
Ukrayna və Rusiya arasında yaranmış gərgin münasibətlər fonunda Azərbaycanın rəsmi mövqeyi də maraq kəsb edir. Rəsmi Bakı dəfələrlə Krımın Ukraynanın qanuni ərazisi olduğunu bəyan edib. Bu, Rusiya ilə Əliyev hakimiyyətinin arasını aça bilərmi? Azərbaycan nə etməlidir ki, həm Ukraynanı incik salmasın, həm də Rusiya ilə münasibətləri sabit tutsun?
“Rəsmi Bakı Ukraynaya siyasi dəstək verməlidir, ancaq Rusiya ilə də münasibətlərini korlamamalıdır.“
Bu fikirləri siyasi ekspert Kamal Əliyev mövzu ilə bağlı KAİM.az-a açıqlamasında bildirib.

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu, olduqca vacib elementdir:
“Prinsipcə, Ukraynada baş verənlər Azərbaycanda olanlarla eynidir. Həm Krım, həm Donbas, həm də Qarabağ problemini yaradan Rusiyadır. Ruslar Dağlıq Qarabağı ermənilərin əliylə işğalda saxlayırdı, Ukrayna ərazisini isə özü birbaşa işğal edib. Bəlkə də elə yeganə fərq budur.
Mən Ukrayna-Rusiya münasibətlərində Türkiyənin də rolunu qeyd etmək istərdim. Düzdür, Rusiya və Türkiyə arasında bütün sahələrdə yaxşı əlaqələr var. Lakin, Zelenskinin Türkiyə səfərində bir daha gördük ki, Türkiyə strateji müttəfiqi Ukraynanın ərazi bütövlüyünə açıq dəstək verdi. Hərçənd, Rusiya da Türkiyəyə iqtisadi təzyiq vasitəsi kimi hava nəqliyyatını qapadı.
Maraqlıdır ki, Zelenski də Ukrayna xalqına müraciət edərək, Türkiyəyə səyahət etməyə çağırdı. Bilirsiniz, Azərbaycan kiçik ölkədir.
Bu baxımdan, Ukraynanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Rusiyanı da qıcıqlandırmamalıyıq. Rusiyanın ərazimizdə hərbi kontingenti var və bunu həmişə təzyiq vasitəsi kimi istifadə edəcək”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Rusiya və Ukrayna münasibətləri hərbi müstəviyə keçməyəcək:
“Mən tərəflər arasında konkret müharibə ehtimalını istisna edirəm. İndi tərəflər arasında diplomatik gərginlik, əsəb qarşıdurması və informasiya müharibəsi gedir. Hətta Ukraynanın Sankt Peterburqdakı diplomatını ruslar həbs etdilər. Güman edirəm ki, qarşı tərəf də adekvat cavab verəcək. Hətta Çexiya da bu prosesə qoşulub. Düzdür, Çexiya 15 rus diplomatını casusluq ittihamı ilə deportasiya edir. Lakin, mən bunu Qərbin Ukraynaya dəstəyinin tərkib hissəsi kimi görürəm. Qərb birmənalı olaraq Rusiyanın aqressiyasına qarşı Ukraynanın yanındadır. Ancaq bu tərəflər arasında müharibənin olacağı anlamına gəlmir” – deyə ekspert qeyd etdi.
Kamal Əliyevin fikirlərinə görə, Azərbaycan maksimum çalışmalıdır ki, Rusiya ilə münasibətləri stabil saxlaya bilsin:
“Türkiyənin mövqeyi belədir ki, qardaş ölkə Ukraynaya müasir silahlar satır, qabaqcıl texnologiya ixrac edir. Biz isə Ukraynaya nə silah satırıq, nə də hər hansı azərbaycanlı döyüşçü gedib Donbasda döyüşür. Yadımdadır, Ermənistan rəhbərliyi bəyan etmişdi ki, Krım Rusiyanın tərkibində qalmalıdır. Ermənistan bunu ağası Rusiyanın diqtəsi ilə demişdi.
Biz isə Krımı beynəlxalq hüquqa görə Ukraynanın bir parçası hesab edirik. Bu mövqe tam əsaslıdır. Ortada Helsinki Yekun Aktının bəlli müddəaları var. Və biz də beynəlxalq hüquqa görə, Ukraynanın teritorial haqqını tanımalıyıq”
“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az