Top.Mail.Ru
ARAŞDIRMAbanner

Yeni dünya düzəni və yeni supergüclər qarşısında AZƏRBAYCANIN TALEYİ – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Yeni dünya sistemində güc balansının necə olacağı və sistemin mərkəzində hansı dövlətin olacağı hələ məlum deyil. Məlum olan odur ki, Tramp zamanında nisbətən özünü arxa plana çəkən ABŞ Baydenlə birlikdə yenidən dünya səhnəsinə qayıtmaqda israrlıdır. Əlbəttə, ABŞ-ın əsas rəqibi Çindir. Çünki, bu ölkə artıq özünü yeni qlobal sistemin mərkəzində görür. Hətta demək olar ki, Çin bütün aspektlərdə ABŞ-la mübarizə aparır.

Məsələn, Çin Asiyadakı ənənəvi müttəfiqi Pakistanı daha da özünə yaxınlaşdırır, İranla 25 illik hərbi-iqtisadi müqavilə imzalayır. Bu, o deməkdir ki, hər iki regional güc bundan sonra yeni qlobal oyunçu Çinin şəmsiyəsi altında qərar tutacaqlar.

Çini başa düşdük… Görəsən, yeni dünya sistemində Rusiyanın statusu necə olacaq?

Putinin Rusiyası hər Şvəchlə özünü ABŞ və Çinin aralarında paylaşmaq istədiyi dünyada özünə yer axtarır. Daha doğrusu, ABŞ-a göstərməyə çalışır ki, mənim nüvə başlıqlarımın sayı həm səndən, həm də Çindən çoxdur. Və Rusiya bacardıqca Suriyada, Qarabağda, Liviyada, Ukraynada özünün hərbi-siyasi həmlələrini  davam etdirir.

Məsələ çox sadədir, hər üç böyük dövlət bundan sonra dünya siyasi tarixinə öz damğasını vuracaq – müsbət və ya mənfi, fərq etmir.

Diqqətlə fikir verin, Çin öz hərbi xərclərini sürətlə artırır. Ruslar isə soyuq savaş illərindəki güclü dövlət statusunun nostalgiyası ilə yaşayır. Yəni, Rusiya deyir ki, mənim iqtisadi gücüm, yüksək texnologiyalar sahəsində üstünlüyüm olmasa da, atom silahım var və mənə yeni dünya sistemində yer verin.

1945-1991-ci illər arasında ABŞ və Sovet İttifaqı arasında bir balans siyasəti mövcud idi. Hər iki dövlətin nüvə silahları əslində balanslaşdırıcı faktor rolunu oynayırdı. Əgər hər hansı biri nüvə silahından istifadə etsəydi, qarşısındakı da adekvat cavab verəcəkdi. Əgər hər iki dövlət eyni anda nüvə silahına baş vurmuş olsaydı, bu, bəşəriyyətin məhvi olacaqdı.

Vurğulamaq istədiyim odur ki, 90-cı illərdən sonra ABŞ-ın dominantlıq etdiyi təkqütblü dünya da bundan sonra üç qütb olacaq.

Ümid edirəm ki, ABŞ və SSR-nin balans siyasəti bu dəfə Çin tərəfindən də gözardı edilməyəcək. Əks təqdirdə, üçüncü dünya müharibəsinin baş verməsi qaçılmazdır.

Soyuq müharibə zamanında MAD deyilən balans konsepsiyası vardı. Bu söz ingiliscə “dəli” deməkdir. Lakin, siyasi termin olaraq “Mutually Assuref Destruction” demək idi. Bu ifadə ABŞ və Sovet İttifaqı arasında tərəflərin qarşılıqlı qorxusunu bildirən balans vəziyyəti idi. Hazırda ABŞ və Çin arasında soyuq müharibədə olduğu kimi gərgin münasibətlər mövcuddur. İndi təsəvvür edin ki, yeni soyuq müharibə dövrünə qədəm qoyuruq, artıq 3 qlobal güc var və günün birində bunlar arasında balans pozulur. Yəqin başa düşdünüz ki, nüvə silahına sahib bülbül ölkələr bəşəriyyət üçün nə edə bilərlər…

Bu yaxınlarda Ceyms Stavridis və Elliot Akkermanın birlikdə yazdığı “2034” romanı nəşr olunub. Müəlliflər yazır ki, 3- cü dünya müharibəsi ABŞ və Çin arasında Tayvan üstündə olacaq. Daha sonra Çin Rusiya və İranı da öz tərəfinə çəkəcək. Sonda tərəflər nüvə silahından istifadə edəcək və bu ölkələrdə bəzi şəhərlər dağıdılacaq. Düzdür, biz düşünə bilərik ki, bu, sadəcə siyasi romandır və baş verməyə də bilər. Yox əgər belə müharibə baş verərsə, Hindistanın növbəti super güc olmağı mümkündür. Elə bu üzdən, ABŞ maksimum Hindistanı öz tərəfinə çəkmək üçün əlindən gələni edir.

Xatırladım ki, Çin və İran arasında imzalanan 25 illik strateji müqavilə bu ölkəni uzunmüddətli ABŞ sanksiyalarından qoruyacaq. İran bu müqaviləni elə-belə imzalamadı.

Hətta daxildə müqaviləni 1979-cu ildən İranın müstəqil xarici siyasəti ilə örtüşmədiyini dedilər. Ancaq ali dini rəhbər Xamneyi son nöqtəni qoydu. Məncə, İran bu müqaviləni imzalamaqla, gələcəkdə yarana biləcək xarici və daxili təhlükədən də özünü sığortalamış kimi hiss edir.

***

Əgər gələcəkdə üçqütblü güclər arasında müharibə baş verərsə, Azərbaycan tam ortada qalacaq. Azərbaycan kiçik ölkədir.

Belə olan halda, Azərbaycan üç qlobal dövlət arasında seçim etməli olacaq. Mən belə görürəm ki, Azərbaycan hakimiyyəti qərbi seçməyəcək. Çin bizim üçün yeni dünya gücüdür. Rusiya isə həm azərbaycanlılar, həm də Əliyev hakimiyyəti üçün tanışdır. Bizim üçün ən məqbul olanı Türkiyə ilə birlikdə hərəkət etməkdir.

Doğrudur, biz hələ Türkiyənin nə addım atacağını bilmirik. Ancaq, hər iki dövlət öz aralarında bu istiqamətdə məsləhətləşmələr aparmalıdır. Hətta dünya müharibəsi olmasa belə, növbəti soyuq müharibənin olması ehtimalı var.

Şübhəsiz, növbəti soyuq müharibədə Azərbaycan da öz xarici siyasət doktrinasını öz geopolitik maraqlarına uyğun qurmağı bacarmalıdır. Yoxsa, gec olacaq…

KAİM.az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button