Top.Mail.Ru
ARAŞDIRMA

Sərhəddəki hadisələr Xəzərə nəzarətə görədir – gizlinlər açılır

Qərb Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxışı təmin etmək üçün cəhd göstərir; “Putin NATO-su” Ermənistan-Azərbaycan arasında yüksək münaqişə potensialı görür 

KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur. “Yeni Müsavat” xatırladır ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. TASS Serdyukovdan sitat gətirir:

Saytların yığılması Saytların yığılması

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var. Bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin nizamlanması üçün vacibdir”. Qərargah rəisinin sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır: “Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, münaqişədən sonrakı nizamlanmanın formatına kənardan təsir göstərmək cəhdləri davam edir”.

Sərhəd hadisələri qabaqcadan proqnozlaşdırılırdı. ABŞ Ermənistandakı vətəndaşlarına Azərbaycanla sərhədyanı ərazilərə getməməyə çağırış etmişdi. Birləşmiş Ştatların Xarici Əlaqələr Şurası da 2024-cü ildə iki ölkə arasında eskalasiya olacağını açıqlamışdı. Son günlərdə isə erməni deputatlar həyəcan təbili çalaraq, Mehri, Basarkeçər ərazilərinin boşaldıldığını iddia edirdilər. Bundan çox keçmədən Zəngilan istiqamətində mövqelərimiz atəşə tutulur, sonra Tovuz, ardınca Kəlbəcər səmasında dronla təxribata cəhd edilir. Rus ekspert Sergey Markov açıq surətdə ittiham edib ki, tapşırıq Fransa kəşfiyyatından verilib. Onun fikrincə, Avropa Birliyi regiona müdaxiləni sürətləndirir. Sözsüz ki, Qərbin Cənubi Qafqazda möhkəmlənmək planları gizli saxlanmır, həmçinin Rusiyanın təsir zonasına daxil olan Orta Asiya da Fransanın diqqət mərkəzindədir. Xüsusən də Qazaxıstan uranı lazımdır və Makronun həm bu ölkəyə, həm Özbəkistana səfərləri olub. Təbii ki, bunun üçün Qərb Xəzər dənizində də mövqelərini gücləndirməlidir. Amma necə…

Çünki Qazaxıstan uranı Avropaya iki yolla daşına bilər: Rusiyadan, o da sanksiyalar səbəbindən mümkünsüzdür, alternativ Ələt limanıdır, bunun üçün Paris Bakı ilə düşmənçiliyə son qoymalıdır. Rusiya isə bütün bunlardan narahatdır və açıq şəkildə bəyan edirlər ki, Qərb regiona müdaxilə edir, Kremli sıxışdırır. Xəzər dənizi də şimal qonşumuz üçün əlahiddə məsələ olduğuna görə KTMT-nin önəmli şəxsi belə bir bəyanatla çıxış etmək zərurəti görüb. Eyni zamanda sərhəd münaqişəsi Orta dəhliz uğrunda gedən savaşın tərkib hissəsidir. Yola kontrolun ruslara verilməməsi üçün bölgədə eskalasiyanın olmasında maraqlı qüvvələr var.

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq  lazımdır”

Sülhəddin Əkbər

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, Xəzər dənizinin ehtiyatlarına çıxışı təmin etmək planı yeni məsələ deyil: “Hələ 1998-ci ildə ABŞ Xəzəri özünün məsuliyyət zonası elan edib. O baxımdan KTMT-dən verilən bu açıqlamanı yeni nüans hesab etmirəm. Sadəcə, hazırkı geopolitik kontekstdə təkrar bu məsələ yada salınıb. Şübhəsiz ki, Rusiya və İranın sankiyalara məruz qaldığı bir vaxtda Cənubi Qafqaz və Mərkəzi Asiya regionları xüsusilə ön plana çıxır. Çünki buradan keçən nəqliyyat, rabitə xətlərinin, iqtisadi yolların əhəmiyyəti artmaqdadır. Bütövlükə geopolitik qarşıdurma nəticəsində hər iki regionun strateji əhəmiyyəti güclənməkdədir”. Onun fikrincə, bu, həm də Turan proyekti ilə bağlı ikiqat aktualdır: “Çünki Zəngəzur dəhlizinə nəzarətin önəmi artmaqdadır”.

S.Əkbərə görə, ümumiyyətlə, Rusiya geopolitik proseslərin mərkəzindədir. Ekspert hesab edir ki, dünyanın yeni quruculuğu dövründə Cənubi Qafqazda yaranmış vəziyyətdən daha çox Rusiya narahatdır: “Diqqət edin – Rusiya sülhməramlıları saxlamaq üçün könüllü şəkildə bölgədən getmiş erməniləri yenidən Qarabağa qaytarmaq istəyir, eləcə də danışıqlar prosesində təşəbbüsü əldən vermək istəmir, həmçinin Ermənistanda təsir imkanlarını gücləndirməyə çalışır, eyni zamanda Zəngəzur dəhlizinə nəzarəti götürmək istəyir. Bu hədəflərinə nail olmaqla, Rusiya Orta Asiyaya, Azərbaycana təsirini artıracaq. Ardınca Ermənistanda varlığını qoruduqdan sonra Gürcüstana təzyiqlərini artıra biləcək. Halbuki sülhməramlıların Qarabağda qalması üçün əsaslar itirilib. Çünki qarşıda duran tərəf yoxdur. Ona görə də rus qoşunlarının regionda yeganə mövcudluq səbəbi erməniləri bölgəyə qaytarmaq ola bilər. O baxımdan bizim üçün təhlükəli dövr başlayır”.

Analitikin sözlərinə görə, Ermənistan isə Qərb, NATO ilə yaxınlaşmaq xətti götürüb: “Ona görə də Rusiya Cənubi Qafqazda gedən proseslərdə, xüsusən danışıqlarda təşəbbüsü ələ almalıdır ki, daha sonra Zəngəzur dəhlizi də onların kontrolunda olsun. Erməni siyasi şərhçilər də qeyd etdilər ki, sərhəddə son təxribat rusların nəzarətində olan ərazidən açılıb. Ona görə də bu təxribatın səbəbkarı ruslardır. Üstəlik, Brüsseldə Ermənistanla Avropa İttifaqı arasında keçirilən strateji tərəfdaşlıq toplantısı, Şarl Mişelin Bakıya telefon zəngində danışıqlar formatını bərpa etmək təklifi əsnasında sərhəddə bu təxribatların baş verməsi təsadüfi deyil. Rusiyadan gələn açıqlamalar da göstərir ki, Kreml buna imkan verməyəcəyini nümayiş etdirir. Yəni Moskva demək istəyir ki, təkcə sülh danışıqları deyil, delimitasiya müzakirələri də, nəqliyyat kommunikasiyalarının açılması da, 2020-2022-ci illərdə Ermənistanla Azərbaycan arasında imzalanmış anlaşmalar da yalnız Rusiyanın vasitəçiliyi ilə olmalıdır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı ermənilərin qayıdışı barədə danışıb. “Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışının perspektivlərini müzakirə edirlər”. Onun sözlərinə görə, ermənilərin qayıdışı onların hüquq və təhlükəsizliyinin “etibarlı” qorunması şəraitində həyata keçirilməlidir. Zaxarova qeyd edib ki, Bakı və Moskva Qarabağda birgə patrul xidmətinin təşkilini müzakirə edir: “Deyə bilərəm ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bənzər yazılar