
Başlıq sizə ritorik gələ bilər, ancaq gəlin problemi kitabın ortasından oxumağa çalışaq.
Arayik, Balasyan və onların ətrafındakı qruplaşmanın parlament adlı məzhəkəsində rus dilinin “Artsax”-da ikinci rəsmi dil kimi qəbul olunmasının müəllifi Putindir. Ortada çox eybəcər bir addım var və biz bunun adını əvvəlcə doğru qoymağı bacarmalıyıq. Azərbaycanda bir rəsmi dil var. Bu da azərbaycan dilidir. Lakin Putinin diktəsiylə Xankəndidə rus dilinin ikinci dil kimi qəbul olunması prinsipcə 10 noyabr razılaşmasınında ruhuna ziddir. Əvvəllər də vurğuladığım kimi, 10 noyabr sazişində kifayət qədər boşluqlar var və həmin tarixdən indiyə qədər biz hələ də həmin boşluqların acısını çəkirik.
Məni maraqlandıran əsas detal odur ki, Azərbaycan hakimiyyəti ermənilərin belə addım atacağını hesaba qatmışdılarmı? Əgər hesaba qatmışdılarsa, qondarma rejimin bu addımına hansısa adekvat cavab veriləcəkmi? Və yaxud bu adekvat münasibət necə olacaq?
Dil məsələsi kifayət qədər ciddi məsələdir və bu, gələcəkdə Rusiyanın bölgədə yaşayan insanlara rus pasportlarının verilməsilə nəticələnə bilər. Putin bu hüquqsuzluğu Şərqi Ukraynada və Cənubi Osetiyada edib. Putin ona görə bunu edir ki, sabah hər hansı silahlı toqquşma yaranacağı təqdirdə “öz vətəndaşlarımı qoruyuram” adı altında hərbi müdaxilə edə bilsin.
Yenə də vurğulamaq istəyirəm ki, Arutunyanın qondarma parlamentində rus dilinin ikinci rəsmi dil kimi qəbul olunması birbaşa rəsmi Moskvanın direktividir. Ruslar bu kimi addımları atmazdan əvvəl bunun altyapısını hazırlayırlar. Matviyenki, Sergey Mironov kimi siyasilərin diliylə öz aləmlərində ictimai rəy formalaşdırırlar. Ermənistan adlı vilayəti Qafqazda yaradan, Qarabağ kimi etnik konflikti yaradan və bundan öz məqsədləri üçün istifadə edən Rusiyadan biz heç vaxt pozitiv addım gözləməməliyik.
Bu gün tez-tez istifadə olunan “proxy wars” deyilən bir anlayış var. Bu, vəkalət müharibələri adlanır. Məsələn, ABŞ hətta NATO-da öz müttəfiqi olan Türkiyəyə qarşı kürdlərin əliylə Şimali Suriyada vəkalət müharibəsi aparır.
Eyni taktikanı ruslar Qafqazda ermənilərin vasitəsilə bizə qarşı yürüdür. Qərəz, yeni sistemdə dövlətlər bir-birlərinə qarşı açıq deyil, daha çox başqalarının vasitəsilə mübarizə aparır. Bu, 20-ci əsrin müharibə taktikasıdır. Məsələn, eyni taktikanı İran husiləri, Hizbullah, Haşdi Şabiyi istifadə etməklə rəqiblərinə qarşı tətbiq edir. Qafqaz ruslar üçün yeni deyil və onlar bu regionun etnik xəritəsini,daxili dinamikasını çox yaxşı bilirlər.
Digər tərəfdən, mənim ehtiyyat etdiyim ən arzuolunmaz şey rusların Qarabağdakı ermənilərə bir müddət sonra kütləvi şəkildə rus pasportlarını paylamasıdır. Necə deyərlər, pir mənimdir, kəramətinə də bələdəm. Əgər bu, baş tutarsa biz rusları 10 noyabr sazişinə uyğun olaraq, 2025-ci ildə Qarabağdan necə çıxaracağıq? Ruslar buna dirəniş göstərsə, nə edəcəyik?
Rusiya BMG TŞ-ın üzvüdür və humanitar hüquq var. Hətta biz istədəsək də, istəməsək də, Xankəndidə dırnaqarası parlament, hökumət və prezident var. Üstəlik, rus sülhməramlıları ərazidədir və birbaşa nəzarət mexanizmini həyata keçirirlər. Elə bilməyin ki, Yuxarı Qarabağda cəmi 1960 rus sülhməramlısı var. Biz bilirik ki, bu rəqəm daha çoxdur.
Biz birdəfəlik dərk etməliyik ki, bundan sonra Rusiya ilə Dağlıq Qarabağ probleminin düz mərkəzindəyik…
Siyasi ekspert Kamal Əliyev
“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az