Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ramiz Mehdiyevin “Heydər Əliyev” medalının AQİBƏTİ və Milli zənginlərin GİZLİ SƏRVƏTLƏRİ-ARAŞDIRMA

Keçmiş YAP-çı,deputat Alqış Həsənoğlu yazıb ki, hakim partiya Ramiz Mehdiyevə verilən “Heydər Əliyev”medalını geri almaq üçün müzakirələr aparır.

Alqış Həsənoğlu uzun müddət YAP-ın mətbu orqanı “Yeni Azərbaycan”qəzetinin baş redaktoru olub. O da məlumdur ki, Həsənoğlu ilə Mehdiyev arasında daima ədavət olub. Hətta, Alqış Həsənoğlunu YAP-ın qəzətindən uzaqlaşdırıb, yerinə Hikmət Babaoğlunu gətirən də elə Ramiz Ənvəroviçin özüdür. Mən dəqiq bilmirəm, Alqış Həsənoğlunun iddiası nə qədər həqiqətə uyğundur, ancaq Ramiz Mehdiyevə təzyiqlərin artacağı gözləniləndir. Görünür, Mehdiyevdən birdəfəlik qurtulmaq üçün plan hələ yekun mərhələyə qədəm qoymayıb.

Keçən həftə mediada məlumat yayıldı ki, Mehdiyev 15 deputatı məhkəməyə verib. Lakin, hələ də Ənvəroviçin cəbhəsindən nə təsdiq, nə də təkzib verilib. Bu adamın Rusiyanın 5-ci kolonu olması da yeni informasiya deyil. O ki qaldı onun sinəsindəki Rusiya mənşəli medallara, Azərbaycanda az qala bütün hakimiyyət təmsilçilərinin o medallardan varıdır. Hətta “məni siyasətə qatmayın”deyən Siyavuş Novruzovun da.

Görünən odur ki, İlham Əliyev bürokratlardan yaxa qurtarmaq istəyir. Ramiz Mehdiyevlə yanaşı son zamanlar “Azərsu”MMC-in rəhbəri Qorxmaz Hüseynovun da “vurulması” eyni ssenarinin məntiqi ardıcıllığıdır. Səlim Müslümovu ikinci dəfədir ki, həbs edirlər. Başqa səs-küylü həbslər də mümkündür. Camaatımız da korrupsioner məmurların elliklə həbs olunmasını və onların sahib olduğu varidatın əllərindən alınmasını şövqlə tələb etməkdədir. Əlbəttə, mən insanlarımızı başa düşürəm, lakin bu işlərin hüquqi tərəfləri var. İqtidar məmurlarının nə oyundan çıxdıqlarını bizdən də yaxşı bilir. Ancaq əsas məsələ Azərbaycanda normal sistemin yaradılmasıdır.

Başlayaq elə dırnaqarası ədalət təməlini qoruyan bəzi məhkəmələrdən. Ramiz Mehdiyevi, Kəmaləddin Heydərovu və başqa çinovnikləri dərhal həbs edib əmlaklarını müsadirə etməklə iş bitmir. Sabah yerinə gələn də sələfindən az korrupsioner olmayacaq. Lakin bəzi məhkəmələr rüşvət ya da hədə-qorxu sistemindən uzaqlaşarsa, yeni məmur özünə nəzarət etməyə məcbur olacaq. Ədalətli məhkəmə Ramiz Mehdiyev zehniyyətinə elə bir zərbə vuracaq ki, ölkədə tədricən orta sinif, liberal iqtisadi model təşəkkül tapacaq. Yəni, məmur sonradan oliqarxa çevrilib, vəzifəsindən istifadə edib vergidən yayınmayacaq. Ölkədə azad sahibkarlıq mühiti formalaşacaq və orta təbəqə yaranacaq. Daha sonra milli zənginlər öz varidatlarının həcmini indiki oliqarxlardan fərqli olaraq gizlətməyəcək.

Sistemin fundamental reformlara ehtiyacı var, həm siyasi, həm də iqtisadi sferada. Bu olduğu təqdirdə,yeni Ramiz Mehdiyevlər, Kəmaləddin Heydərovlar, Səlim Müslümovlar daha olmayacaq.

Siyasi ekspert Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button