Top.Mail.Ru
ARAŞDIRMAbanner

Rusiya qırğızlarla tacikləri niyə DÖYÜŞDÜRÜR? – İkinci “sülhməramlı” MƏSƏLƏSİ / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Qırğızıstan və Tacikistan arasında son bir neçə gündə yaşananları şərh etmək zənnimcə düşünüldüyü qədər çətin deyil. Düzdür, biz Avrasiyanın Pamir və Tyan-Şan dağ silsilələri arasında yerləşən iki ölkənin su üstündə bir-birini qırdığını düşünsək də, əslində vəziyyətin daha gərgin olduğunu unutmamalıyıq.

Sovet İttifaqı süqut etdikdən sonra, ruslar öz gələcək strategiyalarına uyğun olaraq, keçmiş müttəfiq respublikalar arasında sərhədlərin delimitasiyasını həll etmədilər. Şübhəsiz, bu, Rusiyanın imperial maraqlarından irəli gəlirdi. Belə desək, Rusiya kimi imperialist bir dövlət latınca “divide et impera” (parçala və idarə et) prinsipindən yanaşaraq, gələcəkdə öz imperial mahiyyətini bu şəkildə davam etdirə bilərdi.

Rusiya post-sovet məkanına öz hinterlandı kimi yanaşır və lazım gəldikdə uyğun gördüyü tərzdə onların arasına “qan” salır, sonra da “böyük qardaş” kimi tərəfləri ayırır.

Qırğızıstan və Tacikistan kiçik və aqrar ölkələrdir. Qırğızlar nə qədər türkdilli etnos olsalar da, daha çox öz hamiləri kimi Rusiyanı görürlər. Təsəvvür edin, dövlət dili qırğızca olsa da, rəsmi dil ruscadır.

Qırğızların Rusiyada böyük icmaaları var və ölkə iqtisadiyyatı daha çox “böyük qardaş”-dan asılıdır. Düzdür, son zamanlar Çin investorları Qırğızıstanda görünsələr də, bu, rəsmi Moskvanın cızdığı konfiqurasiyadan kənara çıxa bilmir. Taciklər 1926-cı ildən Sovet İttifaqının tərkibində müttəfiq respublika kimi yaşasalar da, qırğızlar isə 1936-cı ildən ittifaqın bir subyekti olublar. Daha əvvəllər, hər iki xalq çar imperiyasının subyektləri olub.

Məsələ ondadır ki, orta Asiyadakı keçmiş sovet subyektlərində müstəqillik hərəkatı o qədər də güclü olmayıb. Hətta sovet imperiyası dağılanda Tacikistan və Qırğızıstan SSR tərkibində öz müstəqilliklərini bəyan etmişdilər. Bəli, sizə gülməli gəlsə də, vəziyyət bu qədər acınacaqlı idi.

Sadır Japarov

Hətta mən bəzən düşünürəm ki, keçmiş pribaltika və zaqafqaziyada milli identifikasiya, özünüdərketmə daha inkişaf etmişdi. Yəni, biz orta Asiyaya görə, müstəqillik üçün daha çox bədəllər ödəmişdik. Əlbəttə, bunun tarixi, sosioloji, hətta psixoloji səbəbləri də yox deyil.

İndi bəzi insanlar düşünə bilər ki, Qırğızıstanda inqilablar, hakimiyyət dəyişiklikləri olub. Ancaq unutmayaq ki, bütün bunlar heç də klassik inqilablar kimi deyil, daha çox kortəbii formada baş verirdi. Düzdür, mən qırğızların mübarizəsini kiçiltmək istəmirəm və hətta onları başqalarına nisbətən daha qoçaq sayıram. Qırğızıstanda Əskər Ağayevdən başlamış indiki prezident Sadır Japarova qədər müxtəlif hakimiyyət dəyişiklikləri olub. Ancaq Tacikistanda bu, belə deyil.

Taciklər qırğızlar kimi islamın sünnü məzhəbinə aid olsalar da, etnik olaraq farsdillidirlər.

Bu ölkəni 27 ildir İmomali Rahmon adlı diktator idarə edir. İndi də oğlunu öz yerinə hazırlayır.

İmomali Rahmon
İmomali Rahmon

90-cı illərin sonunda Mahmud Xudoyberdiyev adlı keçmiş hərbçi İmomali Rahmona qarşı qiyamlar etsə də, hər dəfə uğursuzluğa düçar oldu. Həm Qırğızıstan, həm də Tacikistan Rusiyanın qurduğu KTMT-yə üzvdürlər. Hər iki respublika Avrasiya İttifaqının üzvüdürlər və ərazilərində rus qoşunları var. Lakin, ruslar istəyəndə bu iki xalqı üz-üzə qoymağı da bacarır. Artıq son qarşıdurmada ölənlərin sayı 40, yaralıların sayı 200-ü keçib.

Ehtimal olunur ki, münaqişə bir müddət də davam edəcək. O vaxta qədər ki, Rusiya hər iki ölkə sərhəddinə öz “sülhməramlılarını” yerləşdirənədək. Hələ ki, tərəflər arasında su davası gedir.

Qan davasını bitirmək üçün yəqin İmomali Rahmon və Sadır Japarov Putinlə müqavilə imzalayıb rus “sülhməramlılarını” iki ölkə sərhədinə yerləşdirəcəklər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button