Top.Mail.Ru
ARAŞDIRMAbanner

Köçəryanın “Pozner”ə müsahibəsinin İLGİNC ŞİFRƏLƏRİ və Xocalı qatilinin ŞOK “ARZULARI” – ARAŞDIRMA

siyasi ekspert Kamal Əliyev

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Vladimir Poznerə verdiyi müsahibədə dedikləri erməni cəmiyyətində də qızğın müzakirə olunmaqdadır.

Şübhəsiz ki, Azərbaycan tərəfi də Köçəryanın, daha doğrusu Putinin Ermənistan üzrə keçmiş qubernatorunun dediklərinə reaksiya göstərməkdədir. Lakin, erməni cəmiyyətində də Robertin Poznerə dedikləri heç də birmənalı qarşılanmır.

Robert düz 10 il Ermənistanın prezidenti olub. Onun hər hansı siyasi partiya mənsubiyyəti də olmayıb. Məsələn, onun xələfi, başqa bir Qarabağ cəlladı Serj Sarkisyanın arxasında “Respublika” partiyası vardı. Köçəryan isə Ermənistanda Rusiyanın birmənalı olaraq “5-ci kolonu” olub. Bütövlükdə Rusiyanın nəzarətində olan ordu həmişə Köçəryanın arxa dayağı olub.

2008-ci ilin martın 1-də prezident Köçəryan paytaxt İravanda erməniləri qanına qəltan etməkdən belə çəkinməmişdi. O vaxtdan üzərində cinayət işi olan, Paşinyanın hakimiyyətə gəlməsindən sonra bir müddət həbs həyatı yaşayan Köçəryanın cinayət işinə artıq xitam verilib.

Robert Köçəryan

Köçəryanla yanaşı, KTMT-nin baş katibi olmuş erməni general Yuri Xaçaturova da qarşı cinayət işinə xitam verilib.

Bəli, Paşinyan Moskva qabağı səfərində bu jesti Putinə etdi. Yoxsa, Ermənistanın baş naziri Paşinyan çox gözəl bilir ki, Köçəryan cinayətkardır.

***

Gələk Köçəryanın Poznerə verdiyi müsahibədəki bəzi fikirlərə.

Köçəryan deyir ki, müharibənin başladığı ilk günlərdə elə siyasət aparmaq olardı ki, bu qədər torpaq və əsgər itirilməzdi. Sadə ermənilər də bunun belə olduğunu bilir. Əgər, Ermənistan tərəfi ən azından Dağlıq Qarabağın ətrafındakı ərazilərdən könüllü çıxsaydı, əlbəttə, bu qədər biabırçı məğlubiyyətə düçar olmazdılar. Yəni, Köçəryanın dediyində yeni bir şey yoxdur.

Köçəryan həm də onu deyir ki, indiki erməni ordusu ilə revanş almaq absurddur, çünki erməni ordusu dağılmış vəziyyətdədir. Köçəryanın bu sözündə də qeyri-adi heç nə yoxdur. Hətta bunu Paşinyanın ətrafı da söyləyir. Daha çox Daşnaksütyun və başqa millətçi qruplar revanş kəlməsini dilə gətirir. Bununda səbəbi məlumdur; erməni cəmiyyətində Paşinyana qarşı nifrəti körükləmək.

Erməni millətçilərinin demoqogiyası yeni deyil, hətta onların varolma motivasiyasıdır. Ermənilər dərk edir ki, Rusiyadakı bütün federal televiziya kanalları Kremlin nəzarətindədir. Bu, o deməkdir ki, Kremlin və yaxud Putinin mətbuat katibi Dmitri Peskovun icazəsi olmadan, Vladimir Pozner qətiyyən Köçəryandan müsahibə almazdı. Hasil olan nəticə budur ki, Putin, Köçəryandan Ermənistandakı canişini kimi istifadə edir.

Bu, sadə ermənilərin nəzərində Köçəryana daha çox antipatiya qazandırır. Çünki, dövlət liderlər arasındakı simpatiyaya görə yox, maraqlara görə idarə olunur.

Bu, erməni cəmiyyətində qorxu hissini də körükləyir. Əslində, Paşinyan hazırkı situasiyada anti-Rusiya siyasəti də aparmır.

Məsələn, 10 noyabr sazişinin mühüm bəndlərindən olan Zəngəzur koridorunun çəkilməsinə qarşı çıxmır. Bundan başqa, Paşinyan Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyə, Moskvanın Ermənistanda yeni AES tikməsinə, Avrasiya ittifaqına daha sıx inteqrasiyada maraqlı olduğunu gizlətmir.

Hazırda Paşinyan hökuməti rusyönümlü genralitetlə dil tapmağa çalışır, Onik Qasparyanın üzərinə getmir. Belə olan halda, Köçəryan erməni cəmiyyətinə hansı alternativi təqdim edir?

Birmənalı olaraq, heç nə.

Kremlin hazırda istədiyi ən uyğun variant Köçəryanın iyunda keçiriləcək seçkilərdə parlamentdə təmsil olunmasıdır. Yəni, Köçəryan və ətrafındakı fraksiya Ermənistan parlamentində heç olmasa ana müxalifət kimi təmsil olunsun. Yoxsa, Putin də qəbul edib ki, Köçəryan və yaxud hazırda az qala hər gün Baqramyan prospektində qışqıran daşnakların heç bir hakimiyyət perspektivi yoxdur.

Düzdür, Rusiya hakimiyyəti mövcud baş nazir Paşinyana təzyiqlər etdi, lakin antihökumət koalisiyasını yarada bilmədi. Belə olan təqdirdə, Putin hələ bir müddət Paşinyanla dil tapmağa məcburdur.

Üstəlik, Ukrayna ilə yaranan vəziyyət, qərbin gözlənilən daha sərt sanksiyaları kontekstində Putin özünə yenə cəbhələr açmağa maraqlı deyil. Ən azından, Paşinyanla növbəti 4 il işləmək məcburiyyətindədir.

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button