Top.Mail.Ru
ARAŞDIRMAbanner

İLGİNC! Putin taxt-tacının həqiqi varisi, xüsusi yetişdirilən ALEKSEY DYUMİN KİMDİR?-ANALİZ

Rusiyada keçiriləcək prezident seçkilərinə 3 il qalsa da, şimal qonşumuzun növbəti prezidentinin kim olacağı bizim üçün maraqlıdır. Rusiya Azərbaycan da daxil olmaqla keçmiş sovet coğrafiyasını özünün hinterlandı hesab edir, istədiyi vaxt bu ölkələrdə etnik separatizmi qızışdırır və s. Son 44 günlük Qarabağ döyüşlərində  biz Rusiyanın gerçək məqsədlərini gördük; ruslar sülhməramlılar adıyla yenidən Azərbaycan ərazisinə daxil oldular, erməniləri yenidən regiona köçürməyə başladılar və nəhayət Araik Arutyunyanla Azərbaycan rəsmilərinin qarşılıqlı görüşünü təşkil etdilər. Daha sonra “DQR”-in seperatçı Arayikinə Xankəndində qondarma “respublika günü” də düzüb qoşdular. Bütün bunların “ilhamvericisi” Rusiyadır.

Mən həmişə hesab etmişəm ki, Rusiya hələ də keçmiş sovet respublikalarının müstəqilliyini həzm edə bilmir və onlara qarşı siyasətini məhz daxili siyasət konsepsiyası prinsiplərindən həyata keçirir. Bu nəhəng avtoritar Rusiyada baş verənlər bizim həmişə diqqətimizi çəkib. Azərbaycanlılar bəzən düşünürlər ki, Putin getsə və yerinə demokratik düşüncəli ( məsələn, Navalnı ) siyasətçi gəlsə, həm Rusiya demokratikləşər,həm də biz azad olarıq, rus əsgərlərini Qarabağdan çıxara bilərik. Bu vaxta qədər ki, bütün siyasi təhlillərimdə bunun məntiqsiz və absurd olduğunu ifadə etmişəm. Bəli, günün birində Putin gedəcək, başqa bir siyasətçi onu əvəz edəcək.

Putini kim(lər) əvəz edə bilər?

Putini əvəz edəcək siyasətçilər arasında indiki baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, xarici kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin, Nikolay Patruşevin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev də var. Lakin Rusiya prezidentliyinə başqa bir namizəd var ki, o, yavaş-yavaş özünə siyasi kredit toplayır, kənardan çox diqqətli şəkildə onun siyasi portretinin üzərində iş gedir. Bu şəxs hazırda Tula vilayətinin qubernatoru olan, Putinin kifayət qədər yaxından tanıdığı, general leytenant Aleksey Qennadieviç Dyumindir.

Dyumin texnokrat deyil, daha çox bürokrat və siyasi kimliyi ilə tanınır. Hələ ki, onun adı Navalnının korrupsiya hesabatlarında zikr edilmir. Ola bilsin ki, Putin də varisini bu kimi keyfiyyətlərinə görə dəyərləndirəcək.

Kimdir bu Aleksey Dyumin?

Dyumin 1972-ci ilin avqustunda Kurskda doğulub. Atası Gennadi Dyumində rus ordusunda hərbi həkim və general rütbəsini daşıyıb. Aleksey Dyuminin uğurlu karyeraya sahib olmasında general atasının da əməyi olub. Dyumin 1995-ci ildən 2007-ə qədər Federal Təhlükəsizlik Xidmətində (FSB) işləyib. O, 2007-ci ildə baş nazir Viktor Zubkovun təhlükəsizlik xidmətinin rəisi olub. Daha sonra Dyumin Putinin mühafizə xidmətinin rəis müavini olub.

2014-cü ildə isə gənc Dyumin QRU adlanan xüsusi əməliyyatlar komandanlığının rəis müavini təyin olunur. Diqqətlə fikir verin, Putin, Dyumini əvvəlcə özünün təhlükəsizlik xidmətinə gətirir. Sonra isə onu QRU-da yüksək vəzifəyə təyin edir.

Aleksey Dyumin və Krımın ilhaqı

Belə ki, QRU adlanan xüsusi qurum 2014-cü ildə Krımın Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozularaq işğal edilməsində Dyuminin böyük “xidməti” olur. Hətta deyərdim ki, Dyumin yarımadanın anneksiyasında açar rolunu oynayır. ABŞ hökuməti Krımın işğalında rol oynayan 23 nəfər rusiyalıya sanksiya tətbiq edir. Bu adamların içində Dyumin də var. Hərçənd, o, bunu inkar edir. İş ondadır ki, bu “əməy”inə görə, Putin ona ən ali mükafat olan “Rusiya qəhrəmanı” medalını verib. Bu medala Rusiya tarixində cəmi 1300 nəfər layiq görülüb.

Bundan başqa, Dyumin 2013-cü ilin fevralın 23-də Ukraynanın keçmiş rusyönümlü avtoritar prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçırılması əməliyyatına da rəhbərlik edib. Düzdür, Putinin “qızıl oğlanı” bunu mif və spekulyasiya adlandırsa da bu belə deyil. Dyuminin karyerasında bir yüksəliş də 2015-ci ildə baş verir. Putin bu dəfə onu müdafiə naziri Sergey Şoyqunun müavini təyin edir. O, quru qoşunları komandanı olur. 2015-ci ilin dekabrın 24-də Putin Dyuminə general-leytenant rütbəsi verir. Dyumin bir dəfə hətta belə demişdi ki ,o, Putinin ayının hücumundan da xilas etmişdi.

Dyuminin siyasi portretini analiz edərkən diqqətimi bəzi məqamlar çəkir. O, qısa müddət ərzində yüksək karyera əldə etdi. Putin ona inandı və onu Rusiya üçün həyati əhəmiyyət daşıyan əməliyyatlara göndərdi. Dyumin həm hərbçi, məmur, atlet, həm də prezidentlik üçün ideal bir yaşdadır. O, hazırda Moskvadan 194 km cənubda yerləşən Tula vilayətinin qubernatorudur. Əvvəllər qubernatorlar Kreml tərəfindən təyin olunurdu. İndi isə seçkilər keçirilir. Dyumindən əvvəl də Tulanın qubernatoru Putinin Vahid Rusiya Partiyasından Vladimir Qruzdev idi. İndi Tulanın qubernatoru Dyumin bəlkə də gələcəkdə Rusiyanın prezidenti olmaq üçün hazırlanır. Əlbəttə, Putindən sonra başqa alternativləri də yuxarıda qeyd etdim. Lakin Rusiya siyasətini, siyasi tarixini az-çox bildiyim və oxuduğum üçün ehtimal edirəm ki, Putinin varisi olmaq üçün ən şanslı siyasətçi Aleksey Dyumindir.

Siyasi şərhçi Kamal ƏLİYEV

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button