Top.Mail.Ru
bannerMÜSAHİBƏ

Çarəsiz qalan ABŞ Türkiyəni hər tərəfdən sıxmağa çalışır

Erməni nağıllarının “məhsulu” olan “erməni soyqırımı” iddiası yenə gündəmə gəlib. ABŞ-da postu yenicə təhvil alan, ilk gəlişində xoş və gülərüzlü olan Cozef Bayden, son zamanlar Türkiyə ilə tərs gəldiyindən, daş atmaq üçün yenə gözünü yerə dikib. Bu dəfə əlinə daş əvəzi “erməni soyqırımı” bəhanəsini alıb.

Ötən gün verilən rəsmi məlumata görə, Ağ Ev-in 100-dən çox nümayəndəsi bir araya gələrək prezident Cozef Baydenə “erməni soyqırımını” tanıması barədə çağırış ediblər. Bundan öncə Türkiyə ilə bir çox ziddiyyətli məslələrdə qarşı-qarşıya gələn ABŞ “erməni soyqırımı” uydurmasından siyasi təzyiq aləti olaraq istifadə etsə də, istədiyi nəticəni ala bilməmişdi. Amma bu gün vəziyyət dəyişib.

Şənbə günü prezident Bayden rəsmi olaraq qondarma “erməni soyqırımını” tanıyacağını bildirib. Baydenin vədini yerinə yetirərək “erməni soyqırımını” tanıyacağı təqdirdə vəziyyətin hansı istiqamətdə davam edəcəyi sual doğurur.

Siyasi analitik Teymur Qasımlı Eurasia Diary-yə açıqlamasında məsələyə aydınlıq gətirməyə çalışıb.

– ABŞ prezidenti Co Bayden ötən gün qondarma “erməni soyqırımını” tanıyacağını bildirib. Hakim kürsüyə oturduğu gündən nəcib davranış nümayiş etdirən Baydenin Türkiyə ilə qərəzi nədir?

– Heç şübhəsiz ABŞ-ın öz dövlət maraqları var. Saxta “erməni soyqırımnı” tanısa belə heç nə dəyişməyəcək. Bu günə qədər saxta soyqırımı tanıyan dövlətlər olub, amma bunun heç bir təsiri olmayıb. Məsələnin arxa planına gəldikdə isə qeyd etmək istərdim ki, bütün bu qərarlar qeyri-rəsmi prezident kimi fəaliyyət göstərən Kamala Harrisin niyyətindən qaynaqlanır. Məlumdur ki, ABŞ-ın vitse-prezidenti olan Harris ailəvi olaraq ermənipərəstdir və bu da Ağ Ev nümayəndələrinin fikirlərinə böyük təsir edir.

Əlavə olaraq qeyd edim ki, Baydenlə Ərdoğan arasında görüşün baş tutması üçün hazırda Ərdoğan hökuməti var gücüylə Vaşıqtonda işlər aparır. Ərdoğanın iqlim dəyişikliyi konfransına dəvət olunması buna bir işarədir.

– ABŞ bundan öncə Yunanıstandan istifadə edərək Türkiyəyə təzyiq etməyə çalışırdı. Hətta Türkiyəni F-35 proqramından tamamilə çıxarma qərarı da buna əlavə edilə bilər. Sizcə “erməni soyqırımı” məsələsi ABŞ-ın yeni bir təzyiq planı ola bilərmi? Yəni nə zamansa Türkiyə onu istədiyi məsələdə razı salarsa ABŞ bu qərarından geri çəkilərmi?

– Məlumdur ki, ABŞ-ın qarnının ağrısı S-400-lə əlaqəlidir. Yəni ABŞ Türkiyəyə erməni məsələsini bəhanə edərək, S-400-in heyfini çıxmağa çalışır və ona təzyiq göstərir. Bunun xaricində ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir qərəzinin olub-olmamasından söz gedə bilməz. Çünki ABŞ yaxşı bilir ki, Türkiyə olmadan Qafqaza nüfuz etmək onun üçün əlçatmazdır. O üzdən də ABŞ-la Türkiyənin münasibətlərində bir çox pərdəarxası məsələlər dayanır. Türkiyə S-400-ləri alsa da hələ onları aktiv etməyib və şübhəsiz ki, Türkiyə ABŞ-ın istəyinə uyğun hər hansı bir addımı atarsa ABŞ hər an qərarını dəyişə bilər.

Digər bir nüansı qeyd etmək istərdim ki, ABŞ-ın Ankaradakı səfiri Türkiyə müxalifət liderləri ilə qapalı görüşlər keçirir. Burada təbii ki, məqsəd Türkiyəni istədiyi müəyyən vasitələrlə yola gətirmək və yaxud da zərərsizləşdirməkdir.

– Ermənilər 100 ilin məchul hadisəsini dünyanın gözünə soxmağa çalışır. Lakin beynəlxalq aləm son 30 ildə Dağlı Qarabağda baş verən erməni vəhşiliyini görməzdən gəlir. Sizcə ABŞ-ın verdiyi bu qərar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdırmı?

– Bu günə qədər ABŞ-ın atdığı addımlar beynəlxalq təşkilatlarda müzakirə də olunub, sənədlər qəbul olunub, ancaq heç bir siyasi təsiri olmayıb. Düşünmürəm ki, erməni məsələsində beynəlxalq təşkilatların ABŞ-ı qınayıb qınamaması böyük əhəmiyyət kəsb edə. Bayaq qeyd etdiyim kimi, bütün bunlar bir siyasi məqsəd daşıyır və istənilən beynəlxalq qurum və ya təşkilat bu iddiaların boş bir şey olduğunu yaxşı bilir.

Elnur Ənvəroğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button