
Son həftələr Rusiyanın Ukraynaya total qəzəbinin episentrindəki fiqur heç şübhəsiz ki, Viktor Medvedçukdur.
Belə ki, fevralın 19-da Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Putinin şəxsi dostu, oliqarx Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonu sanksiya siyahısına saldı. Səbəb isə o idi ki, hər iki şəxs Ukraynanın şərqindəki separatçıları dəstəkləyərək terrorizmə yardım ediblər.
Ola bilsin ki, azərbaycanlılar üçün Viktor Medvedçuk o qədər də tanış persona deyil. Lakin bu adamın siyasi və biznes fəaliyyətini analiz edərkən, Medvedçukun “qaranlıq” fiqur olduğunu görməmək mümkün deyil. Medvedçuk hətta bir zamanlar Ukrayna prezidenti olmuş Leonid Kuçmanın (2002-2005) siyasi komandasında da təmsil olunurdu.
Daha sonralar o, “Ukraynanın seçimi” adlı müxalif təşkilat yaradır. Bu təşkilatın əsas məqsədlərindən biri anti-Avropa İttifaqı idi.
2018-ci ilin noyabrında rusyönümlü oliqarx siyasətçi Medvedçuk “Həyat Uğrunda” adlı müxalif siyasi partiyanın siyasi şurasının katibi seçilir. Ukraynada 2019-cu ildəki parlament seçkilərində rusiyayönümlü “Həyat Uğrunda” müxalif platforma Ali Radada 37 mandat qazanır. Bu 37 rusyönümlü deputatlardan biri də Viktor Medvedçuk olur. Necə ki, qatil Köçəryan Putinin “sadiq” erməni dostudur, eləcə də Medvedçuk Rusiya prezidentinin şəxsi kankasıdır. Putin həm də Medvedçukun qızı Darinanın xaçatasıdır.
Bir daha təkrar edim ki, fevralın 21-də Putinin adamı Medvedçuk Ukrayna hökuməti tərəfindən sanksiya siyahısına salınır. Səbəb bəllidir: Medvedçuk və onun ailə şirkətləri terrorizmi maliyyələşdirir. Və maraqlıdır ki, Tv maqnatı olan Medvedçuk sahib olduğu 3 tv kanalında açıq-aydın anti-Ukrayna təbliğatı aparır. Belə demək mümkünsə, 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra oliqarx siyasətçi Medvedçuk Kremlin xeyrinə “5-ci kolon” funksiyasını yerinə yetirir. Medvedçukun maliyyələşdirdiyi 3 televiziya kanalı illərdir Ukraynanın maraqlarına qarşı çıxır və Rusiyanın ekspansianist siyasətinin agitasiyasını aparır.
Bildiyiniz kimi, 2019-cu ilin yazında Ukraynada keçirilən seçkilərdə Volodimir Zelenski böyük üstünlüklə qalib gəlir. Medvedçuk elə o gündən Zelenski adminstrasiyasının radarına girir. Yeni Ukrayna hökuməti görür ki, Medvedçuk əlində olan media ilə Krım və Şərqi Ukrayna probleminin danışıqlar yoluyla həllinə balta vurur. Bunu belə vurğulayaq ki, Medvedçuk rəsmi Moskvanın zor siyasətini Ukraynada təbliğ edir və eyni zamanda sülh danışıqlarını öz mediasında alt-üst edir.
Təbii ki, o, bunu öz başına etmir və birmənalı olaraq, Kremlin direktivlərinə görə realizə edir. Zelenski hökuməti nəhayət anlayır ki, Medvedçuka bundan artıq dözmək olmaz və onun sahibi olduğu 3 Rusiya yönümlü televiziya kanalının tezlikləri ləğv olunur.
Təsəvvür edin ki, bu illər ərzində Medvedçuk öz kanallarında dezinformasiya yayır, dövlət qurumlarına qarşı haker hücumları təşkil edirmiş. Bu, əlbəttə ki, Medvedçukun əliylə Kremlin Ukraynada kibercinayətləridir. Putin rejimi kibercinayətkarlıq və rəqiblərə qarşı hibrid mübarizə metodlarından uzun illərdir ki, istifadə edir.
Ukrayna siyasətini izləyən biri kimi deyə bilərəm ki, Zelenski hökuməti sələfi Petro Poroşenkodan fərqli olaraq, Rusiya ilə yaranmış problemləri diplomatik yolla həll etməyə üstünlük verir. Hərçənd, Zelenskinin Rusiyaya qarşı nisbətən dözümlü siyasəti ölkə daxilində də çox sərt tənqid olunur.
2018-ci ildə Ukraynanın şərqində Rusiyayönümlü separatçılarla döyüşlərdə 122 Ukrayna hərbçisi həlak olmuşdusa, keçən il ölənlərin sayı 50 nəfər idi.
İndiki Ukrayna hakimiyyətinin əsas hədəfi işğal edilmiş bütün Ukrayna torpaqlarını geri almaq və ölkədə siyasi stabilliyi təmin etməkdir. Lakin indiki hökumət onu da dərk edir ki, bu, ancaq ABŞ-la yaxın hərbi-siyasi portnyorluqdan keçir. Mən bunu aşağıdakı kimi xarakterizə edərdim;
-
Ukrayna istəyir ki, ABŞ Normznduya, Minsk formatı çərçivəsində isə Fransa və Almaniya ilə yanaşı təmsil olunsun. Bu, Ukrayna üçün olduqca vacib hədəfdir.
-
Ukrayna istəyir ki, Rusiya işğal etdiyi Ukrayna torpaqlarını tərk edənədək, ABŞ bu ölkəyə qarşı daha sərt və davamlı sanksiyalar tətbiq etsin.
-
Rəsmi Kiyev ABŞ-la hərbi-siyasi spektrda əməkdaşlığın genişləndirilməsini və NATO-ya daxil olmağı arzu edir.
Ukraynanın istəklərindən biri də Rusiya və Almaniya arasında inşa edilən “Şimal Axını-2” layihəsinin həyata keçirilməməsidir. Çünki bu layihə Ukraynanın iqtisadiyyatına zərbə vuracaq və Avropanı Rusiyadan enerji asılılığına məhkum edəcək.
Yeri gəlmişkən, adı çəkilən neft boru kəmərinin tikilməsinin 95%-i artıq tamamlanıb.
Ukrayna hökuməti indi həmişəkindən daha çox ABŞ-a ümid bəsləyir. Dünən prezidentlər Co Bayden və Zelenski arasında baş tutan telefon danışığında da ABŞ prezidenti Ukraynaya dəstək verəcəklərini bəyan edib.
Vurğulayım ki, Obama adminstrasiyası Krımın işğalına verdiyi dəstəyə görə 2017-ci ildə Putinin adamı Medvedçuku sanksiya siyahısına salmışdı. Lakin keçmiş prezident Poroşenko bunu o qədər də ciddiyə almırdı və Medvedçuku Putinlə keçirdiyi görüşlərdə qeyri-formal vasitəçi kimi istifadə edirdi.
İndi dövran dəyişib və Poroşenko kimi “bir əli Qərbin, bir əli də Rusiyanın cibində olan” prezident yoxdur.
Siyasi ekspert Kamal Əliyev
“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az