Top.Mail.Ru
ARAŞDIRMAbanner

Amerikanın Qarabağ siyasətindən İPUCULAR və Ermənistanın MÜQƏDDƏRATI-ARAŞDIRMA

İlk başdan vurğulayım ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış mətnə ABŞ-ın prinsipcə razı olduğu qənaətinə gələ bilərik. Rəsmi Vaşinqton üçün Zaqafqaziyada fəal konflikt ocağının mövcudluğu arzuolunan deyil. Ona görə ki, postsovet məkanında ABŞ-ın Rusiya ilə tərs düşdüyü Ukrayna və Gürcüstan kimi vacib ölkələr var.

Putin 2014-cü ildə beynəlxalq hüquqa tüpürərək, Krımı anneksiya etməklə, daha sonra Ukraynanın şərqini də ələ keçirməklə Qərbi xeyli qəzəbləndirmişdi. Diqqət edin, ABŞ həm 2008-də, həm də 2014-cü ildə Gürcüstan və Ukraynaya görə Putinin Rusiyası ilə üz-göz olmuşdu. Baydenin xarici siyasət doktrinasında Çin və Rusiyaya təzyiqlər mütləq olacaq. Bunun üçün o, Avropadakı müttəfiqləri ilə konsultasiyalarını davam etdirir. Trampdan fərqli olaraq, Bayden Trans-Atlantik ittifaqını daha da gücləndirəcək. Yuxarıda qeyd etdiyim kimi, ABŞ 10 noyabr sazişinə prinsipcə müxalif olmasa da, Türkiyə prezidenti Ərdoğanın altılıq formatına isti yanaşmır.

Təsəvvür edin ki, altılıq formatının iki üzvü-Rusiya və İran ABŞ-ın opponentləridir. Bayden adminstrasiyası Rusiyanın Suriyada, Liviyada, Ukraynada və Gürcüstandakı aqressiv davranışlarına səbr göstərmək istəmir. Üstəlik, İranın da altılıq formatındakı regional kommunikasiya sistemindəki mümkün rolunu da rəsmi Vaşinqton böyük ehtimalla qəbul etməyəcək. Türkiyə, ABŞ-ı bu formatın uğurlu olacağına inandırmağa çalışır.

Məsələn, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın ABŞ dövlət katibi Antoni Blinkeni Dağlıq Qarabağda əməkdaşlıq etməyə çağırır. İş ondadır ki, Ağ Ev daha sonra verdiyi açıqlamada Dağlıq Qarabağ sözünü işlətmir. Ehtimal edirəm ki, Dağlıq Qarabağ sözünün işlədilməməsinə məhz altılıq formatına ABŞ-ın müsbət yanaşmaması da səbəb ola bilər.

Digər tərəfdən, ATƏT-in Minsk Qrupunda da daxili narazılıq var. Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan, İlham Əliyev və Ceyhun Bayramovla keçirdiyi görüşdə Dağlıq Qarabağın “siyasi statusu” kəlməsini istifadə etməkdən yayındı. Əvəzində, fransız diplomat regionda kommunikasiya dəhlizinin açılması perspektivindən danışdı. Minsk Qrupunun amerikalı həmsədri Yan Kelli isə Dağlıq Qarabağ haqqında beynəlxalq sülh müqaviləsinin imzalanmasının və sülhməramlıların statusunun müəyyənləşdirilməsinə toxunur. ABŞ 10 noyabr razılaşmasına tam qarşı çıxmasa da Rusiyanın buradakı üstünlüyünə şübhə ilə yanaşır. Hətta amerikalılar “sülhməramlılar” mövzusuna daha sentimental yanaşır. Amerikalılar dərk edir ki, Rusiyanın sülhməramlı kontingentinin beynəlxalq hüquqa görə, leqal əsasları yoxdur. Düşünürəm ki, ABŞ-ın bu mövzuda iki prinsipi var:

  • Amerikalılar müttəfiqi Türkiyə vasitəsilə rusları bölgədən uzaqlaşdırmaq istəyir.
  • ABŞ çalışır ki, Dağlıq Qarabağ problemini etnopolitik təcrübədən çıxış edərək, siyasi-hüquqi müstəviyə daşısın.

Birinci prinsipə görə, türklər, azərbaycanlılar və ermənilər barışırlar. Və beləliklə, hər üç xalq ruslar olmadan aralarında dil tapırlar. Ümümi götürdükdə, ABŞ Qafqazdan birdəfəlik getmək istəmir və hadisələrə təsir etmə rıçaqlarını maksimum qorumağa çalışacaq. Bu,həm də Paşinyanın müqəddəratından da asılıdır.

Paşinyanın Qasparyan üzərində ilk qələbəsi.

Beləliklə, Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi məsələsinin baş nazirin səlahiyyətlərinə aid olduğunu deyib. Hərçənd, Baqramyan prospektində gecə-gündüz mitinqlər edən müxalifət bunu prezidentdən gözləmirdi. Necə deyərlər, bu, lap “Vətəni Xilasetmə” hərəkatı və onun lideri Vazgen Manukyan üçün soyuq duş effekti yaratdı. Rusiyanın orbitində olan sivil erməni müxalifəti gözləyirdi ki, Sarkisyan konstitusiya məhkəməsinə müraciət edəcək.

Qanuna görə, Onik Qasparyan artıq baş qərargah rəisi deyil. Bunu Paşinyanın “Mənim Addımım” blokunun üzvü Nikolay Badasaryan da deyir. Prezident martın 9-u saat 18:00-a qədər məhkəməyə müraciət etməli idi. Onik Qasparyan isə kabinetindən çıxmır və məhkəməyə müraciət etmək fikrindədir. Daha doğrusu, Rusiya Oniki qorumaqda davam edir. Ermənistan parlamentinin qarşısında toplanan müxalifət isə Paşinyanın istefasını tələb edir.

İndiki situasiyada Kremlin Ermənistandakı həm sivil, həm də hərbi müxalifəti istədiyinə nail ola bilmir. Rusiyanın əsas məqsədi Qasparyandan istifadə etməklə öz “sadiq” dostu Robert Köçəryanı iqtidara gətirməkdir. Ancaq Putin bunun seçki yoluyla baş tutmayacağını anlayır; ruslar birbaşa hərbi müdaxilə edə bilmir, erməni müxalifətinin əliylə sivil itaətsizlik aksiyalarını uğurlu təşkil etməkdə zəifdir. Paşinyan isə vəziyyətin kontroldan çıxmaması üçün təhlükəsizlik qüvvələrini səfərbər etməkdə davam edir. Yəni, qiyamçı Qasparyanın hərəkətə keçməsini önləmək üçün təhlükəsizlik qüvvələri preventiv addımlar ata bilər.

Qasparyan bundan sonra optimal variant kimi tabeliyində olan hərbi birləşmələri İrəvanın küçələrinə çıxara bilər. Belə olan təqdirdə, Paşinyanın tərəfdarlarının reaksiyası da həlledici olacaq.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button