
Bu gün ən çox maraq kəsb edən siyasi mövzulardan biri də Ermənistandakı Paşinyan hakimiyyətinin gələcəyidir. Bəli, biz Qafqazın bir parçasıyıq və bu regionda baş verən siyasi proseslər bizə təsirsiz ötüşmür. Hər halda, Ermənistan uzun illərdir bizimlə müharibə şəraitindədir. 44 günlük müharibədən sonra Ermənistanda baş verən siyasi katakilizimlər hələ də davam edir. Düzdür, 10 noyabr razılaşmasından sonra siyasi gərginlik pik həddə çatmışdısa, hazırda nisbi sabitlik müşahidə olunur. Vazgen Manukyan və onun ətrafında toplaşmış 17 siyasi partiyanın mitinqləri və sivil itaətsizliyə çağırışları istənilən effekti vermədi. Zənnimcə, bunun ən böyük səbəblərindən biri 10 noyabrda imzalanmış üçtərəfli müqavilənin tərəflərindən birinin Rusiya olmasıdır. Ortaya maraqlı sual çıxır: Ermənilər kimə etiraz etməlidir, Paşinyana, yoxsa Putinə?
Putinə etiraz edə bilməzlər. Çünki, Ermənistan adlı dövlətin dünyanın siyasi xəritəsində mövcudluğunun qarantı elə Rusiyadır. O zaman yığılmış qazı, məğlubiyyətdən doğan nifrəti, hikkəni kimin üzərinə yönəltmək lazımdır? Ağla gələn binəva fiqur Nikol Paşinyandır. Bu baxımdan, qəzəbi yatırmağın ən məqbul yolu Paşinyan və onun rəhbərlik etdiyi “Mənim Addımım” siyasi koalisiyasını asıb kəsməkdir. Erməni cəmiyyəti nə Vazgen Manukyana, nə Daşnaksütyunun İşqxan Saqhatelyanı, nə də Sarkisyanın kürəkəni Minasyana bel bağlamır. Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın heç bir şansı yoxdur. Elə bu vaxt rəsmi Kreml proseslərə müdaxilə edir. Robert Köçəryan prezidentlikdən getdikdən sonra Putin ona “Qazprom Ermənistan”-ın idarə heyətində yüksək vəzifə vermişdi. Putin ona deyərdim ki, hətta İlham Əliyevdən də çox inanır. Rəsmi Moskva üçün Köçəryan həmişə rezervdədir.
Xatırlayırsınızsa, bir müddət əvvəl Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etmişdi. Vazgen Manukyanın rəhbərlik etdiyi “Vətəni Xilasetmə” hərəkatı bu təklifi rədd etdi və Paşinyanı istefaya çağırdı. Əslində, Manukyan çox gözəl dərk edir ki, müxalifətin Paşinyana qalib gəlmək şansları yoxdur. Digər tərəfdən, Paşinyanın bu təklifi elə müxalifət üçün tələ idi. Çünki, Paşinyan seçkini növbəti dəfə qazanıb hökumətini daha da legitimləşdirəcəkdi.
Qeyd edim ki, Ermənistan konstitusiyasına görə, ilk öncə Paşinyan istefa verməli idi. Daha sonra parlament yeni baş nazir seçməli idi. Bu, əgər baş tutmasaydı, o zaman növbədənkənar parlament seçkiləri keçirilə bilərdi. Ermənistan parlamentindəki qüvvələr nisbətinə nəzər yetirsək görərik ki, Paşinyanın lideri olduğu “Mənim Addımım” alyansının 120-dən çox deputatı var. Deməli, bu variant da özünü doğrultmur. Nəticədə, növbəti parlament seçkiləri vaxtında keçiriləcək. Bu, Paşinyanın müxalifətə atdığı siyasi “qol” idi. Məsələ budur ki, Ermənistan cəmiyyətində növbədənkənar seçki üçün ictimai təlabat yoxdur. Elə buna görə də, Paşinyan və onun siyasi alyansı növbədənkənar seçki təklifini geri götürdü. Bunun bir başqa səbəbi də odur ki, 19 noyabr razılaşmasının müddəaları, yəni nəqliyyat xəttlərinin açılması hələ baş verməyib. Paşinyanın bu razılaşmada imzası var və buna əməl etməlidir. Məntiqlə düşünsək, indiki situasiyada Rusiya tələm-tələsik Köçəryanın iqtidara gətirilməsində o qədər də maraqlı deyil.
Ötən həftə Robert Köçəryan Rusiyanın “Sputnik Armenia” media quruluşuna verdiyi müsahibədə böyük siyasətə geri döndüyünü bildirdi və Rusiya ilə “geniş inteqrasiyadan” bəhs etdi. Dərhal Paşinyana yaxın şəxslərdə seçkidə Köçəryandan çəkinmədiklərini bəyan etdilər. Köçəryan Qarabağ klanının lideridir və eyni zamanda, erməni cəmiyyəti tərəfindən korrupsioner və mafiyoz biri kimi tanınır. Güman ki, Paşinyanın əlində Köçəryanla bağlı ciddi kompramatlar var. Zamanı gələndə Paşinyan bundan istifadə edəcək. Təbii ki, Köçəryanda bunun fərqindədir, ancaq Rusiyaya, daha doğrusu, Putinə arxalanır. Putin isə hələ ki, tələsmir, daha çox nəbz yoxlayır. Əvvəlcə Vazgen Manukyanın “Vətəni Xilasetmə” müxalif hərəkatı ilə razılıq əldə olunmalıdır. Onlar isə Köçəryana kifayət qədər skeptik yanaşdıqlarını və bunu aralarında heç müzakirə etmədiklərini bəyan edirlər. Robert Köçəryanın bir zamanlar istifadə etdiyi “güclü əl” texnologiyası da işə yaramır. Sadə ermənilərdə Köçəryanın sevdiyi bu strategiyanın ölkədə diktaturanı və korrupsioner oliqarx sinfinin təşəkkül tapdığına gətirib çıxardığını bilirlər.
Göründüyü kimi, Ermənistanda ortaya normal, ölkəni ağır vəziyyətdən çıxarmağa layiq hələ ki, Paşinyan görünür. Sadə ermənilər də daha çox Putinin iki dodağının arasından nə çıxacağına qulaq kəsilib. Yuxarıda da yazdığım kimi, Putin 10 noyabr razılaşmasının böyük ölçüdə həyata keçirilməsindən sonra ehtimal ki, Ermənistana vaxt ayıracaq. Bu, o demək deyil ki, Putinin Köçəryandan başqa əlavə alternativi yoxdur. Əlbəttə, var. Ancaq bunu elə seçmək lazımdır ki, nə şiş yansın, nə kabab. Bu alternativ heç şübhəsiz ki, Rusiyanı da, Ermənistan cəmiyyətini də razı salacaq biri olmalıdır.
Siyasi ekspert Kamal Əliyev