Azərbaycana qarşı hər hansı təhlükə yaranacağı təqdirdə, dərhal sərt addımlar atılacağına yönəlik mesajlar vermişdi. Və bu, hazırda Ermənistanın hakim siyasi dairələrində açıq-aşkar şok effekti yaradıb.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın hakim partiyanın qapalı toplantısında Azərbaycan və Ermənistanın bir-birinə hücum etməyəcəklərinə dair qarşılıqlı təminat verməli olduğunu vurğuladığı bildirilir. Ermənstan mətbuatına sızan məlumatlara görə, erməni baş nazir hər iki qonşu ölkənin bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləməsinin önəmini də qabardıb. Və bu istiqamətdə konkret addımların atılmasının artıq vaxtının çatdığını bildirib.

Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan məhz bu mövqeyinə görə Ermənistan cəmiyyətində Azərbaycanın sifarişlərini yerinə yetirməkdə ittiham edilir. Xüsusilə də, erməni baş nazirin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövzunu yenidən gündəmə gətirməsi qızğın mübahisələrə səbəb olub. Çünki baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistanın konstitusiya islahatlarına deyil, məhz yeni konstitusiyaya ehtiyacı var. Onun fikrincə, konstitusiyanın məzmunu Ermənistanın inkişafına əngəl törətməməlidir.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)

Xatırladaq ki, baş nazir Nikol Paşinyan bir müddət öncə Ermənistan himninin və gerbinin dəyişdirilməsinin vacibliyini də gündəmə gətirmişdi. Hər iki dövlət simvolunda Ermınistanın Azərbaycan və Türkiyəyə qarşı iddialarını əks etdirən məqamlar yer alır. İndisə, erməni baş nazir məhz Ermənistanın konstitusiyasının yenilənməsində israr edir. Mövcud konstitusiyada isə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Və bu iddialar konstitusiyadan çıxarılmayana qədər Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurması mümkün deyil.

Ancaq rəsmi İrəvanın konstitusiyanı dəyişməsi də Azərbaycanla münasibətlərin normallaşdırılması üçün yetərli olmaya bilər. Belə ki, Ermənistanın müstəqillik barədə bəyannaməsində Azərbaycanın Qarabağ regionunun Ermənistana birləşdirilməsi tələb olunur. Bu isə rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddiasının irəli sürülməsi anlamı daşıyır. Ona görə də, rəsmi İrəvan Ermənistan konstitusiyası ilə yanaşı, müstəqillik barədə bəyannaməni də yeniləməsi lazım gələcək. Əks halda, Ermənistanın təhlükəsizliyinə tam təminat verən yekun sülh sazişinin imzalanması çətin ki, baş tutsun. Belə situasiya isə yaxın gələcəkdə istənilən hərbi toqquşmanın süni yaradılmış qondarma dövlət olan Ermənistanın ümumiyyətlə, demontaj edilməsinə səbəb ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar