Top.Mail.Ru
ARAŞDIRMAbanner

Rusların “humanitar yardım”ı altında YATAN GİZLİNLƏR – “Laçın koridorunu NƏZARƏTƏ GÖTÜRMƏLİYİK”

Bir neçə gün bundan əvvəl Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana daşınan hərbi məhsullar, o cümlədən zirehli gödəkçələr müsadirə olunub. 44 günlük müharibədə də Gürcüstan rusların öz ərazisindən Ermənistana hərbi texnika göndərməsinə icazə verməmişdi.

KAİM.az-a bu barədə açıqlama verən siyasi ekspert, beynəlxalq münasibətlər üzrə mütəxəssis Kamal Əliyev bildirdi ki, Rusiyanın bu addımı 10 noyabr sazişinin ruhuna, bölgədə kövrək sülhə böyük təhdiddir:

“Yadınızdadırsa, keçən ilin iyul ayında da Rusiya Gürcüstan vasitəsilə Ermənistana xeyli sayda silah-sursat göndərmişdi. Nəticədə, ermənilər Tovuz istiqamətində atəşkəs rejimini pozub yüksək çinli zabitlərimizi şəhid etdilər. Rusiya hakimiyyəti erməni vassallarının əliylə Azərbaycan və Ermənistan arasındakı münaqişədə ikinci cəbhəni açmaq istəyirdilər.

44 günlük müharibədə isə Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə vermədi. Əvəzində ruslar bunu Qazaxıstan, Türkmənistan və İran vasitəsilə həyata keçirdilər. Təsəvvür edin, Azərbaycanla birlikdə Türk Şurasında təmsil olunan iki ölkə bunun qarşısını ala bilmədi. Daha sonra da Azərbaycanı qələbə münasibətilə hələ bir təbrik də etdilər.

İranı da gördük. Bu müsəlman şiə dövləti də Əhəmənilər imperiyası zamanından ermənilərin ən ağır zamanlarda sadiq dostudur”.

Kamal Əliyev onu da bildirdi ki, Laçın koridoru üzərindən Rusiyanın Qarabağa daşıdığı “humanitar yüklər”  beynəlxalq hüquqa da ağır zərbədir:

“Rusiya 10 noyabr sazişinə qarşı həmlələrini davam etdirir. Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın inzibati subyektdir. Əgər rus sülhməramlıları əraziyə humanitar yük çatdırmaq istəyirsə, bölgəyə daha yaxın və ən uyğun destinasiya Gəncə aeroportudur. Biz hardan bilək ki, Rusiya Laçın koridoru vasitəsilə ermənilərə silah daşımır. Rusiya Qarabağdakı silahlı erməniləri tərksilah etmir, əksinə öz bildiyi şəkildə onları sanki silahlandırıb üçüncü Qarabağ müharibəsinə hazırlayır.

Təklif edirəm ki, 2023-ü gözləmədən Azərbaycan tərəfi Laçın koridoru üzərində nəzarəti ələ alsın. Bilirsiniz ki, ruslar 2023-dən sonra Ermənistandan Qarabağ ərazisinə keçid üçün indiki koridordan istifadə etməyəcəklər, başqa yol tikəcəklər.

Hesab edirəm ki, hətta başqa koridor da inşa edilsə, yenə də Azərbaycan sərhəd-buraxılış məntəqəsinə nəzarət etməlidir. Yoxsa rusların ermənilərə yaratdığı “süni nəfəslik” gec-tez başımıza bəla olacaq. Çünki, bu nəfəslik təkcə qida məhsullarından ibarət deyil, silah-sursatın daşınması da ən tutarlı ehtimaldır” – deyə ekspert bildirdi.

Kənan Bahadur / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button